Məhkəmə qərarları › İş №2-1(114)-1745/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1745/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1745/2021 17.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Bərdə rayon Mollagüllər kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Mollagüllər kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Mollagüllər kənd Bələdiyyəsinə qarşı 04.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Mollagüllər kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq cavabdeh qismində Bərdə rayon Mollagüllər kənd bələdiyyəsini nəzərə alınmasını və 0,10 hektar torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məkəmənin 02.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10 il bundan öncə atası X9 rayon Mollagüllər kəndində yerləşən Bələdiyyənin tərkibində 0,10 ha torpaq sahəsini iddiaçıya ev tikmək üçün zəbt edərək istifadə etmiş, hal-hazırda da torpaq sahəsi iddiaçının istifadəsindədir. 27.04.2021-ci il tarixdə həmin torpaq sahəsinə baxmağa getdiyi zaman X2 oraya daş tökdüyü görmüş, səbəbini soruşduqda bələdiyyə sədrinin həmin torpaq sahəsini onun istifadəsinə verdiyi bildirmişdir. Hal-hazırda iddia qaldıraraq torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etmədiyini qeyd edib iddia olunan torpağın bələdiyyənin mülkiyyətində olmasını, həmin torpaq sahəsinin 0,07 hektar olmasını və torpaq sahəsinin kənd inkişaf perspektiv torpaq sahəsinə aid olmasını qeyd etmişdir. Məhkəminin əvvəlki iclasında iştirak edən üçüncü şəxs X5 iddianı qəbul etmədiyini qeyd etmiş və bildirmişdir ki, qeyd edilən torpaq sahəsini o, almaq istəmiş, lakin bələdiyyə həmin torpaq sahəsini ona satmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -Bərdə rayon Mollagüllər Bələdiyyəsinin 17.07.2021-ci il tarixli, 15 nömrəli qərarından çıxarışın surəti. -Bərdə rayon Mollagüllər Bələdiyyəsinin 30.08.2021-ci il tarixli M/48 saylı məktubun əsli. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Bərdə rayon Mollagüllər kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi öhdəliyinin Bərdə rayon Mollagüllər kənd Bələdiyyəsinin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh orqan iş materiallarında olan müvafiq məktubda qeyd etmişdir ki, Bərdə rayon Mollagüllər kənd Bələdiyyəsinin 17.07.2021-ci il tarixli 15 saylı iclas protokolunun qərarının çıxarışda sözü gedən torpaq sahəsi mübahisəli olduğu üçün kənd sakinləri İddiaçı və X3 verilməsi mümkünsüz hesab edilmişdir. Cavabdeh 30 avqust 2021-ci il tarixli M/48 saylı məktubundan görsənir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi heç kimin istifadəsinə verilməmişdir. Sözügedən torpaq sahəsi hal-hazırda Mollagüllər bələdiyyəsinin mülkiyyətindədir və bələdiyyənin kənd inkişaf perspektividir.. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı öz ərizəsində iddia etdiyi və onun adına rəsmiləşdirilməsi tələb etdiyi torpaq sahəsi cavabdeh Bərdə rayonun Mollagüllər bələdiyyəsinin mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, həm iddiaçı həmdə iş üzrə üçüncü şəxs X6 bələdiyyəyə müraciət edərək torpaq sahəsinin onlara satılmasını ayrı-ayrılıqda xahiş etmişlər və Bələdiyyənin 17.07.2021-ci il tarixli 15 saylı qərarı ilə torpaq sahəsinin onlara satılmasından, aralarında mübahisə olduğu üçün, imtina edilmişdir. “Bələdiyyə torpaaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqın hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,servitutlar və digər məhdudiyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühavizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericiliklə nəzərdə tutlmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.2-ci maddəsinə görə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərlə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İşin hallarından məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətindədir. Yəni cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı, torpaq sahəsinin ona verilməsini xahiş etsədə həmin torpaq sahəsinin onun qanuni istifadədə olması barədə nə cavabdehə, nədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sözügedən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətinə, istifadəsinə və icarəyə verilməmişdir. Qanunvericiliyin tələbinə görə belə torpaq sahələri qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələi isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Qanunvericilikdə qeyri-qanuni istifadə edilən torpaq sahələrinin onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi şərtləri nəzərdə tutulsa da həmin şərtlərin iddiaçıya münasibətdə mövcudluğu iş materialları ilə sübut olunmur. Odur ki, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona verilməsi ilə bağlı heç bir öhdəlik daşımır. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0,10ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Bərdə rayon Mollagüllər kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) Bərdə rayon Mollagüllər kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar