Məhkəmə qərarları › İş №2-1(114)-176/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-176/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-176/2021 26.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6rşı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınmasında edilən yanlışlığın aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 (bundan sonra mətndə cavabdeh) xx xxxx 2020-ci il tarixli **********90 nömrəli məktubu ilə Bərdə rayonu, Həsənli kəndində yerləşən torpaq sahəsinin Dövlət aktında 1,41 ha əvəzinə 1,09 ha qeyd edilən yanlışlığın aradan qaldırılmasına köməklik göstərilməsi barədə İddiaçı (bundan sonra mətndə iddiaçı) müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinə məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-050 saylı Dövlət aktı üzrə hansı səbəbdən 1,41 ha əvəzinə 1,09 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məlum deyil və həmin yalnışlığın araşdırılaraq düzəldilməsi İdarənin səlahiyyətlərinə aid deyildir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçıya məxsus Bərdə rayonu, Həsənli kəndində yerləşən torpaq sahəsinin Dövlət aktında 1,41 əvəzinə 1,09 ha qeyd edilən yalnışlığın aradan qaldırılaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayonu, Həsənli kəndində yerləşən 1,41 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Ancaq buna baxmayaraq A482958 saylı Torpaq sahəsinin planı və ölçüsü və ********** saylı Çıxarışda 0,4507 ha və A482957 saylı Torpaq sahəsinin planı və ölçüsü və ********** saylı Çıxarışda isə 0,6428 ha olmaqla, ümumilikdə 1,0935 ha torpaq sahəsi göstərilmişdir. Həmin torpaq sahəsi faktiki iddiaçının istifadə və sahibliyində olsa da, qalan 0,32 ha torpaq sahəsini isə sənədləşdirə bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon şöbəsinə etdiyi müraciətə xx.xx.2013-cü il tarixli 3/16 saylı məktubla cavab verilmişdir ki, 4 nəfər ailə üzvlərinizlə birlikdə mülkiyyətinizdə JN 050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 1,09 hektar pay torpağı var. İddiaçının istifadəsində həyətyanı torpaq sahəsinin olub-olmaması barədə DT və XK-si Bərdə rayon şöbəsində heç bir sənəd yoxdur. Lakin sənədlərə əsasən 0,15 hektar zəbt torpağı iddiaçının pay torpağından çıxılmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, onun pay torpağı yoxdur ki, həyətyanı sahəsindən zəbt torpağı kimi 0,15 ha torpaq sahəsi çıxılsın. Bu barədə aidiyyatı qurumlar məlumatlı olsa da, müraciətləri müsbət həllini tapmamışdır. Bu səbəbdən məcbur qalıb iddia qaldırmalı olmuşdur. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ona verilən dövlət aktını itirmişdir. Həmin dövlət aktında da 1,09 ha torpaq sahəsi qeyd olunmuşdu. Ona ikinci dəfə torpaq sahəsi ölçülən zaman sənəddə düzəliş olunaraq sənəddə 1,41 ha qeyd ediləcəyi bildirilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək imtinanın əsaslarını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus 1,09 ha torpaq sahəsi iki hissəlidir, yəni 45 sot torpaq sahəsi və 64 sot torpaq sahəsi ayrı-ayrı yerləşir. Hazırda iddiaçı ərizəsində qeyd etdiyi halı təsdiq edən heç bir sənəd təqdim etmədiyi üçün müraciəti təmin olunmamışdır. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -Daşınmaz əmlakın dövlət reyestrində 159 nömərli kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış reyestrdən çıxarışa əsasən Bərdə rayonu, Həsənli kəndində yerləşən 0,6428 hektar (**********81 reyestr nömrəli) torpaq sahəsi İddiaçı, X3, X7, X4 ümumi birgə payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmiləşdirilmişdir. -Daşınmaz əmlakın dövlət reyestrində 158 nömərli kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış reyestrdən çıxarışa əsasən Bərdə rayonu, Həsənli kəndində yerləşən 0,4507 hektar (**********82 reyestr nömrəli) torpaq sahəsi İddiaçı, X3, X7, X4 ümumi birgə payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmiləşdirilmişdir. -Jn:00xx xxx 61015068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Bərdə rayonu X2 1998-ci il 25 iyul tarixli 10 saylı qərarı ilə 1,09 hektar torpaq sahəsi İddiaçı, X3, X7, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. -Həmin Dövlət aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi (sertifikatı) dən görünür ki, torpaq sahəsinin ölçüsü İddiaçı, X3, X7, X5 6428,95 və 4507,85 kv.m, cəmi 10936,80 kv.m-dir. -JN50, xx.xx.1999-cu il tarixli Dövlət aktı əsasında tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədlərində də sənəd üzrə və faktiki sahə müvafiq olaraq 0,6428 hektar və 0,4507 hektar göstərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlərdən məlum olur ki, Bərdə rayonu X2 1998-ci il 25 iyul tarixli 10 saylı qərarı ilə 1,09 hektar torpaq sahəsi İddiaçı, X3, X7, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və bu barədə Jn:00xx xxx 61015068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Həmin Dövlət aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi (sertifikatı) da da torpaq sahəsinin ölçüsü 6428,95 və 4507,85 kv.m, cəmi 10936,80 kv.m göstərilmişdir. Həmin torpaq sahələri üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq onlara müvafiq çıxarış verilmişdir. Göründüyü kimi torpaq sahəsinin verilməsinə əsas olmuş sənədlərdə torpaq sahəsinin ölçüsü 6428,95 və 4507,85 kv.m, cəmi 10936,80 kv.m göstərilmiş və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları tanınmış və cavabdeh inzibati orqan tərəfindən hüquqların qeydə alınması zamanı hər hansı qeyri-dəqiqliyə yol verilməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən əksik 0,32 ha torpaq sahəsinə dair qanunvericilikdə hüquqların qeydə alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər də təqdim olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.1. maddəsinə əsasəq qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.2. maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin; 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 1.2. maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Beləliklə, torpaq sahəsinin verilməsinə əsas olmuş sənədlərə uyğun olaraq iddiaçının mülkiyyət hüquqları qeydə alındığından, habelə iddiaçı tərəfindən əksik 0,32 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən Məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6rşı “Bərdə rayonu, Həsənli kəndində yerləşən torpaq sahəsinin Dövlət aktında 1,41 əvəzinə 1,09 ha qeyd edilən yalnışlığın aradan qaldırılaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar