Məhkəmə qərarları › İş №2-1(114)-1746/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1746/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1746/2022 16.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy şəhərinin cənubi-qərb çıxışında- Ağcakənd şosse yolunun sağ tərəfində 12-ci kvartalda yerləşən 150 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri yaşayış binası üzərində mərhum atası X5 mülkiyyət hüquqlarının dövlət reyestirində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X6 Goranboy Bələdiyyəsinin ərazisində yerləşən, alqısatqı predmeti olan 150 kv.m sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılaraq satılmışdır. Bundan sonra A 040266 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və bu Dövlət torpaq kadastır kitabında 24 aprel 2008-ci il tarixdə 112 nömrə ilə qeydə alınmışdır. 30 iyul 2010-cu il tarixli, 19 saylı icazə sənədi ilə iddiaçının atasına Goranboy rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən tikinti işləri aparmaq üçün icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 29 iyul 2010-cu il tarixli Aktına əsasən X6 məxsus şəhərin 12-ci kvartalında 150 kv.metr torpaq sahəsində inşa etdirdiyi qeyri yaşayış binası tikinti norma və qaydalarına uyğun tikilməsi və binanın istismarı məqsədə müvafiq hesab edilmişdir. Atasının ölümündən sonra iddiaçı onun vərəsəsi kimi 150 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binası üzərində mükiyyət hüquqlarının dövlət reyestirində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəyindən görünür ki, Goranboy Bələdiyyəsinin alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 150 kv.m torpaq sahəsinin X2 etiraz edilmədiyi bildirilmişdir. -surəti işə əlavə edilmiş Goranboy Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli 2 nömrəli qərarının surətindən görünür ki, Goranboy Bələdiyyəsinin alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 150 kv.m torpaq sahəsinin X3 qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, 11 nömrəli qəbzdən görünür ki, X7 tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 300 (üç yüz) manat pul Goranboy Bələdiyyəsinin hesabına ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli 36 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Goranboy Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli qərarı ilə bələdiyyə ərazisindən 150 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə X4, sonuncu tərəfindən bunun müqabilində 300 (üç yüz manat) manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş A 040266 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu sənəd Goranboy Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli 02 saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə X4 150 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -surəti işə əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 30 iyul 2010-cu il tarixli 19 nömrəli icazə sənədindən görünür ki, Goranboy Bələdiyyəsinin 27 fevral 2008-ci il tarixli qərarı ilə X4 torpaq sahəsində tikinti işləri aparılması üçün müvafiq icazə verilmişdir. -surəti işə əlavə edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının 29 iyul 2010-cu il tarixli Aktından görünür ki, X5 şəhərin 12-ci kvartalında 150 kv.metr torpaq sahəsində inşa etdirdiyi ticarət mağazası binası tikinti norma və qaydalarına uyğun tikilmiş və binanın istismara qəbulu məqsədə müvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş AZ-İİ 096555 nömrəli xx.xx.2020-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş X5 qanun üzrə vərəsəsidir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Goranboy Bələdiyyəsinin 27 fevral 2008cİ İl tarixli qərarı ilə Goranboy Bələdiyyəsinin alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X6 150 kv.metr torpaq sahəsi satılmışdır. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Goranboy rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mərhum atasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçının atasına satılmış və torpağın dəyəri onun tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Cavabdehin imtinasının əsası kimi bələdiyyə tərəfindən sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmaması, yəni torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadan, eyni zamanda torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqə keçirilmədən birbaşa vətəndaşın adına sənədləşdirilməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bundan əlavə həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına müvafiq səlahiyyətli orqan tərəfindən icazə verilmiş və istismara qəbul edilməsi rəsmiləşdirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Goranboy Bələdiyyəsinin 27 fevral 2008-cİ İl tarixli qərarı ilə satılmış, Goranboy şəhərinin cənubi-qərb çıxışında-Ağcakənd şosse yolunun sağ tərəfində 12-ci kvartalda yerləşən 150 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar