Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1740/2020 10.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialına qarşı pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasınıxahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında 1994-2000-ci illərdə əmək haqqı aldığını, hazırki məhkəmə iclasında isə əmək haqqı alıb-almadığını xatırlamadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, müəssisənin əmək haqqı cədvəllərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 1994-2000-ci illərdə əmək haqqı almamış və bu barədə akt tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək 2 ay 19 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 25 il 3 ay 27 gün sığorta stajı və xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 2 il 3 gün hərbi xidmət müddəti olmaqla ümumilikdə 27 il 6 ay 19 gün sığorta stajı qeydə alınmışdır. Lakin əmək kitabçasında qeyd olunan müddətlərdən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi müddət cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı qeyd olunur ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad “Çini qablar” zavodunda işləməsi ona məxsus əmək kitabçasında qeyd olunsa da, onun həmin müəssisədə işlədiyi müddətin qarşılıqlı yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1994-cü il tarixdən sonra adına əmək haqqı ödənilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı 1994-cü ildən sonra həmin müəssisədən əmək haqqı almadığını dolayı yolla olsa da etiraf etmişdir. Bu səbəbdən iddiaçıya məxsus əmək kitabçası xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək hissədə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Göründüyü kimi iddiaçı ümumilikdə 20 il 8 ay 22 gün sosial sığorta stajına malikdir, eləcə də onun xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı yoxdur. Hazırki halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun malik olduğu sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir.Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1740/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1740/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver