Məhkəmə qərarları › İş №2-1(114)-1758/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1758/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1758/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonunun (keçmiş Şamxor rayonunun) Təzəkənd kəndində doğulmuş, 2000-ci ilin əvvəllərinədək orada yaşamışdır. Şəmkir rayon Təzəkənd kənd orta məktəbini bitirmiş, 01 sentyabr 1980-ci il tarixdə Şəmkir rayonu 164 saylı texniki məktəbə daxil olaraq 1981-ci ilin iyun ayında oranı elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. Şəmkir rayonu Hərbi komissarlığı tərəfindən 19 oktyabr 1982-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmış, 13 dekabr 1984-cü il tarixdə xidmətdən tərxis olunmuşdur. Əmək fəaliyyətinə 14 fevral 1985-ci il tarixdə başlamış, 30 yanvar 1989-cu il tarixədək müxtəlif peşələrdə işləmişdir. 1988-ci ildə qeyri rəsmi olaraq X3 ilə ailə qurmuş, birgə nikahdan 17 iyun 1994-cü il tarixdə X1 doğulmuşdur. Bu illər ərzində Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olmuşdur. Bir müddət işsiz qalandan sonra 2000-ci ilin əvvəllərində işləmək üçün Rusiya Federasiyasına getmiş, lakin orada pasportunu itirdiyi üçün məcbur olaraq 2000-ci ilin sentyabr ayında Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək oranın pasportunu almışdır. Hazırda Şəmkir rayonu Təzəkənd kəndində atasına məxsus evdə yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək, şəxsiyyət vəsiqəsi almaq istədiyindən Gəncə"ASAN xidmət" mərkəzinə müraciət etmiş, bununla əlaqədar cavabdeh orqan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə olan sorğusuna 17 fevral 2022-ci il tarixli, ******* nömrəli qərarı ilə imtina etmişdir. Cavabdeh orqan qərarda onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığını bildirsə də, o, həmin imtina ilə razılaşmır. Belə ki, o, Azərbaycan Respublikasında doğulmuş, 2000-ci ilədək Azərbaycan Respublikasında qeydiyyatda olmuş və onun valideynləri Azərbaycn Respublikası vətəndaşlarıdır. Daha sonra, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022ci il tarixli, ******* nömrəli Qərarının ləğv olunmasını və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli Qərardadı ilə iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə sözügedən qərarı şəxsən almış və bunu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, iddiaçın özü də sözügedən qərardan xəbərdar olduğunu istər iddia ərizəsində, istərsə də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.3, 3.11 və 3.12-ci bəndlərinə əsasən, Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın qərarın ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, xidmətə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar