Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1759/2025 04.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A Kod 61101004 nömrəli şəhadətnamədə göstərilən 0,05 hektar həyətyanı torpaq sahəsinin adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bundan sonra onun adına xx.xx.2006-cı ildə «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A Kod 61101004 nömrəli şəhadətnamə hazırlanmışdır. Torpaq sahəsinin 2007-ci ildə dörd bir yanını mişar daşı ilə hasara almaqla içərisində iki otaqlı fərdi yaşayış evi tikməyə başlamışdır. Bü günə kimi fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə yaşayır. Onunla qonşuluqda olan torpaq sahəsinin sahibləri hamısı çıxarış almışlar. Mülkiyyətində olan torpaq sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Əsas kimi göstərilmişdir ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A Kod 61101004 nömrəli şəhadətnamənin arxiv nüsxəsi yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən mülkiyyətçilər ilə DBF faylında olan mülkiyyətçilər arasında fərq vardır və JN-2093A nömrəli, KOD 61101004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi yoxdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 etiraz ərizəsinin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və iddia tələbini əsassız hesab etdiyi üçün rədd edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093 A KOD 61101004 saylı şəhadətnamə, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu, cavabdeh orqanın şəhadətnamələrin təqdim olunması barədə qeydiyyat kitabından verdiyi çıxarış və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları əsasında müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərar ilə İddiaçı 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə iddiaçının adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A KOD 61101004 nömrəli şəhadətnamə işlənmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət etmiş və onun ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, şəhadətnamədə göstərilən mülkiyyətçilər ilə DBF faylında olan mülkiyyətçilər arasında fərq var və «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A saylı şəhadətnamənin arxiv nüsxəsi yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçı «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyətə aid torpaq sahəsidir. TEKUİS məlumat bazasına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,05 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı məqsədli torpaq sahəsidir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin koordinatları ilə qismən uyğunsuzluq təşkil edir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi Tərtər rayonunun ərazisində aparılmış ilkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmişdir. Lakin Tərtər şəhərində xüsusi mülkiyyətə verilən torpaq sahələrinin adlı siyahısında 2093 saylı mülkiyyətçi kimi X1 adı qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi üzərində bir ədəd yaşayış evi mövcuddur. Torpaq sahəsi üzərindəki tikili həmin torpaq sahəsinin hüdudları daxilində yerləşir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Məhkəmə diqqətə çatdırır ki, torpaq sahəsinin ayrılan zamandan bu yana iddiaçının faktik sahibliyində olması, orada iddiaçı tərəfindən fərdi yaşayş evi inşa edilməsi, hazırda da həmin evdə ailə üzvüləri ilə birgə yaşaması, habelə, torpaq sahəsi üzərində hər hansı üçüncü şəxslərin hüquqları qeydə alınmadığından cavabdeh inzibati orqanın verdiyi imtina əsaslı sayıla bilməz. Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təsadüfi deyildir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxlaması təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A saylı şəhadətnaməyə əsasən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh orqanın birbaşa səlahiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Habelə, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçı hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, eyni zamanda suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Yəni inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıya aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, Tərtər şəhərində xüsusi mülkiyyətə verilən torpaq sahələrinin adlı siyahısında 2093 saylı mülkiyyətçi kimi X1 adının qeydiyyata alınması cavabdeh inzibati orqana əsas vermir ki, hazırda iddiaçının adına çıxarış verilməsindən imtina etsin. Belə ki, 2093A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə İddiaçı adı qeyd olunmuşdur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan şəhadətnaməyə etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Torpaq sahələrinin adlı siyahısında iddiaçının adının qeyd olunmaması, habelə, şəhadətnamənin arxiv nümunəsinin olmaması onun təqsiri ucbatından baş vermədiyi üçün, bu gün yaranan ziddiyyətə görə iddiaçının hüquqları məhdudlaşdırılmamalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Nə qədər ki, mülkiyyət hüquqlarının qeydə alınması xahiş olunan 0,05 ha torpaq sahəsi üzrə İddiaçı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2093A saylı şəhadətnaməsi mövcuddur, bu zaman «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsi iddianın təmin edilməsinə əsas verir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 2093A Kod 61101004 nömrəli şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsi üzərində faktiki istifadəyə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1759/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1759/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver