Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1740/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onu Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyıb, cavabdeh orqanın onun vətəndaşlığının tanınmaması haqqında 03 may 2019-cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1740/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşı olsa da, Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş idarəsi onu ölkənin vətəndaşı kimi tanımaqdan imtina etmişdir. Qısa tərcümeyi-halı budur ki, hər iki valideyni azərbaycanlıdır, xx.xx.1961-ci il tarixdə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində doğulmuş, bu şəhərin 29 nömrəli orta məktəbini bitirmiş, xx.xx.1981-ci ildə bu şəhərin sakini X1 ilə ailə qurmuşdur. Ondan xx.xx.1982-ci il təvəllüdlü Elman adlı oğlu, xx.xx.1984-cü il təvəllüdlü Rəna adlı qızı var, onların hər Azərbaycan Respublikasında doğulmuşdur, ataları Mehman və özləri Azərbaycan vətəndaşlarıdırlar. Onun atası müddətdən artıq hərbi qulluqçu olmuş, Gəncə və Bakı şəhərlərində hərbi xidmət keçmişdir. O, 1983-cü ildə Türkmənistan xalq təsərrüfatı institutunu bitirib, iqtisadçı ixtisası almışdır. 1985-ci ildə atasını Polşaya xidmətə göndərmişlər. Beləliklə, onlar ailəliklə Polşaya köçmüş, 1989-cu ildə isə geri, Aşqabada qayıtmışlar. xx.xx.1993cü ildə o, Aşqabad şəhərində N nömrəli hərbi hissəyə hərbi xidmətə qəbul edilmiş, anbar rəisi vəzifəsində işləmişdir. Əvvəl sıravi, sonra praporşik rütbələri almışdlr. Tezliklə həmin hərbi hissə dağılmış, o, Azərbaycana qayıtmışdır. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi onu Azərbaycan Respublikasının vətəndaşı kimi tanımaqdan imtinasını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə minənədək (xx.xx.1998-ci ilədək) yaşamamışdır. SSRİ dağılanda o, Türkmənistanda yaşasa da, həmin ölkədə Rusiyanın vətəndaşlığını almamış, Azərbaycana, vətənimə qayıdan kimi Azərbaycanda yaşamış və hazırda da yaşayır. Onun həm əri, həm də övladlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Əri və uşaqlarından fərqli olaraq o, səhlənkarlıq üzündən vaxtında şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyəti orqana çüraciət etməmişdir. Hazırda 63 yaşı var. Doğma ölkəsinin vətəndaşlığını almadan ölmək istəmir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 15 may 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, iddiaçı hazırda məhkəmədə mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarı xx.xx.2019-cu il tarixində şəxsən imzalayaraq rəsmi qaydada əldə etmişdir. Bundan başqa iddiaçı özü də buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində sözügedən qərarı 2019-cu ilin may ayında rəsmi qaydada aldığını etiraf etmişdir. Bununla yanaşı, iddiaçı ərizəsində prosessual müddəti buraxmasının əsas səbəbi kimi, qərarı aldığı dövrdə Azərbaycan Respublikasında "COVİD-19" pandemiyasının mövcudluğu və bununla əlaqədar ölkə ərazisində yaranan məhdudiyyətlər ilə əlaqələndirmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında xx.xx.2020-ci il tarixində koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılmışdır. Ölkə ərazisində göstərilənlərlə əlaqədar məhdudiyyətlər yalnız həmin tarixdən yaranmışdır. Göründüyü kimi, iddiaçının qərarı rəsmi qaydada aldığı tarixdən (xx.xx.2019-cu il), Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə əlaqədar yaranan məhdudiyyətlərin başlanması tarixi (xx.xx.2020-ci il) arasında 9 ay fərq var. Bundan başqa, Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlətin yaranması heç kəsin məhkəməyə müraciət etmək hüququnu istisna etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İPM-nin 38.1-ci maddəsi də yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, qərar barədə məlumatlı olduğu xx.xx.2019-cu il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1740/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1740/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver