Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1750/2024 27.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilməsi və qeydin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilməsi və qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcı-operatoru kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinə yazdığı raportda (xx.xx.2022-ci il tarixli) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.
2. 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcı-operatoru kiçik çavuş İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müraciəti ilə əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən dinlənilmə iclası keçirilmiş və xx.xx.2023-cü il tarixli 14 nömrəli protokolla İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2023-il tarixli 242 ş/h nömrəli əmri ilə kiçik çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə xidməti uyğunsuzluğa görə 2ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün (Kobra, ZTR üzərində) 1-ci taqımının 2-ci manqasının tuşlayıcı-operatoru vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanmış xx.xx.2022-ci il tarixli bağlaşma ləğv edilmiş, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir.
4. İddiaçıya məxsus SX №0549268 hərbi bilet Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmişdir. Həmin hərbi biletdə Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2023-il tarixli 242 ş/h nömrəli əmri ilə (səh.3) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə xidməti uyğunsuzluğa görə (səh.21) ehtiyata buraxılması qeyd edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli əmrin dəyişdirilməsi və əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır” qeydinin ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etdiyi zaman tərxis olunmağı barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, onun ailə vəziyyəti nəzərə alınmırdı və tərxis olunaraq ehtiyata buraxılmağından imtina edilirdi. Lakin sonradan Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə “xidməti uyğunsuzluğa görə” əsaslanması ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən xaric edilmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13753/2023 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
10. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə iddiaya qarşı xx.xx.2024-cü il tarixli 16/256-8m/2024 nömrəli yazılı etirazı məhkəməyə daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2023-cü il tarixli, 242 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddasinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Adıçəkilən əmrdə kiçik çavuş İddiaçı 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcı-operatoru vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması, onunla bağlanmış xx.xx.2022-ci il tarixli bağlaşmanın ləğv edilməsi və hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Qoşmaya əlavə edilmiş raportun surətindən görünür ki, kiçik çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, həmçinin ehtiyata buraxılacağı təqdirdə təyinat üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilməsi barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N №-li hərbi hissədə xx.xx.2023-cü il tarixdə R - 4655 nömrəsi ilə qeydiyyata alınmışdır. Kiçik çavuş İddiaçı xidməti uyğunsuzluğa görə yazdığı raportla əlaqədar onunla 2 dəfə söhbət aparılmışdır. 2023-cü ilin mart ayında aparılmış söhbət zamanı kiçik çavuş İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. Kiçik çavuş İddiaçı söhbət zamanı tərxis olmaq istəməsinin səbəbi kimi anasının səhhətində problemlərinin olması, ailəsinin yanında olmaq istəməsini, ümumiyyətlə bundan sonrakı fəaliyyətini mülki həyatda davam etdirmək istəməsi ilə əlaqələndirilmişdir. Söhbət zamanı İddiaçı bir daha hərbi xidmətə könüllü qaydada daxil olması, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olması ilə əlaqədar ərizə verdiyi qeyd edilsə də, hərbi qulluqçu təkidlə xidmətə qəbul olunarkən ancaq Bakıda xidmət etməyə hazır olduğunu və xidmət yerinin Azərbaycan Respublikasının digər bölgələrinə veriləcəyi təqdirdə xidmət etməyəcəyini bildirmişdir. Habelə hərbi xidmətə könüllü qaydada daxil olması, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etmiş olduğu öhdəliklərin tələbləri kiçik çavuş İddiaçı izah edilərək nəzərinə çatdırılmışdır. Söhbətin sonunda Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra, gələcəkdə Dövlət Sərhəd Xidmətində, hüquq mühafizə orqanlarında və dövlət qurumlarında xidmətə (işə) qəbul edilməsinin mümkünsüzlüyü onun nəzərinə çatdırılmışdır. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli 14 N№-li iclas protokolundan görünür ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı yazdığı raportla əlaqədar hərbi hissədə iddiaçının iştirakı ilə dinlənilmə iclası keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş dinlənilmə iclasının 14 nömrəli protokolu ilə kiçik çavuş İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, tərxis olunması ilə bağlı dəfələrlə müraciət etdiyini və bunu təkidlə istədiyini, hətta tərxis edilməyəcəyi təqdirdə özünü öldürəcəyini dəfələrlə rəhbərliyə bildirdiyini qeyd etmişdir. Digər tərəfdən qoşmaya əlavə olunmuş bağlaşmanın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ə.H.X4 Xidmətində həqiqi hərbi xidmətə qəbul olunması ilə əlaqədar 3 (üç) il müddətinə bağlaşma bağlanılmışdır. Bağlaşma bağlamaqla İddiaçı 3 il müddətində xidmət etməyi, qeyd olunan müddət ərzində ona həvalə edilmiş xidməti vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi öhdəsinə götürmüşdür.
14. Cavabdehin nümayəndəsi X3 iclas zamanı İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etdiyini, iddiaçının isə həmin əmrin qəbulundan 30 gün keçdikdən sonra hazırkı iddianı qaldırdığını bildirmiş və iddia müddəti ötürüldüyünə görə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
15. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
19. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2023-il tarixli 242 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır və hazırda İddiaçı həmin əmri mübahisələndirir.
20. İddiaçının əmrin dəyişdirilməsi tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.
21. İddiaçının sözügedən əmrdən qəbul edildiyi və ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci maddəsinin tələbinə görə ehtiyata istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.
23. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
26. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.
27. Digər tərəfdən, iddiaçı hərbi biletini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsindən 2023-cü ilin aprel ayında təhvil almışdır ki, hərbi biletində də onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə qeyd mövcud olmuşdur.
28. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir.
29. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya sərəncam ünvanlanaraq, iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyü bildirilmiş və müddətin bərpasına dair ərizə vermək hüququnun olması izah edilmiş, lakin iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir.
30. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
31. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
33. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
34. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və müddətin bərpasına dair ərizə verməmişdir.
35. Beləliklə, iddia mümkün sayılmamalıdır.
36. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva