Məhkəmə qərarları › İş №2-1(114)-1743/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1743/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1743/2022 12.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi 01 dekabr 2014-cü il tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət və xx.xx.2019-cu il tarixdən isə Prezident təqaüdünün ödənilməsi həyata keçirilir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya xx.xx.2019-cu il tarixdən Prezident təqaüdünün ödənilməsinin həyata keçirildiyini bildirərək, 26 aprel 2022-ci il tarixli, **********5 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli qərarına əsasən ona xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır. Qarabağda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmiş və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 384 LC 20 fevral 1992-ci il tarixli əmrinə əsasən ermənilərə qarşı mübarizədə göstərdiyi şəxsi igidliklərə, mərdliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti X2 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilmişdir. O, 28 mart 2019cu il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-yi yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (hazırda DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı adlanır) ərizə ilə müraciət edərək, veteranlar üçün müavinət pullarının alınması hüququnun yarandığı andan müavinət pullarının hesablanaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən daxil olmuş 29 mart 2019-cu il tarixli, **********9 saylı cavab məktubla müraciəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə prosesləri nəticəsində iddiası qismən təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(104)-357/2021 saylı qərarı qüvvədə saxlayaraq, ona xx.xx.2011ci il tarixdən 08 fevral 2014-cü il tarixədək olan dövrdə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının üzərinə qoyulması qət edilmişdir. Sadə riyazi hesblama ilə 26 ay ona müavinət verilməli idi. Lakin ona 2021-ci ilin oktyabr, noyabr ayları üçün cəmisi 160 manat (hər aya əlavə 80 manat), dekabr ayında cəmisi 735 manat, onun 80 manatını çıxsaq, 655 manat, cəmisi 815 manat pul ödənilibdir. Odur ki, o, cavabdehə rəsmi müraciətlər edərək, ona məhkəmə qərarında göstərilən 26 ay müddətində ödəniləcək məbləğin hər ayda 80 manat olmaqla, hesablanması və həmin məbləğlə ödənilməmiş məbləğin fərqinin ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin məktubu DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərmiş, oradan daxil olmuş 26 aprel 2022-ci il tarixli **********5 saylı məktubda qeyd edilmişdir ki, DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sərəncama əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ona hər ay 33 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hər ay 37 manat təyin edilmiş, cəmi hesablanmış 888,58 manat cədvələ uyğun olaraq 2021-ci ilin sentyabr-dekabr aylarında tam ödənilmişdir. Yəni, ona faktiki olaraq hesab etdiyi qalıq məbləğinin ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Lakin hesab edir ki, cavabdehin hərəkətləri aşağıdakı səbəblərdən tam qanunsuzdur. Belə ki, əvvəla, ona 2021-ci ilin sentyabr ayında hesablanmış 80 manat ödənilməmişdir. İkincisi, ona müharibə veteranı adı məhkəmə qaydasında verilmiş və o, subyektiv və obyektiv səbəblərdən ona ödəniləsi məbləği vaxtında ala bilməmişdir. 2011-2014-cü illər ərzində infilyasiya ilə əlaqədar hesablanmış 33 manat, 37 manat məbləğin hazırda alıcılıq qabiliyyətini nəzərə alsaq, hazırda ödənilən məbləğdən 80 manatdan daha dəyərlidir. Yəni, başqa sözlə, o zamanlar qaza, elektrikə görə ona 37 manat bəs edirdisə, indi qazın, elektrikin qiyməti dəfələrlə artmış, dəfələrlə ödənilən məbləğdən də artıq qaza, elektrikə görə pul ödəyir. Üçüncüsü, konstitutsion prinsip var, vətəndaşın vəziyyətini yüngülləşdirən qanunun geriyə qüvvəsi var. Odur ki, hesab edir ki, ona ödəniləsi məbləğ hər ay üçün 80 manatla götürülməli, həmin məbləğə uyğun hesablama aparılmalı, həmin nəticə ilə ödənilmiş məbləğin fərqinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İ.Q.X4 və mühasibatlıq üzrə mərkəzi filialına müraciət edərək, ona müharibə veteranı üçün nəzərdə tutulmuş xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilmiş müavinətin ayda 80 manat məbləğində ödənilməsini tələb etmişdir. Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 888,58 manat məbləğində iddiaçıya tam ödənildiyi qeyd olunmuşdur. İnzibati icraat materiallarına aid olan sənədlərdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2014-cü ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Əlavə olaraq, İddiaçı xx.xx.2014-cü il tarixdən Prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial müavinətlər haqqında qanunun yuxarıda qeyd olunan maddəsinə əsasən İddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə müharbə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli müraciət ərizəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində prezident təqaüdü təyin edilmiş və hazırda ödənilməkdədir. 2-1(104)-357/2021 nömrəli məhkəmə qərarı ilə İddiaçı veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Fondun 18 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. Bu qərarın icrası məqsədilə Fondun 18 saylı regional filialının xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət (xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi ayda 33 manat, xx.xx.2013-cü il tarixdən, xx.xx.2014-cü il tarixədək ayda 37 manat) 2021-ci ilin sentyabr ayı üzrə iddiaçının prezident təqaüdünə əlavə 80 manat, 2021-ci ilin oktyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin noyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin dekabr ayı üzrə əlavə 648,58 manat (cəmi 888,58 manat) tam ödənilmişdir. İddiaçı iddia ərizəsində ona ödənilmiş məbləğin ayda 80 manat olaraq ödənilməsini iddia edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Mübahisəli hüquq münasibətlərinin tətbiqi zamanı yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin vaxtı qüvvədə olan maddi hüquq norması tətbiq edilməlidir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 567 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2011-ci il tarixdən sosial müavinətin məbləği 33 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-ci tarixli 973 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2013-cü tarixdən sosial müavinətin məbləği 37 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2004-cü il tarixli vəsiqənin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-1677/2019 nömrəli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1299/2021 nömrəli qərarının surəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət 888,58 manat məbləğində tam ödənilmişdir. Həmçinin, İddiaçı xx.xx.2019-cu il tarixli müraciət ərizəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində prezident təqaüdü təyin edilmiş və hazırda ödənilməkdədir. Hazırkı mübahisə həmin təqaüdün xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X5 əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 1,2 və 5-ci hissələrinə əsasən:

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X5 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin tətbiqi zamanı yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin vaxtı qüvvədə olan maddi hüquq norması tətbiq edilməlidir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 567 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2011-ci il tarixdən sosial müavinətin məbləği 33 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-ci tarixli 973 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2013-cü tarixdən sosial müavinətin məbləği 37 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə qeyd edir ki, Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və yuxarıda qeyd edilən Qaydalarda da aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət tam ödənildiyindən, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar