Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-175/2021 05.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh nümayəndələri Nümayəndə1 və Nümayəndə2, üçüncü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı sərəncamın ləğvi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən Samux rayonunun ərazisində ehtiyat fondu torpaqlarından 100 hektar sahə ayrılaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. xx.xx.2018-ci il tarixli 06 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncamı əsasında Samux rayonu ərazisində dövlət ehtiyat fondundan yaxşı (orta) ot örtüyü olan 100 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı istifadəyə verilmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixli, 31 nömrəli sərəncamı ilə 100 hektar torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyi üçün geri alınmış, xx.xx.2018-ci il tarixli 06 saylı icarə müqaviləsi ləğv edilmiş və xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilən sərəncamla razılaşmayan İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, 31 nömrəli sərəncamın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxx 2018-ci il tarixli, 45 nömrəli sərəncam ilə müraciətinə əsasən Samux rayon ərazisində yerləşən “Dövlət Su fondu” torpaqlarından 100 hektar sahə kənd təsərrüfatı məhsulları istehsalı üçün 15 il müddətinə icarəyə verilmiş, həmin Sərəncam əsasında xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Dövlət Əmlak Məsələləri Komitəsində cavadehlə razılaşdırılaraq yerquruluşuna dair plan-lahiyə sənədləri hazırlanmış və icarə müqaviləsi qeydə alınmışdır. Müqavilədən sonrakı 2 təsərrüfat ili dövründə torpaqdan təyinatı üzrə istifadə etmiş və müqavilə şərtlərində üzərinə düşən öhdəlikləri pozmamışdır. Lakin bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh onu məlumatlandırmadan və onun xəbəri olmadan birtərəfli qaydada yeni sərəncam verərək xx.xx.2018-ci il tarixli 06 saylı icarə müqaviləsini ləğv etmişdir. Müqavilənin birtərəfli qaydada ləğvindən yalnız 2020-ci ilin sentyabr ayının əvvəlində xəbər tutmuşdur. Belə ki, kənar şəxslər həmin sahəyə gələrək sahənin onlara verildiyini bildirib, torpağa sahiblik etməyə cəhd etmişlər. Cavabdehə müraciətindən sonra mübahisələndirdiyi xx xxx 2020-ci il tarixli 31 nömrəli sərəncamın surətini sentyabr ayının 11-də almışdır. Hesab edir ki, aşağıdakılara əsasən sərəncam qanunsuz olduğuna görə ləğv olunmalıdır. Belə ki, qeyd olunur ki, guya mən “Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qayadaları”nın tələblərini pozaraq, icarəyə verilmiş torpaq sahəsi heyvandarlığın inkişafı üçün nəzərdə tutulsa da, torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək kənd təsərrüfatı məhsulları əkmişdir. Əkinlər barədə rayon statistika idarəsinə müvafiq məlumatlar verməmiş və torpaq sahəsinin haqqını ödəməmişdir. Torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilmədiyi üçün, tədbir görülmək məqsədilə mütəxəssislər tərəfindən xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Bununla əlaqədar bildirir ki, həmin məlumatlar doğru deyildir, icarə sahəsindən təyinatı üzrə istifadə etmiş və icarə pulunu da ödəmişdir. İlkin sərəncamda və icarə müqaviləsində birbaşa göstərilmişdir ki, torpaq sahəsi heyvandarlığın inşikafı üçün deyil, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Mübahisələndirdiyi ikinci sərəncamda da, qeyd olunmuşdur ki, guya təyinatı üzrə istifadə etməyərək həmin sahədə heyvandarlıqla deyil, kənd təsərrüfatı məhsullarının əkib-becərilməsi ilə məşğul olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda mübahisələndirilən sərəncam qəbul edilən zaman inzibati orqana dəvət olunmamış, onun izahatı alınmamış və iştirakı olmadan qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktdan yalnız sentyabr ayında digər şəxslər həmin əraziyə gəldiyi zaman məlumatlı olmuş və dərhal məhkəmədə iddia qaldırmışdır. Bundan başqa torpaq sahəsi ona kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və o, da həmin sahədən sərəncamda və icarə müqaviləsində qeyd edilən məqsədlər üçün istifadə etmişdir. İcarə haqqı və üzərinə qoyulan digər öhdəlikləri vaxtında icra etmişdir. Lakin inzibati orqan digər şəxslə razılaşdığından onun iştirakı olmadan torpaq sahəsinin ondan alınmasına dair hüquqlarına toxunan qərar qəbul etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, torpaq sahəsi məqsədli təyinatına uyğun olaraq istifadə edilmədiyindən, digər şəxslər tərəfindən əkilib-becərildiyindən və icarə haqqı icarədar tərəfindən ödənilmədiyindən, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubu nəzərə alınaraq xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş və hazırda mübahisələndirilən sərəncam qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh hazırda ləğv edilmiş sərəncamı ilə birlikdə 2019-cu il 18 yanvar tarixli, 04 nömrəli və 03 aprel tarixli 38 nömrəli sərəncamları da qeyd edilsə də, həmin sərəncamlardan yalnız xx xxx 2018-ci il tarixli, 45 nömərli sərəncam ləğv edilmişdir. İddiaçının inzibati icraat zamanı, yəni sərəncam qəbul edilən zaman dəvət olunması və sərəncamın ona təqdim edilməsinə dair sənədin məhkəməyə təqdim olunması mümkün deyildir. Həmin sərəncamın qəbulu və tərəflərindən akt tərtib olunan zaman iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin hesab edirlər ki, tərəf icarə müqaviləsinin tələblərini pozmuş, icarə hüquqları dövlət qeydiyyatına alınmamış və torpaq sahəsi dövlət ehtiyat fonduna aid olduğundan sərəncamın qəbul edilməsi qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 digər Nümayəndə1 ilə eyniməzmunlu izahat verdi və iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən icarəyə verilmiş torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarına aiddir və həmin torpaq sahəsi icra hakimiyyətinin balansındadır. Həmin əraziyə tərəflərindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sahə xüsusi qorunan ərazilərə aid deyildir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunda ərazinin «Samux» Ovçuluq Təsərrüfatına aid olması qeyd edilsə də, hazırda həmin təsərrüfat ləğv edilmiş və orada olan flora və faunaya nəzarət X1 xidməti Göy-Göl Mili Parkına aid edilmiş, lakin həmin ərazinin xəritəsi müəyyən edilməmişdir. Sərəncamla verilən 100 hektar torpaq sahəsinin həmin zonaya tamamilə və ya qismən düşübdüşməməsi barədə mütəxəssis cəlb edilsə də, xəritə mövcud olmadığından rəy verilməsi mümkün deyildir. Həmçinin mütəxəssis kimi qeyd edir ki, həmin ərazidən əkin sahəsi kimi istifadə olunması orada olan kiçik heyvanların və quşların qidalanması üçün faydalıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 məhkəmə iclasında nümayəndə X4 ilə eyniməzmunlu izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmış, məhkəmədən cavabdeh inzibati orqanın xx xxx 2020-ci il tarixli, 31 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti də ötürülməmişdir. Belə ki, mübahisələndirilən inzibati aktdan məlum olur ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamış, inzibati aktın iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən 100 hektar qış otlaq sahəsi 15 il müddətinə iddiaçıya icarəyə verilmiş, bu barədə xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncam verildikdən sonra həmin tarixdə tərəflər arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Daha sonra torpaq sahəsinin məqsədli təyinatı üzrə istifadə edilməməsi bağlı İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, Rayon Baytarlıq idarəsinin rəisi və Samux Ovçuluq təsərrüfatının əməkdaşının iştirakı xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, aktdan sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh başçısına yazılı məlumat verilmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixli, 45 nömrəli sərəncamı ilə İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncamı ləğv edilmiş və sərəncam onunla əsaslandırılmışdır ki, Samux rayonu ərazisində «dövlət su fondu» torpaqlarından icarəyə verilmiş 100 (bir yüz) ha torpaq sahəsi heyvandarlığın inkişafı üçün nəzərdə tutulsa da torpaq sahəsi təyinatı üzrə istifadə edilməyərək kənd təsərrüfatı məhsulları əkilərək istifadə olunmuş, əkinlər barədə rayon idarəsinə müvafiq məlumatlar verilməmiş və torpaq sahəsinin icarə haqqı ödənilməmişdir. Torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilmədiyi üçün tədbir görülmək məqsədilə mütəxəssislər tərəfindən xx.xx.2018-ci il tarixli müvafiq akt tərtib edilmişdir. xx xxx 2020-ci il tarixli aktın təsdiqlənmiş surətindən məlum olur ki, rayonun ərazisində olan dövlət fondu torpaq sahələrindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə tərəfimizdən həmin ərazilərdə reydlər keçirilərkən aşkar olundu ki, rayon icra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncamı ilə Gəncə şəhər sakini İddiaçı icarəsinə verilmiş 100 hektar torpaq sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaların tələbləri və icarə müqaviləsinin şərtlərinin pozulması halları müəyyən edilmişdir. Araşdırma zamanı məlum oldu ki, icarəçiyə verilmiş torpaq sahəsi kənd təsərrüfatı məhsullarının heyvandarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulsa da, icarəçi sözügedən torpaq sahəsini digər şəxsə icarəyə vermiş və kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olmuş, kənd təsərrüfatı məhsulu əkdiyi halda isə əkinlər barəsində müvafiq olaraq rayon Statistika İdarəsinə məlumat verməmiş, o cümlədən icarə haqqı ödənilməmişdir. Göründüyü kimi sərəncam torpaq sahəsinin heyvandarlığın inkişafı üçün nəzərdə tutulsa da torpaq sahəsi təyinatı üzrə istifadə edilməyərək kənd təsərrüfatı məhsulları əkilərək istifadə olunması, əkinlər barədə rayon idarəsinə müvafiq məlumatlar verilməməsi və torpaq sahəsinin icarə haqqının ödənilməməsi ilə əsaslandırılmış və tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmiş və xx.xx.2018-ci il tarixli 45 nömrəli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılan zaman ilkin olaraq iddiaçının mübahisələndirdiyi sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edib-edilməməsi mütləq şəkildə nəzərə alınıb araşdırılmalıdır. Belə ki, xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-sərəncam cavabdeh tərəfindən qəbul edilməsi zaman “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız inzibati akt qəbul edilmişdir. İlkin olaraq qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi «İnzibati icraat haqqında» Qanunda icraatın aparılması, icraat barədə rəsmi məlumatın verilməsi imperativ qaydada nəzərdə tutulmuş, lakin hazırkı icraat zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, inzibati orqanın nümayəndəsi də izahatında belə bir sübutun olmadığını, iddiaçıya şifahi formada məlumat verildiyini bildirmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Qeyd edilən tələblərin inzibati aktda qeyd olunması qanunda imperativ qaydada nəzərdə tutulmaqla məcburi olsa da, hazırda mübahisələndirilən sərəncamda inzibati aktın rekvizit tələblərinə də riayət olunmamış, sərəncama qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndiriən sərəncamda torpaq sahəsindən məqsədli istifadə olunmadığı, yəni heyvandarlıq üçün verilsə də kənd təsərrüfatı istehsalı üçün istifadə edildiyi qeyd edilsə də, xx.xx.2018-ci il tarixli, 45 nömrəli sərəncamla iddiaçıya torpaq sahəsi icarəyə məhz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı verilmiş, iddiaçı da həmin torpaq sahəsindən sərəncama uyğun istifadə etmiş, xx.xx.2020ci il tarixli, 31 nömrəli sərəncamda da torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edildiyi təsdiqlənmişdir. Bundan başqa, mübahisələndirilən sərəncamla mülki hüquq münasibətlərindən irəli gələn icarə müqaviləsi də birtərəfli qaydada ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, xx xxx 2018-ci il tarixli, 06 saylı müqavilədə tərəflərin hüquq və vəzifələri, məsuliyyətləri, müqavilənin ləğvi və dəyişdirilməsi şərtləri müəyyən edilmiş, hər iki tərəf həmin müqaviləni imzalamışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən inzibati aktla icarə haqqının ödənilməməsi, torpaq sahəsinin başqa şəxslərə icarəyə verilməsi əsası ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanunamüvafiq deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, hazırkı iş üzrə Cavabdeh başçısının xx xxx 2020-ci il tarixli, 31 nömrəli sərəncamı qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl olunmamış, iddiaçının və ya onun nümayəndəsinin inzibati icraatda iştirakı təmin edilməmiş, onların mülahizələri dinlənilməmiş, sərəncamda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmiş, sadəcə formal mülahizələrlə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının xx xxx 2020-ci il tarixli, 31 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-175/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-175/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver