Məhkəmə qərarları › İş №2-1(114)-1754/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1754/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1754/2025 05.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı “mülkiyyət hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 601 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,9 kv.m, köməkçi sahəsi 14,9 kv.m, 32.0 kv.m-dən ibarət olan 2 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 3-601 nömrə qeydiyyata alınmışdır. Daşkəsən şəhər Kommunal-Müəssələri Kombinatının xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 2 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: Həyat yoldaşı: X2 2.Oğlu:X3 3.Qızı: X4. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil üzərində əvvəllər tanınmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli, 3-21-3-33/2-10016/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, ərizəyə əlavə edilmiş 601 nömrəli qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında və qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Daşkəsən şəhəri, Mədənçilər küçəsi, ev 2, mənzil 2 dair əvvəllər tanınmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh 3 saylı Gəncə Ərazi idarəsinə ərizə iə müraciət edib ona məxsus ünvan 4 ünvanında yerləşən 2 saylı mənzil üzərində əvəllər tanınmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, onun ərizəsinə əlavə edilmiş 601 nömrəli qeydiyyat ərazi idarəsinin arxiv məlumatlarında və qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında başqa şəxsə məxsus olduğu müəyyən edilməsinə dair cavab verilmişdir. Bu mənzili o, 2003-cü ildə alqı-satqı ilə almış, evi aldığı adamlar artıq harda olmalarına dair məlumatı yoxdur. 2003-cü ildən də hal-hazıra kimi mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mənzilin qeydiyyat vəsiqəsi onun adınadır. Mənzilə dair məlumatlar Daşınmaz əmlakın sistemində onun adına çıxır. da mülkiyyətçi növü xüsusi mülkiyyət kimi onun adına olması göstərilir. Daşınmaz əmlakd da reyestr nömrəsi kimi **********38-xx/xx-093010 göstərilmişdir. Daşkəsən rayonunda notariat arxivi yandığı üçün bu gün o, alqı-sarqım ərazi idarəsinə təqdim edə bilmir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,9 kv.m, köməkçi sahəsi 14,9 kv.m, 32.0 kv.m -dən ibarət olan 2 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1 və 8.0.5-ci maddələri 06 iyul 2006-cı il tarixədək verilmiş hüquqları təsdiq edən qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu təsbit edir. Belə olan halda, sözügedən qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin elektron məlumat bazasında olmaması, ümumiyyətlə arxiv qovluğunda hüquqmüəyyənedici sənədlərin aşkar edilməməsi və qeydiyyat kitablarında isə yalnız keçmiş mülkiyyət barədə qeydiyyat aparılması iddiaçının təqsiri hesab edilə bilməz, həmin hallar onun təqsirindən baş verməmiş və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 601 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,9 kv.m, köməkçi sahəsi 14,9 kv.m, 32.0 kv.m-dən ibarət olan 2 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 3-601 nömrə qeydiyyata alınmışdır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,9 kv.m, köməkçi sahəsi 14,9 kv.m, 32.0 kv.m -dən ibarət olan 2 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar