Məhkəmə qərarları › İş №2-1(114)-1741/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1741/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1741/2022 07.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Ələmdar oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ələmdar oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 və X3 verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin direktoru X5 (satıcı) arasında bağlanmış xx.xx.2001-ci il tarixli 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən ticarət müəssisəsi iddiaçıya satılmış, müəssisə ilə bağlı xx.xx.2001-ci il tarixli, 000435 nömrəli Şəhadətnamə verilmiş və Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən obyektə dair xx.xx.2001-ci il tarixli, 002368 nömrəli Texniki Pasport təqdim edilmişdir. X6 və X4 xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış əldə etmişlər. Bundan sonra, iddiaçı sözügedən çıxarışın ləğv edilərək düzəlişlərin aparılması barədə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Hazırda Tovuz Rayon Məhkəməsində X6 və X4 ona qarşı “torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbi ilə iddia qaldırmışlar. İddiaçı 21 ilə yaxındır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyacların ödəyir. Buna görə də, iddiaçı hesab edir ki, maraqları və hüquqları pozulmaqla verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən sərəncam vərəsəlik qaydasında verilmişdir, ona görə də hazırki iddia inzibati məhkəmə icraatının predmeti ola bilməz. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, əsas kimi hazırki işlə bağlılığı olan digər işə apelyasiya qaydasında baxılacağını bildirmişdir. Ərizəyə əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin bildirişindən görünür ki, işə baxılması xx.xx.2022-ci il tarixə (hazırki işin baxışından 2 gün əvvəl) təyin edilmişdir. Odur ki, məhkəmə iclasının təxirə salınması məqsədəuyğun hesab ediməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan:- -********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X6 və X1 adına qeydiyyata alınmışdır. -xx.xx.2013-cü il tarixli “Miras payın bağışlanmasına dair” müqavilədən görünür ki, X7, Tovuz rayon Notariat kontoru tərəfindən verilmiş 2V1-11 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum əri X2 miras qalmış payı, yəni bütün miras əmlakın ona bölünmüş hissəsini oğlanları X6 və X3 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi çıxarışla üçüncü şəxslərin hüquqları qeydiyyata alınmış qeyri-yaşayış binası üçüncü şəxslərin (X6 və X1) mülkiyyətinə vərəsəlik və bağışlanma qaydasında keçdiyindən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Ələmdar oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar