Məhkəmə qərarları › İş №2-1(114)-1755/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1755/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1755/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı onun doğum haqqında akt qeydində düzəliş edilməklə soyadının “Nəbiyev” kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1989-cu ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuşdur. X1, anası isə X2r. O, anadan olduğu zaman valideynləri ona 01 sentyabr 1989-cu il tarixdə İV №318678 saylı doğum haqqında şəhadətnamə almışlar. İlk öncə doğum haqqında şəhadətnamə alınan zaman soyadı valideynlərinin soyadına uyğun olaraq “Nəbiyev” olaraq yazılmışdır. O, həmin doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi və hərbi bileti almışdır. Nikah haqqında şəhadətnaməsində də, övladlarının doğum haqqında şəhadətnamələrində də soyadı “ Nəbiyev" olaraq yazılmışdır. Lakin o, 2015-ci il tarixdə soyadını dəyişdirərək “Nəbigil’ olmasını istəmişdir. Bu zaman müvafiq orqana müraciət edərək soyadının “Nəbigil” olaraq yazılmasını bildirmişdir. Müvafiq orqanda ona soyadının “Nəbigil” olmasına dair 04 avqust 2015-ci il tarixli, AZ-İİİ № 584869 saylı doğum haqqında şəhadətnamə vermişlər. Əvvəllər onu kənddə X3 tanıyırdılar. Lakin hal-hazırda soyadını dəyişib “Nəbigil” olaraq yazdırdıqdan sonra onu kənddə tanımamağa başladılar. Hal-hazırki doğum haqqında şəhadətnaməsindən və şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərində soyadı “Nəbiyev” olaraq yazılmışdır. Hazırda istəyir kı, soyadı yenidən dəyişdirilərək “Nəbiyev” olsun. O, bununla bağlı Cavabdehnə müraciət etmiş, ordan isə bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, “Yaşayış yeri üzrə Qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayış, “Nikah haqqında” xx.xx.2012-ci il tarixli, AZ- İ 739482 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.2015-ci il tarixli, AZ-İİİ 548746 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.1989-cu il tarixli, İV-XJQ 318678 nömrəli və xx.xx.2015-ci il tarixli, AZ-İİİ 584869 nömrəli şəhadətnamələrin təsdiqlənmiş surətləri, Cavabdeh xx.xx.2022-ci il tarixli, 257-05/15 nömrəli imtina məktubu, “Doğum haqqında” xx.xx.2018-ci il tarixli, İİ-OH 569647 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.1989-cu il tarixli, 76 nömrəli akt qeydinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/2360 nömrəli məktubu və Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 120-18947-1222 nömrəli məktub əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Beləliklə, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı artıq bir dəfə soyadını dəyişmiş və ona bu barədə şəhadətnamə verilmişdir. İnzibati orqanın ikinci dəfə şəxsin soyadını dəyişdirmə barədə müraciətindən imtinası iddiaçının mənafeyi baxımından uyğun hesab edilir və onun konstitusion hüquqlarına xələl gətirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4. maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 6.3. bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27. bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləjə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192. maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 189. maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Qanunun bu norması “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi o, soyadını dəyişdirmiş və İddiaçı kimi qeydiyyat aparılmışdır. İddiaçı iddia ərizəsində soyadı dəyişdirdiyi halda, formal xarakterli səbəblərə görə soyadının yenidən dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, soyadın yenidən dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır və iddiaçının sənədləri arasında uyğunsuzluğun olması və s. səbəblərə görə əvvəlki soyadına qayıtmaq istəməsinə dair dəlilini inandırıcı hesab etmir. Bununla yanaşı xx.xx.2015-ci il tarixdə iddiaçının müraciəti əsasında onun soyadı Cavabdehndə “Nəbigil” kimi dəyişdirilmiş və beləliklə iddiaçı mülki qanunvericiliklə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmişdir. Lakin qeyd edilən prosedurdan cəmi bir neçə il ötdükdən sonra iddiaçı yenidən soyad və adının dəyişdirilməsi tələbi ilə inzibati orqana, sonradan məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən soyadının dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar