Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1741/2020 30.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Şəmkir rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin olunması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Şəmkir rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək 100 nömrəli Texniki Peşə məktəbində və xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək 5 nömrəli Texniki Peşə məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası hüququ verən 63 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixli K-1-355 nömrəli Arxiv Arayışında göstərilən və hərbi xidmət illəri daxil edilməklə cəmi 19 il sığorta stajının olduğunu, lakin 12 il sığorta stajının olmasına baxmayaraq əmək kitabçasında qeyd olunmadığı üçün və xx.xx.2019-cu il tarixdən «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda edilmiş əlavə dəyişiliklərə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin olunmaından imtina edilmişdir. İddiaçının nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçası ilə müəyyən edilir. Şəmkir rayonunda yaşayan İddiaçı opğlu əmək kitabçası təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi imkan xaricindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus olan xx.xx.1972-ci il tarixli НЗ ******* hərbi bilet, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2019-cu il tarixli 1-355 nömrəli, xx.xx.2020-ci il tarixli K-1-355 nömrəli və xx.xx.2020ci il tarixli k-3-109 nömrəli Arxiv Arayışları, cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli bildirişi və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyasının bu norması, hazırkı işin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli НЗ ******* hərbi biletin kserosurətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək SSSR-nin ordu sıralarında 2 il 01 ay 01 gün hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1-355 nömrəli Arxiv Arayışından görünür ki, Şəmkir filialında mühafizə olunan 100 nömrəli X5 aid əmr kitablarında xx.xx.1978-ci il tarixli 51 nömrəli əmri ilə məktəbə istehsalat təlim ustası qəbul edilmiş və xx.xx.1992-ci il tarixli 32 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı xx.xx.1992-ci il tarixli 01 nömrəli əmrlə 5 nömrəli X2 qaynaqçısı qrupuna istehsalat təlimi ustası təyin edilmiş, Texniki Peşə məktəbinin xx.xx.1995-ci il tarixli 08 nömrəli əmri ilə İ kateqoriya keçməsi qeyd edilmişdir. Məktəbin 1995-1998-ci illərə dair əmr kitablarında işdən azad olunması barədə əmr və ya haqqında digər əmr aşkar edilməmiş, həmşinin 1996-1998-ci illərə dair əmək haqqı kitablarında adı aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli K-1-355 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 5 nömrəli Texniki Peşə məktəbində işləyərək 1991-1995-ci illər üzrə əmək haqqı qazanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli k-3-109 nömrəli Arxiv Arayışından görünür ki, Şəmkir filialında mühafizə olunan Şamxor rayon 100 nömrəli Texniki Peşə məktəbinin arxiv sənələrinə əsasən İddiaçı 1978-1980-ci illərdə həmin məktəbdə işləyərək qazandığı əmək haqqı göstərilmişdir. Həmçinin 100 nömrəli Texniki Peşə məktəbinin 1981-1991-ci illərə dair əmək haqqı sənədlərinin filiala təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Şəmkir rayon filialı tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli K-1-355 saylı Arxiv Arayışında və hərbi xidmət illəridə daxil edilməklə cəmi 19 il sığorta stajı var. İddiaçının 63 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan, həmin dövr üçün qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 12 il sığorta stajı tələb olunur. İddiaçının 12 sığorta stajı olmasına baxmayaraq işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün və xx.xx.2019-cu il tarixdən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilərək təqdim etdiyi sənədləri özünə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi tələbi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (13 il 8 ay 10 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 2 ay 19 gün) işləməklə, həmin illər üzrə ümumilikdə 16 il 10 ay 29 gün sosial sığorta stajı qazanmışdır. Bundan başqa iddiaçının 02 il 1 ay 1 gün hərbi xidmətdə olması həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial sığorta stajı qazanması cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, iddiaçının xx.xx.1978-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.1995-ci il tarixədək işlədiyi 16 il 10 ay 29 gün müddət daxil olmaqla, ümumilikdə 19 il sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – 63 il yaş həddi və 12 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Şəmkir rayon filialının üzərinə İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək 100 nömrəli Texniki Peşə məktəbində, xx.xx.1992ci ildən xx.xx.1995-ci ilədək 5 nömrəli Texniki Peşə məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1741/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1741/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver