Məhkəmə qərarları › İş №2-1(114)-1743/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1743/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1743/2023 14.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs Samux rayonu Zazalı bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Samux rayonu, Tatlı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda Samux rayonu, Zazalı kəndində qeydiyyatda olmaqla yaşayır. Samux rayonu Tatılı kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli protokolqərarına əsasən iddiaçıya fərdi mənzil tikintisi məqsədilə Bələdiyyənin kəndaltı torpaq sahəsinin 0,05 ha torpaq sahəsi satılmışdır. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə torpaq alqı-satqısına görə 100 manat məbləğində vəsait ödənilmiş, bu barədə iddiaçıya AQS seriyalı 327112 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. xx.xx.2007-ci il tarixli, 017 qeydiyyat nömrəli məktubla Tatlı bələdiyyəsinin sədri K.Əliyev Samux rayon Torpaq şöbəsinə müraciət edərək iddiaçıya satılmış 0,05 ha torpaq sahəsinin normativ qiyməti və mülkiyyət hüququna dair Torpaq sahəsinin kadastr planı üçün lazımi sənədlərin tərtibinə köməklik edilməsini xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən verilmiş 245 nömrəli arayışa əsasən iddiaçıya ayrılan torpaq sahəsi Samux Gəncə-Qazax zonasına aid, əkin kəndaltı İ keyfiyyət qrupu olmaqla cəmi 0,05 hektardır və normativ qiyməti 43,2 manat olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Samux rayon torpaq şöbəsində xx.xx.2011-ci il tarixdə 331 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt Samux rayon bələdiyyə orqanının nümayəndəsi – sədr X6, torpaq alan iddiaçı və rayon torpaq şöbəsinin müdiri X4 iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. DT və XK-nın Samux rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 251 nömrəli rəyinə əsasən Samux rayonu Tatlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən kəndaltı adlanan sahədə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixdə X8 kitabında 1202 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli, 826-İİİQ nömrəli Qanunun 35-ci bəndinin 9-cu yarımbəndinə əsasən Qiyaslı, Tatlı və Zazalı bələdiyyələrinin əhatə etdiyi Qiyaslı, Tatlı və Zazalı kəndlərində Zazalı bələdiyyəsi yaradılmışdır. Samux rayonu Zazalı bələdiyyəsinin sədri X3 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 2009-cu ildə ləğv edilmiş Tatlı bələdiyyəsinin sənədlərinin əsli bələdiyyə arxində aşkar edilməmiş, surətləri saxlanılır. Samux rayon Tatlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı və həmin qərara aid digər sənədlər mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********26 nömrəli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş Ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin, torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olduğu müəyyən ediimişdir. Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Samux rayonu Tatlı bələdiyyəsi tərəfindən 0,05 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Tatlı bələdiyyəsi tərəfindən 10 fevral 2007-ci il tarixində, 02 nömrəli qərar qəbul edilmiş, 11 noyabr 2011-ci il tarixində isə Torpaqların alqısatqısına dair" Akt tərtib edilmişdir. Məlumat üçün "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-İİİQD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1ci maddəsinə "Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər" sözləri əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu, Tatlı kəndi ərazisində yerləşən, faktiki mülkiyyətində və sahibliyində olan 0,05 ha torpaq sahəsinin iddiaçının adına çıxarış verilməsi vəzifəsinin cavabdeehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş və 1971-ci il tarixdə Xanlar rayonu (indiki Samux rayonu), Tatlı kənd sakini X7 ailə quraraq ona məxsus olan Samux rayonu, Tatlı kəndində yerləşən evdə yaşamış və hal-hazırda da Samux rayonu, Tatlı kəndində yaşayır. Onların birgə nikahından xx.xx.1974-cü ildə Anar və xx.xx.1975-ci il tarixdə Şakir adlı iki oğlan övladları doğulmuşdur. xx.xx.1974-cü ildə doğulmuş oğlu Anar xx.xx.1993-cü il tarixdə toraqların düşməndən müdafiə olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Bundan sonra iddiaçı şəhid ailəsi olduğu üçün Samux rayonu, Tatlı kəndində yerləşən və Azərbaycan SSRİ-nin vaxtında Rayonun mağazası kimi fəaliyyət göstərən tikili ərazi 0.05 ha torpaq sahəsi ilə birlikdə 1994-cü il tarixdə iddiaçının istifadəsinə verilmişdir. Həmin mağaza binasını oğlu Şakir bir müddət çayxana kimi işlətdikdən sonra bina yarasız olduğundan bağladı. Sözügedən tikili hal-hazırda da durur və bina el arasında ayıbalası deyilən daşla tikildiyi üçün qəzalı vəziyyətdədir. Lakin binanın özü və yerləşdiyi 0.05 ha toraq sahəsi hal-hazıradək iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinə dair Samux rayon Tatlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolu əsasında eyni tarixli qərar qəbul edilərək, xx.xx.2007-ci il tarixdə torpaq sahəsinin normativ qiyməti və mülkiyyət hüququna dair torpaq sahəsinin kadastr planı üçün lazımı sənədlərin tərtib edilməsi Samux rayon Torpaq şöbəsinə göndərilmişdir. xx.xx.2007-ci il tarixdə iddiaçıdan kassa mədaxil orderinin, AQS 327112 nömrəli qəbzi ilə 100 manat dövlət rüsumu alınmışdır və bundan sonra Dövlət Toraq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müdiri Fazil Tağıyev tərəfindən xx.xx.2007-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən fərdi mənzil tikintisi üçün iddiaçıya 0.05 ha torpaq sahəsinin verilməsinə dair 245 nömrəli arayış verilmişdir. Həmçinin iddiaçı ilə xx.xx.2007-ci il tarixdə Torpaqların Alqı-Satqısına dair akt tərtib edilmişdir. Bundan başqa Samux rayon Zazalı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışından göründüyü kimi Samux rayon Tatlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə iddiaçıya verilmiş 500 kv.m fərdi yaşayış evi tikmək üçün X8 kitabında 1202 nömrəsi ilə uçota alınmışdır. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il tarixdə sözügedən torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubla aparılan araşdırma zamanı, ərizəzəyə əlavə edilmiş Ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilmədiyini, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü, həmçinin, torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olduğunun müəyyən edildiyini, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Samux rayonu Tatlı bələdiyyəsi tərəfindən 0,05 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığını, belə ki, Tatlı bələdiyyəsi tərəfindən 10 fevral 2007-ci il tarixində, 02 nömrəli qərar qəbul edildiyini, 11 noyabr 2011-ci il tarixində isə torpaqların alqı-satqısına dair akt təbul edildiyini göstərərək ərizənin icrasının mümkün olmadığını göstərmişdir. İddiaçı sözügedən torpaq sahəsinin alqı-satqısına dair dövlət rüsumu ödəmiş və həmin toraq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək ona təqdim edildiyi üçün toraq sahəsi hər hansı bir qonşu sahə ilə üst-üstə düşmür. Məhkəmə iclasında iştirak etmiş iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1970/2023 nömrəli məktuba əsasən xx.xx.2013-cü il tarixli, A seriyalı 418384 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"də göstərilən 400 kv.m ha torpaq sahəsi Ərazi İdarəsinin xitməti istifadəsində olan elektron baza məlumatlarında aşkar edilməmişdir. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinantları əsasında tərəfimizdən aparılmış araşdırma zamanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ictimai tikililərin altında olan (təyinatlı), yeni uçot xərtəsində (AZCAD, TEUİS) torpaq sahəsinin 217 kv.m hissəsi bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələrinin infrastruktur altında olan (yollar) torpaqlarına, 109 kv.m bələdiyyə mülkiyyətində olan ictimai tikiliyə və 95 kv.m hissəsi isə dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına düşdüyü müəyyən edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3114/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, vətəndaş tərəfindən faktiki təqdim olunan torpaq sahəsinin 217 kv.m hissəsi yaşayış məntəqələri torpaqlarında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpağa (yola), 109 kv.m hissəsi yaşayış məntəqələri torpaqlarında bələdiyyə mülkiyyətinə aid ictimai tikinti altında olan torpağa, 95 kv.m hissəsi isə yaşayış məntəqələri torpaqlarında dövlət mülkiyyətinə aid ictimai tikili altında olan torpağa düşür (Tatlı kənd kitabxanası yerləşir). Bununla yanaşı, etirazda imtina əsaslarını təkrarlanmış və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa, Torpaq Məcəlləsinə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəlləyə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa istinad edilmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Samux rayon Zazalı bələdiyyəsi, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iştirakı adi olan üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Zazalı bələdiyyəsinin sədri qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 1) Samux rayon Tatlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə, İddiaçı satılmış, Samux rayonu Tatlı kəndində yerləşən torpaq sahəsinin A 377865 nömrəli plan və ölçü sənədində, torpaq sahəsinin ölçüsü 500 kv.m göstərilsə də, həmin plan və ölçü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən sahə, 447.0 kv.m təşkil edir. Həmin 447.0 kv.m torpaq sahəsinin 422.0 kv.m hissəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahədir. 25.0 kv.m hissəsi isə, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahədir. A 377865 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 447.0 kv.m torpaq sahəsinin 313.0 kv.m hissəsi ifrastruktur təyinatlı (kəndarası gediş-gəliş yolu), 134.0 kv.m hissəsi isə, üzərində ictimai əhəmiyyətli tikili olan sahədir. 2) Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilb-dəyişdirilməməsi barədə, idarəmizin istifadəsində olan elektron baza və arxiv sənədlərində məlumat mövcud deyildir. 3) İddiaçı həmin ərazidə, faktiki istifadə sahəsinin olmadığını bildirdi. Lakin iddiaçının iddia edərək naturada təqdim etdiyi sahə, A 377865 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 447.0 kv.m torpaq sahəsində yerləşir. 4) A 377865 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin hava məkanından deyil, həmin torpaq sahəsinin yaxınlığından keçən elektrik xətti ilə, ən yaxın məsafəsi 3.5 metr təşkil edir. Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı. 5) Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər-hansı digər şəxslərin, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərldə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. 6) Rəy hazırlanarkən, daxil olmuş iş materiallarına əlavə edilmiş A 377865 nömrəli "Torpaq sahəsinin plan və ölçü" sənədindəki koordinatlara, əraziyə baxış keçirilərkən təqdim olunan sahəyə, daşınmaz əmlaklara (torpaq sahəsi və tikili) dair istifadədə olan elektron məlumat bazasına və həmin bazaya ineqrasiya edilmiş torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, təqdim edilən "Torpaq sahəsinin plan və ölçü" sənədində bələdiyyə qərarı ilə 500 kv.m torpaq sahəsinin satılması qeyd olunsa da, torpaq sahəsinin qaiməsində torpağın ölçüsü 449 kv.m əks olunmuşdur. Lakin həmin sənəddəki koordinatları əsasında torpaq sahəsinin ölçüsü 447 kv.metrdir. Baxış zamanı iddiaçı və bələdiyyə sədri iştirak etmişdir. Xəritə məlumatlarına əsasən 447 kv.m torpaq sahəsinin 313 kv.m hissəsi kəndarası gediş-gəliş yoludur, faktiki olaraq bir hissəsi gedişgəliş yolu, arada arx keçir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6174 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilibedilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır. Yəni, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisənin əsasını iddiaçıya ayrılmış 500 kv.m. (ya da faktiki olaraq 447 kv.m) torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmamasını müəyyən etməkdən ibarətdir. İş üzrə keçirilmiş mütəxəssi vəə ekspert rəylərinə əsasən 447.0 kv.m torpaq sahəsinin 422.0 kv.m hissəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına, 25.0 kv.m hissəsi isə, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahədir. Qeyd olunan koordinatlar daxilində yerləşən 447.0 kv.m torpaq sahəsinin 313.0 kv.m hissəsi ifrastruktur təyinatlı (kəndarası gediş-gəliş yolu), 134.0 kv.m hissəsi isə, üzərində ictimai əhəmiyyətli tikili olan sahədir. Göründüyü kimi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin tələb etdiyi torpaq sahəsinin 25.0 kv.m Bələdiyyənin deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olmuşdur. Digər tərəfdən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Samux şöbəsinin, həm də Samux Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Samux şöbəsi iddiaçıya 500 kv.m torpaq sahəsinin Samux rayon Tatlı Bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmədiyi barədə xx.xx.2011-ci il tarixdə (bələdiyyə qərarından 4 il sonra) rəy vermiş, lakin Samux Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Samux rayonu, Tatlı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar