Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1755/2025 09.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsi) qarşı cavabdehin elektron bazasında (DWJ) öz əksini tapmış JN-1024A saylı dövlət aktı ilə müəyyən edilmiş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X7 Xanlar rayonu, Üçtəpə kəndində yerləşən 1024A nömrəli konturdan 0.05 ha torpaq sahəsi ayrılmışdır.
2. Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 1024-cü sırada X5 adına 0,12 ha torpaq sahəsi qeyd edilmişdir.
3. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-42/2023 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlin ailə başçılarının və ailə üzvlərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırasında göstərilmiş X5, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında (DWJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən X9 yazılmış hissəsinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.
4. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-8617/2024 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, həmçinin, torpaq sahəsinin şimal-qərb istiqamətindən (təxminən 3 metr məsafədən) 110 kVt-luq, şərq istiqamətindən (8 metr məsafədən) 6/10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki: 1) Torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilən torpaqların 2005-ci il tarixli yerquruluşu planına əsasən İddiaçı naturada təqdim etdiyi 0,06 ha (595.0 kv.m) torpaq sahəsi barədə aşağıda qeyd olunan hallar müəyyən olundu. Həmin 0,06 ha (595.0 kv.m) torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin torpaq sahəsinin 332.0 kv.m hissəsi 1024A nömrəli həyətyanı torpaq sahəsi ilə (adlı siyahıya əsasən X9), 263.0 kv.m hissəsi isə yaşayış məqsədləri üçün nəzərdə tutulan 1995BB nömrəli bələdiyyə mülkiyyətində olan sahə ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində, naturda təqdim olunan 0.06 ha (595.0 kv.m) torpaq sahəsi, Göygöl rayonu Üçtəpə kəndi ərazisində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahə olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində, fərdi yaşayış evi deyil, digər tikililər mövcuddur. 2) İdddiaçının naturada təqdim etdiyi 0.06 ha (595.0 kv.m) torpaq sahəsinin 332.0 kv.m hissəsi, torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, 1024A nömrəli həyətyanı torpaq sahəsilə (adlı siyahıya əsasən X9) üst-üstə düşür. 3) Həmin torpaq sahəsi (naturada təqdim olunan sahə və kompleks yerquruluşu layihəsində qeyd olunan 1024A nömrəli və 1995BB nömrəli sahələr) elektron baza məlumatlarına əsasən, xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsilə və başqa subyektin hüquqlarını təsdiq edən hüquqmüəyyənedici (çıxarış) sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmür. 4) Naturada təqdim olunan torpaq sahəsinin 1.0 (bir) metr kənarından, hava məkanı ilə elektrik xətti keçir. Həmin xəttin hansı gərginliyə malik olduğu barədə, adiyyatı idarə tərəfindən hər hansı rəsmi məlumat, daxil olmuş iş materiallarında aşkarlanmadığından, torpaq sahəsinin nə qədər hissəsinin həmin elektrik xəttinin mühafizə zonasında yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin elektron bazasında (DWJ) öz əksini tapmış JN-1024A saylı dövlət aktı ilə müəyyən edilmiş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Üçtəpə kəndində yerlən 0.05 ha torpaq sahəsi Xanlar Rayon Aqrar İslahat Komisissiyasının qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bu barədə ona JN-102A KOD ********* saylı şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnaməni itirmişdir. Yenidən şəhadətnamə almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmadığından ona yeni şəhadətnamə verilməmişdir. Sonradan o, Xanlar rayonu Üçtəpə kəndi sakinlərinin xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl tapsa da, həmin cədvəldə adı Simnaz əvəzinə səhvən Çimnaz kimi yazılmışdır. Bununla bağlı o, Göygöl Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-1024A saylı şəhadətnamənin X9 yazılmış hissəsini İddiaçı aid olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-42/2023 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında (DVJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsinin İddiaçı aid olması faktı müəyyən edilmişdir. Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-42/2023 saylı qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli qəradadına əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə uyğun hesab edilməmişdir. O, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, elektron bazasında (DVJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydə alınması barədə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müracət etsə də ona heç bir yazılı və şifahi cavab verilməmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmiş, daha sonra isə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilməsi və Göygöl rayon Qızılca-Üçtəpə bələdiyyəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardadlar qəbul edilmişdir.
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
16. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmiş, cavabadeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
18. Etiraz imtina məktubunda göstərilən dəlillə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən JN-1024A (KOD ********) Şəhadətnamənin nüsxəsi Ərazi İdarəsinə təhvil verilməmişdir. Şəhadətnamələrin qeydiyyat kitabında JN-1024B nömrəli X1 adına (sahə 0.07 ha) qeyd edilmişdir. Ərazi İdarəsinin elektron baza, yəni adlı siyahı (DBF) məlumatlarına əsasən JN-1024 nömrəli şəhadətnamə X5 adınadır. Həmçinin "xxxx" MMC-nin Göygöl Rayon Məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-555/2023 nömrəli məktubuna əsasən mərkəzin arxivində JN-1024A (Kod ********) nömrəli Şəhadətnamənin nüsxəsinin olmadığı, bu səbəbdən rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılmasının mümkün olmadığı, həmçinin mövcud olan Göygöl rayonu, Üçtəpə kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X5 adının qeyd edildiyi və həmin hissədən çıxarışın məhkəməyə göndərildiyi qeyd edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 42/2023 nömrəli qətnaməsindən maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-42/2023 nömrəli qərardadına əsasən apellyasiya şikayəti MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərinə riayət edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Vətəndaşa xx.xx.2024-cü il tarixli, 3-21- 3-33/2-8617/2024 nömrəli cavab məktubu (bildiriş) ünvanlanmışdır.
19. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi: VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X7 Xanlar rayonu, Üçtəpə kəndində yerləşən 1024A nömrəli konturdan 0.05 ha torpaq sahəsi ayrılmışdır (bu barədə elektron baza məlumatları - DBF fayllarında və kompleks yerquruluşu layihəsi – DWG xəritəsində müvafiq məlumatlar əks olunmuşdur).
22. İddiaçının adı həmin sənədlərdə X2 qeyd edildiyindən o, müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-42/2023 nömrəli qətnaməsi ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlin ailə başçılarının və ailə üzvlərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırasında göstərilmiş X5, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında (DWJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən X9 yazılmış hissəsinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
23. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-8617/2024 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, həmçinin, torpaq sahəsinin şimal-qərb istiqamətindən (təxminən 3 metr məsafədən) 110 kVt-luq, şərq istiqamətindən (8 metr məsafədən) 6/10 kVt-luq yüksək gərginlikli elektirk xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
24. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.
25. Belə ki, cavabdeh orqanın dəlili faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması ilə bağlıdır.
26. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 332 kv.m hissəsi 1024A nömrəli həyətyanı sahə ilə, yəni iddiaçıya ayrılmış sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 263.0 kv.m hissəsi 1995BB nömrəli bələdiyyə mülkiyyətində olan sahə ilə üst-üstə düşərək, bələdiyyə mülkiyyətinə aid olsa da, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında istinadən kateqoriyası yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. .
27. Torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına gəlincə məhkəmə qeyd edir ki, bunun səbəbi məhz iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə dair JN-1024A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatlarında iddiaçının adına işlənilməməsi olmuşdur. Həmçinin, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsi iddiaya etiraz etməmişdir.
28. Məhkəmə cavabdeh orqanın sözügedən torpaq sahəsinin şimal-qərb istiqamətindən (təxminən 3 metr məsafədən) 110 kVt-luq, şərq istiqamətindən (8 metr məsafədən) 6/10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin keçməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.
29. Belə ki, cavabdehin həmin dəlili mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, hazırda qüvvədə olan normaların məzmunu ilə müəyyən edilir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.
30. Bu səbəbdən, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
37. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Əksinə, iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün həmin Qanunun 8-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlər (əsaslar) mövcuddur.
38. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva