Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1745/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “onun və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İddiaçı 2008-ci ildən Xanlar rayonu, Quşqara kəndində qeydiyyatda olmuş, daha sonra qeydiyyat ünvanını dəyişərək xx.xx.2022-ci ildən ünvan 1 qeydiyyata düşmüşdür. və hal-hazırda həmin kənddə qeydiyyatda olmaqla ünvan 2 ünvanda məskunlaşmışdır. İddiaçının həyat yoldaşı Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbi döyüş meydanında ölmüşdür. Bu barədə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1191 nömrə qeyd aparılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə, övladları – X7 və X3 isə xx.xx.2021-ci il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın xx.xx.2021-ci il tarixli 16 saylı qərarı ilə şəhid ailəsi kimi mənzil növbəsi qeydiyyatına alınmışdır. İddiaçı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək qeydiyyat ünvanını dəyişdiyi üçün onun mənzil növbəliyindən çıxarılaraq sənədlərin Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. İddiaçının xahişi əsasında Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 04A saylı sərəncamına əsasən mənzil növbəsində olan qismində uçotdan çıxarılmaqla, ona aid sənədlər Gəncə Şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə - cavabdeh) göndərilmişdir. İddiaçı şəhid ailəsi olduğu nəzərə alınaraq mənzil uçotuna alınmasına köməklik göstərilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, M- 386-068 nömrəli məktubla bildirmişdir ki, yaşayış yeri üzrə Gəncə şəhərində qanunla müəyyən olunmuş müddətdə qeydiyyatda olmadığı üçün mənzil uçotuna alınmasında imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə “onun və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “onun və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Maraqlı şəxs İsrafil oğlu 15 iyul 2015-ci ildə el adəti üzrə evlənmiş, xx.xx.2016-cı il tarixdə Gəncə Asan Xidmət Mərkəzində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 fevral 2016-cı il tarixdə Sevim və Sevgi adlı əkiz uşaqları doğulmuşdur. Evləndikləri vaxtdan iddiaçı mərhum əri Maraqlı şəxs valideyinlərindən ayrı orda-burda, kirayədə yaşamışdır. Mərhum əri 21 iyul 2014-cü ildə müddətdən artıq hərbi xidmətə göndərilmiş, 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə "hərbi əməliyyatlar nəticəsində digər növ partlayış zədələnmələr" nəticəsində N nömrəli hərbi hissədə Şəhid olmuşdur. O, şəhid olduqdan sonra, X6 dəfn edilmişdir. Əri Şəhid olduqdan sonra, dövlət tərəfindən “şəhid" ailələri üçün verilən bütün imtiyazlardan istifadə etmişdir. İddiaçı əri şəhid olduğu zaman Göygöl rayonunda qeydiyyatda, əri Maraqlı şəxs İsrafil oğlunun qeydiyyatı isə Daşkəsən rayonu idi. Əri Daşkəsən rayonunda qeydiyyatda olsa da o, Gəncə Şəhididir və X6 dəfn edilib və onun yas mərasimi də Gəncə şəhərində təşkil edilmişdir. Şəhid ailələrinə mənzil verilməsi üçün qeydiyyata alınması zamanı iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh imtina cavabı verdi ki, qeydiyyatı Göygöl rayonundadır, onu Göygöl Rayon İcra Hakimiyyitinə göndərdilər. Göygöl Rayon İcra Hakimiyyətinə getdikdə oradan bildirdilər ki, mərhum ərin qeydiyyatı Daşkəsən Rayonunda olduğu üçün Daşkəsən Rayon icra Hakimiyyətinə gedilməli və sənədlər Daşkəsən Rayon İcra Hakimiyyətinə verilməlidir. Beləliklə, iddiaçını Daşkəsən Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürdülər. O, Gəncə Şəhər İcra Hakimiyyətinə izah edə bilmədi ki, şəhid Gəncə şəhərində dəfn olunub və onlar daimi Gəncə şəhərində kirayəçi yaşamışlar. O, heç cürə Daşkəsən Rayonuna gedib orada yaşaya bilməz. Şəhid ailəsi olduğu üçün köməklik edilərək Gəncə şəhərində pasport qeydiyyatına alınmışdır. Cavabdehə müraciət edərək onun Daşkəsən Rayonu İcra Hakimiyyətində mənzil qeydiyyatına alındığı növbənin Gəncə şəhərinə daşınmasını xahiş etmişdir. Onun çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh hər hansı bir cavab vermirdi. Sonuncu müraciətindən sonra, imtina məktubu verərək mənzil uçotuna alımasına dair imtina verildi. Hansı ki, iddiaçı mənzil uçotuna Daşkəsən rayonunda götürülmüş və cavabdehin isə Daşkəsən rayonundakı uçotu Gəncə şəhərinə köçürülməsini istəmişdir. Ancaq ona qısaca olaraq imtina məktubu verilmişdir. İddiaçı məsələnin həllini məhkəmədən kənar həll edə bilmədiyi üçün, imtina məktubunu aldıqdan sonra, məcbur olub hazırki ərizə məhкəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, rəsmi nikah bağlasa da, öz ata ocağında – Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda qalmışdır. Ailə həyatı qurduqdan sonra Gəncə şəhərində yaşamış, övladları da Gəncə şəhərində dünyaya gəlmişdir. Evləri olmadıqlar üçün Gəncə şəhərində müxtəlif vaxtlarda kirayə evlərdə yaşamışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 5-1/2-03/601/2023 nömrəli məktubla münasibət bildirmişdir. Məktubda qeyd olunur ki, aparılan araşdırma zamanı iddiaçının yaşayış yeri üzrə Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olduğu, xx.xx.2022-ci il tarixdən ünvan 5 ünvanına qeydiyyata düşdüyü məlum olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin" Nümunəvi Qaydalarına əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti yerli icra hakimiyyəti tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Gəncə şəhərində daimi yaşama müddəti 5 il müəyyən edilmişdir. Bildirilir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2021-ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçı şəhid ailəsi kimi mənzil uçotuna götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 izahatında bildirmişdir ki, Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olsa da, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 30 ünvanda İ mərtəbədə yerləşən 24 nömrəli mənzilin mülkiyyətçisidir. Mənzil 1 otaqlı olmuş, sonradan iki otaqlıya çevrilmişdir. Həmin mənzil onun tərəfindən 2017-ci ilin noyabr ayından 2020-ci ilin sentyabr-oktyabr aylarınadək iddiaçıya kirayəyə verilmiş, kirayə haqqı 120 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olsa da, həmin binada 21 nömrəli mənzildə yaşayır. İddiaçı ilə qonşu olmuşlar. İddiaçı 2017-ci ilin noyabr ayından 2020-ci ilin sentyabr-oktyabr aylarınadək ünvan 7 ünvanında daimi yaşamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, iddiaçı ilə ərləri vasitəsilə tanış olmuşlar. İddiaçını 2018-ci ildən tanıyır. Həmin vaxtdan bugünədək iddiaçı Gəncə şəhərində daimi yaşamışdır. Məhkəmə iclasında iştirak etmiş X5 izahatında bildirmişdir ki, iddiaçı 2020-ci ilin oktyabr yaxud noyabr ayından 2022-ci ilin yanvar yaxud fevral ayına kimi ona məxsus Yeni ünvan 8 ünvanında kirayə kimi yaşamışdır. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının, şəhid ailəsi üzvü kimi Gəncə şəhərində mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının şəhid ailəsi üzvü olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı - iddiaçının və onun ailə üzvlərini Gəncə şəhərində mənzil uçotuna alınmamasının əsası - onun 5 il müddətdə Gəncə şəhərində qeydiyyatda olmamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalar”ının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Kirovabad Şəhər Xalq Deputatları Sovetinin XX Çağırış İV Sessiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Kirovabad şəhəri ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” qaydalarının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna Kirovabad şəhərində 5 ildən az olmayaraq yaşayış və pasport qeydiyyatında olan və bir idarədə, təşkilatda azı 3 il fasiləsiz işləyən şəxslər götürülürlər. Beləliklə, Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotu ilə bağlı onların həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşaması tələbi müəyyən edilsə də, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin XX Çağırış İV Sessiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarda 5 ildən az olmayaraq yaşaması və qeydiyyatda olması tələbi təsbit olunmuşdur. Bundan başqa, Mənzil Məcəlləsində də yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların onların yaşayış yeri üzrə uçota alınması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, normativ xarakterli akt olan Kirovabad Şəhər Xalq Deputatları Sovetinin qərarı ilə təsdiq edilmiş Qaydalar normativ hüquqi akt olan Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar və Mənzil Məcəlləsi ziddiyyət təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.3 və 4.4-cı maddələrinə əsasən normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. X9 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Cavabdeh tərəfindən də Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar və Mənzil Məcəlləsi tətbiq olunmalı olduğu halda, bu sənədlərə zidd olan normativ xarakterli akt rəhbər tutulmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə baxışı zamanı da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Gəncə şəhərində qeydiyyatda olsa da, 2017-ci ilin noyabr ayından xx.xx.2022-ci ilə kimi kirayəçi qismində faktiki olaraq Gəncə şəhərində yaşamışdır. Hazırda da iddiaçı Gəncə şəhərində yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, 2017-ci ilin noyabr ayından xx.xx.2022-ci ilə kimi iddiaçının Göygöl rayonu üzrə qeydiyyatı formal xarakter daşımış və hər hansı bir hüquqi nəticəyə səbəb ola bilməzdi. Digər tərəfdən, məhkəmə onu qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, iddiaçının ərizəsinin ərizəsinin təmin edilməsindən imtina etməklə, bu barədə məlumat vermişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin normaların məzmunundan göründüyü kimi, cavabdeh orqan uçota alınmaqdan imtina haqqında qərar qəbul etməli, qərardan məhkəməyə şikayət etmək hüququnu izah etməli və həmin qərarı 3 gün ərzində maraqlı şəxsə təqdim etməli idi. Lakin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan olaraq yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərini yerini yetirməmiş, bununla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə müraciət etmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1745/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1745/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver