Məhkəmə qərarları › İş №2-1(114)-1754/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1754/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1754/2021 05.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X18, X15, X11 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X18, X15, X12, X13, X11 və X19) qarşı JN-050A KOD 50605038 nömrəli şəhadətnamə ilə üçüncü şəxs X18 və onun ailə üzvlərinin adına verilmiş 0,31 ha torpaq sahəsinə dair qeydiyyatın ləğv olunması və 0.15 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin onun adına qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin faktiki halları Daşkəsən rayon Zağalı kənd sovetinin Qazaxyolçular kəndinə dair 1972-1974-cü illərin 91 saylı təsərrüfatbaşına kitabının 494 nömrəli şəxsi hesabından məlum olur ki, İddiaçı şəxsi istifadəsində 0,15 ha torpaq sahəsi və 1970-ci ildə tikilmiş ev olmuş, həmçinin Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 1974-1976-cı illəri əhatə edən Qazaxyolçular kəndində dair 100 saylı təsərrüftbaşına kitabının 476 nömrəli şəxsi hesabından məlum olur ki, İddiaçı şəxsi istifadəsində 0,08 ha torpaq sahəsi və 1970-ci ildə tikilmiş ev olmuşdur. Təsərrüfatın ailə başçısı İddiaçı, ailə üzvləri arvadı X20, qızları – X7, X8, oğlanları – X14, X16 və X17 olmuşdur. Ailə 20.09.1973-cü il tarixdə ailəlikcə Göyçay rayonuna köçmüş, bu barədə Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 1974-1976-cı illəri əhatə edən Qazaxyolçular kəndinə dair 100 saylı təsərrüfatbaşına kitabda qeyd aparılmışdır. Həmin illərdən sonra yəni, Qazaxyolçular kəndinin 1974-1976-cı ildən sonrakı illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılan zaman İddiaçı barəsində heç bir məlumat aşkar olunmamışdır. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşkəsən rayonu, Qazaxyolçular kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə 16.07.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 27.07.2021-ci il tarixli **********93 nömrəli bildirişlə müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair başqa şəxsin adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1997-ci il tarixli qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-050A saylı şəhadətnamənin işləndiyi müəyyən edilmişdir. Həmçinin, əmlak üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İmtinanı əsassız hesab edən iddiaçı cavabdehin üzərinə, onun adına olan Daşkəsən rayonu, Qazaxyolçular kəndində yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmasına dair mülkiyyət hüququ haqqında çıxarışın verilməsi vəzifəsinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək JN-050A KOD 50605038 nömrəli şəhadətnamə ilə üçüncü şəxs X18 və onun ailə üzvlərinin adına verilmiş 0,31 ha torpaq sahəsinə dair qeydiyyatın ləğv olunması və 0.15 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə X15, X12, X13, X11 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfin münasibəti: Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində olan tikili ilə birlikdə onun mülkiyyətində olmuşdur. X1 yaşamağa evi olmadığı üçün ondan həmin evdə yaşamağa icazə istəmiş, o da X1 yaşamağa evi olmadığı üçün həmin evdə yaşamağına və torpaq sahəsindən istifadə etməsinə razılıq vermişdir. Sözügedən evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq üçün cavabdehə müraciət edən zaman ona məlum olmuşdur ki, X18 torpaq islahatı zamanı yalan məlumatlar təqdim edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1997-ci il tarixli qərar əsasında «Torpağın mülkiyyətə verilməsinə dair» JN-050A nömrəli şəhadətnamə almışdır. Belə olan halda mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilmir. Ona görə də cavabdehin üzərinə JN-050A KOD 50605038 nömrəli şəhadətnamə ilə üçüncü şəxs X18 və onun ailə üzvlərinin adına verilmiş 0,31 ha torpaq sahəsinə dair qeydiyyatın ləğv olunması və 0.15 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin onun adına qeydiyyata alınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, həmçinin bildirmişdir ki, 20.09.1973-cü il tarixdə ailəlikcə Göyçay rayonuna, 1981-ci il tarixdə isə işi ilə əlaqədar Şəmkir şəhərinə köçmüş və 10 ilə yaxın orada yaşamışdır. Üçüncü şəxsin yaşamağa evi olmadığı üçün öz evini müvəqqəti yaşamaq üçün ona vermişdir. Üçüncü şəxs Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1997-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsini və evi öz adına rəsmiləşdirmişdir. Lakin mübahisəli torpaq sahəsinin və üzərində yerləşən evin üçüncü şəxsə heç bir aidiyyatı yoxdur. Cavabdeh tərəfin münasibəti: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi 0.31 ha torpaq sahəsinin «Torpağın mülkiyyətə verilməsinə dair» JN-050A saylı şəhadətnaməyə əsasən X9, X5, X2, X3, X4 və X6 adına qeydə alındığı və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X9 adına 21 avqust 1987-ci il tarixdə texniki pasport tərtib olunduğu müəyyən edilmiş, həmçinin əmlak üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Ona görədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin münasibəti: Üçüncü şəxslərdən X18 iddia tələbini qəbul etməmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 0.31 ha torpaq sahəsi üzərində olan ev iddiaçının qardaşı Ziyada məxsus olmuş və Ziyad həmin evi sökdürüb torpaq sahəsini isə onlara verib. Bundan sonra o, ailəsi ilə birlikdə həmin torpaq sahəsinin üzərində ev tikdirmiş və hal-hazırdada ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasında iştirak etmiş digər üçüncü şəxslər X15, X11 və X19 da iddia tələbini qəbul etməmiş, Söhbət Namazovun dediklərini müdafiə etmişlər. Üçüncü şəxslər X12 və X3 şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şahidin ifadəsi: X10 bildirmişdir ki, üçüncü şəxs X9 qardaşı Əkbər Namazovu uşaq vaxtı görmüş və onlara torpaq satmamış, iş materiallarında olan protokoldan çıxarışdan isə məlumatı olmamışdır. Məhkəmə araşdırmasının predmetini Daşkəsən rayon Dövlət Arxivinin 05.07.2021-ci il tarixli 55 və 16.09.2021-ci il tarixli 25 nömrəli arxiv çıxarışları, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.08.2021-ci il tarixli 370 nömrəli arayışı, 13.06.1985-ci il tarixli 1089 nömrəli iclas protokolundan çıxarış, torpağın mülkiyyətə verilməsinə dair JN-050A (KOD ********) nömrəli şəhadətnamə, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.08.2021-ci il tarixli 399 nömrəli və 07.09.2021-ci il tarixli 436 nömrəli arayışları, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qazaxyolçular kənd təsərrüfatı kitabından 08.09.2021-ci il tarixli 439 nömrəli çıxarış, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.09.2021-ci il tarixli 440 və 16.09.2021-ci il tarixli 505 nömrəli arayışları, cavabdehin iddiaçıya ünvanladığı 27.07.2021-ci il tarixli **********93 nömrəli imtina bildirişi və 27.08.2021-ci il tarixli **********84 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə uğurlu deyildir. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh orqan iddiaçının daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edərkən ona istinad etmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi 0.31 ha torpaq sahəsinin «Torpağın mülkiyyətə verilməsinə dair» JN-050A saylı şəhadətnaməyə əsasən X9, X5, X2, X3, X4 və X6 adına qeydə alındığı və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X9 adına 21 avqust 1987-ci il tarixdə texniki pasport tərtib olunduğundan və əmlak üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədən 1) JN-050A KOD 50605038 nömrəli şəhadətnamə ilə üçüncü şəxs X18 və onun ailə üzvlərinin adına verilmiş 0,31 ha torpaq sahəsinə dair qeydiyyatın ləğv olunması və 2) 0.15 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin onun adına qeydiyyata alınmasını tələb edir. Qeyd edilməlidir ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri» haqqında Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması əsasları, 10-cu maddəsində qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərin siyahısı, 15-ci maddəsində isə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasları öz əksini tapmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun:- - 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin «Siyahısı» qəbul olunmuşdur. - 10.2-ci maddəsinin tələblərinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1); torpaq sahəsinin planı və ölçüsü (10.2.2); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi (10.2.3); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan və yaxud Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin «Siyahısı»nda göstərilən əsaslardan biri mütləq təqdim olunmalıdır. Lakin hazırkı işdən görünür ki, iddiaçı tərəfindən Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri nə cavabdeh orqana, nədəki məhkəməyə təqdim olunmamış, lakin yuxarıda qeyd olunan Fərmanda göstərilənlərə uyğun olaraq Daşkəsən rayonu Zağalı kənd sovetinin Qazaxyolçular kəndinə dair 1972-1972-ci illərin 81 saylı təsərrüfatbaşına kitabından arxiv çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin «Siyahısı»nın 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olsada, lakin qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi 1972-1974 və 1974-1976cı illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın mövcudluğu da məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticəni dəyişmir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 20.09.1973-cü il tarixdə ailəlikcə Göyçay rayonuna köçmüşdür. (bax. Daşkəsən rayon Dövlət Arxivinin 16.09.2021ci il tarixli 25 nömrəli arayışı). Məhkəmə xidməti vəzifəsinə görə 1974-cü il tarixdən sonra təsərrüfatın kimin adına olması barədə məhkəməyə təqdim olunması üçün Daşkəsən rayon Dövlət Arxivinə 10.09.2021-ci il tarixdə sorğu göndərmiş, Arxivin sorğuya verdiyi 16.09.2021-ci il tarixli 25 nömrəli cavab məktubuna əlavə edilmiş Arxiv Çıxarışında göstərilmişdir ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 1974-1976-cı illəri əhatə edən Qazaxyolçular kəndinə dair 10 saylı təsərrüfatbaşına kitabının 476 nömrəli şəxsi hesabından İddiaçı torpaq sahəsi barədə məlumatından məlum olur ki, İddiaçı ailəlikcə 20.09.1973-cü il tarixdə Göyçay rayonuna köçmüşdür. 1976-cı il tarixdən sonrakı illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılan zaman vətəndaş İddiaçı adına təsadüf olunmamışdır. İşin faktiki hallarından göründüyü kimi, 1976-cı ildən sonra İddiaçı təsərrüfatı mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin vaxt qüvvədə olan 1964-cü il tarixli redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin:- - 119-cu maddəsində qeyd olunur ki, kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev, məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. - 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakındakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. - 125-ci maddəsinə əsasən kənd təsərrüfatında özlərinin və ailə üzvlərinin ancaq şəxsi əməyinə əsaslanan fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların ümumi birgə mülkiyyətində bu Məcəllənin 119-cu maddəsində göstərilən əmlakdan başqa həmin şəxslərə istifadəyə verilmiş torpaq sahəsini becərmək üçün zəruri olan iş heyvanı (rayon, şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə) və kənd təsərrüfatı alətləri ola bilər. Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan ayrı-ayrı vətəndaşların şəxsi mülkiyyətində bu maddənin birinci hissəsində göstərilən əmlak ola bilməz. Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların bu maddədə göstərilən təsərrüfat əmlakı şəxsi mülkiyyət hüququ ilə həmin təsərrüfatın üzvlərinə məxsusdur (maddə 111). Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların birgə mülkiyyət hüququna, müvafiq surətdə bu Məcəllənin 120-124-cü maddələri tətbiq olunur. Yuxarıda qeyd olunan maddi hüquq normasına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehin 0.15 ha torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin iddiaçının adına qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X18, X15, X12, X13, X11 və X19) qarşı JN-050A KOD 50605038 nömrəli şəhadətnamə ilə üçüncü şəxs X18 və onun ailə üzvlərinin adına verilmiş 0,31 ha torpaq sahəsinə dair qeydiyyatın ləğv olunması və 0.15 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar