Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1744/2021 16.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X7 5 saylı Regional Ərazi Filialı) qarşı şəhid atasına görə ailələrinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati iş üzrə aidiyyətlə bağlı məsələnin müzakirəsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlıqdan gözdən əlil olduğuna görə İİ dərəcə əlillik pensiyası təyin edildiyi üçün hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailələrinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1967-ci ildə anadan olmuş, 28.01.1994-cü ildən Tərtər rayon X1 şöbəsində «OD göz almasının subatrofiyası. OS yüngül hipermetropiya» diaqnozu ilə oftomoloji kabinetdə dispanser qeydiyyatına alınmış və bu səbəbdən də ona xəstəliyə görə əlillik, o cümlədən 12.10.2016-cı ildən ümumi xəstəliyə görə İİ dərəcəli gözdən əlillik təyin edilmişdir. O, əlil olduqdan sonra atası X3 26.04.1994-cü ildə Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və o vaxtdan da ailəsi şəhid ailəsi statusu almışdır. Həmin vaxt ailələrində yalnız anası X2 şəhid ailəsi statusu daşımasına dair şəhidlik vəsiqəsi verilmiş, lakin sağlamlıq imkanları məhdud şəxs olduğuna baxmayaraq ona həmin vəsiqə verilməmişdir. Bu səbəbdən də anası həmin vəsiqəni aldığı vaxtdan vəfat etdiyi 27.11.2019-cu ilədək qanunvericiliyə uyğun olaraq hər ay atasına görə verilmiş şəhid pulunu almış, lakin anası vəfat etdiyi 2019-cu ilin dekabr ayından sonra ailəsinə verilən həmin şəhid pulunun verilməsi dayandırılmışdır. O, uşaqlıqdan (13 yaşından) gözdən əlil olduğu və bununla əlaqədar ona İİ dərəcə əlillik pensiyası təyin edildiyi üçün hesab edir ki, hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailələrinə verilən və sonradan dayandırılmış Prezident təqaüdü ona təyin edilməlidir. Onun əlilliyinin 27 yaşında müəyyən edilməsinə baxmayaraq həmin əlillik sonradan qazanılmış deyil, 13 yaşı tamam olduğu tarixdən mövcud olduğundan, həmçinin o gözdən əlilk olaraq işləmədiyi üçün şəhid təqaüdü ilə dolandığından, hal-hazırda həmin şəhid təqaüdünə maddi ehtiyacı olduğundan bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 10.06.2021-ci il tarixli **********7 nömrəli məktubunda, ona əlilliyini təsdiq edən VTEK sənədinin 18 yaşında deyil, 27 yaşında təqdim edildiyi səbəbindən atasının şəhid olması ilə əlaqədar şəhid təqaüdünün təyin olunmasının qanuna müvafq olmadığını bildirmişdir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin üzərinə şəhid atasına görə ailələrinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 143 ünvanı olduğundan və Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X7 5 saylı Regional Ərazi Filialına) qarşı şəhid atasına görə ailələrinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1744/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1744/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver