Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-174/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı xəsarətlərlə bağlı ona müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 21 saylı qərarından görünür ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi davam edən birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin patlaması nəticəsində "sağ qamış sümüyünün aşağı 1/3-nin qəlpəli odlu silah sınığı və baldırın dəlib keçən yarası" və "sağ qamış sümüyünün aşağı 1/3-nin diafizinin kənarı sınığı" diaqnozu ilə xəsarət almışdır, aldığı xəsarətlər “Hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Ona görə də Müdafiə Nazirliyinin Hərbi-həkim Komissiyası iddiaçıya məxsus sənədləri ona əlillik dərəcəsi verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına göndərmiş, ancaq hər dəfə əsassız olaraq imtina edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yoxlamadan keçmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarında Diaqnoz əlillik əlaməti təyin edilmir səbəbi ilə ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-1667/2023 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə yenilənmiş ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAKAR nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 214 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ qamış sümüyünün aşağı 1/3-nin qəlpəli odlu silah sınığı və baldırın dəlib keçən yarası. Sağ qamış sümüyünün aşağı 1/3-nin diafizinin kənarı sınığı" diaqnozlu travmanın səbəbli əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafında hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ baldırın yuxarı 1/3-də və aşağı 1/3-də çapıqlar izlənmiş, sağ baldırın aşağı 1/3-də osteomielitə məxsus fəaliyyət göstərməyən fistul izlənmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli Rentgen şəklində əlillik təyinatına əsas verən sümük defekti izlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələri ilə bağlı alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı barəsində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2021, xx.xx.2022-ci il tarixli göndərişlərdən “göndərişin natamam doldurulması” “əlavə müalicəyə ehtiyacın olması”, “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-1667/2023 nömrəli qərarından görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ baldırın yuxarı 1/3-də və aşağı 1/3-də çapıqlar izlənmiş, sağ baldırın aşağı 1/3-də osteomielitə məxsus fəaliyyət göstərməyən fistul izlənmiş, təqdim edilmiş Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmiş, eyni zamanda təqdim edilmiş xx.xx.2022-ci il tarixli Rentgen şəklində əlillik təyinatına əsas verən sümük defekti izlənməmişdir, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T716/2023 nömrəli ekspert rəyində bildirilir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı adına Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, rentgen şəkildə olan sümük defekti əlillik təyinatına əsas verməmiş, qoyulmuş diaqnozlar onun orqanizmində həmin vaxt olan patoloji duruma uyğun olmuşdur. Diaqnoz əyani müayinədə əlillik təyinatı səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2021, xx.xx.2022-ci il tarixli göndərişlərdən “göndərişin natamam doldurulması” “əlavə müalicəyə ehtiyacın olması”, “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Yenidən iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş, Agentliyin Tibbisosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1667/2023 nömrəli qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə sözügedən qərarın ona aid hissədə qismən ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıya qoyulmuş diaqnozun onun orqanizmində baş verən pataloji duruma uyğun düzgün müəyyən edilib-edilməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoz əyani müayinədə əlillik təyinatı səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmamışdır. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın qismən ləğvi, eləcə də əliliyin təyin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-174/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-174/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver