Məhkəmə qərarları › İş №2-1(114)-176/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-176/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-176/2022 06.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 25.10.2021–ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz Rayon 20 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 16.11.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13.03.1987-ci il tarixdən 01.05.2009-cu il tarixədək Tovuz Telekommunikasiya qovşağında şəhərlərarası, sifariş sorğu komutatorlarında gecə və gündüz fəaliyyət göstərən danışıq məntəqəsində telefon rabitəsinin telefonçu vəzifəsində işləmiş, rabitə sahəsində danışıq məntəqələri ləğv edildiyinə görə həmin tarixdən indiyədək qoşağın kənd EATS-də stansiya montyoru vəzifəsində işləyir. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən cavabdeh orqana müraciət etsə də sonuncu 28.09.2021-ci il tarixli cavab məktubu ilə bundan imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, iddiaçının hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 46.400 manat hesablandığı halda iddiçıda bu məbləğ 27.292,30 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndələri iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək cavabdehin imtinasının əsassız sayılıb iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh iddiaya qarşı 05.04.2022-ci il tarixli, **********7 nömrəli etiraz təqdim edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtinanın əsası kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi göstərilmiş və imtina aşağıdakı kimi əsaslandırılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan İşlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yasına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa va fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin mətnindən aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır: 2) Azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilinin həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçı nəzərən birinci əsəsla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq 21.07.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 33 il 3 ay 18 gün güzəştli stajı vardır, lakin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiva kapitalı cəmi 27292,30 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 28.09.2021-ci il tarixli, **********4 nömrəli imtinası, "xxxx" MMC-nin 03.08.2021-ci il tarixli, 6/759 nömrəli, 14.12.2021-ci il tarixli, 6/997 nömrəli və 11.02.2022-ci il tarixli, 6/59 nömrəli arayışlar, 22.05.1995-cı il tarixində tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçasının kserosurəti, cavabdehin məhkəməyə ünvanladığı 11.11.2021-ci il tarixli, **********4 nömrəli vəsatət, cavabdehin məhkəməyə ünvanladığı 12.01.2022-ci il tarixli, **********6 nömrəli ərizəsi, cavabdehin məhkəməyə ünvanladığı 05.04.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı məxsus İT ******* nömrəli, 22.05.1995-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, o, 13.03.1987-ci il tarixdən 01.05.2009-cu il tarixədək Tovuz Telekommunikasiya qovşağında telefonçu vəzifəsində, 01.05.2009-cu il tarixdən halhazırki vaxta kimi isə stansiya montyoru kimi işləyir. 6/59 nömrəli, 11.02.2022-ci il tarixli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Tovuz Filialı tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı 13.03.1987-ci il tarixdən 01.05.2009-cu il tarixədək Tovuz Telekommunikasiya qovşağında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarına 2 nömrəli əlavəsinin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə peniya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 2 saylı siyahısında 2310000- 19093 kodu ilə göstərilmiş şəhərlərarası sifariş sorğu komutatorlarda və gecə gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçusu vəzifəsində işləmişdir. Qərarın tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01.05.2009-cu il tarixdən hal-hazıra qədər isə Qazqulu kənd EATS-də elektrik montyoru işləyir. Cavabdehin istər 28.09.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubunda, istərsə də 05.04.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubunda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinaya əsas səbəb kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Tətbiq edilən maddi hüquq: “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanların yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 2310000-19093 kodu ilə göstərilmiş şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları qeyd olunmuşdur. Etirazda qeyd olunduğu kimi cavabdehin etirazını yeganə dəlili iddiaçının pensiya kapitalının yaranmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb Qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. İddiaçı isə həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Belə ki, qanun dəyişilənədək iddiaçı artıq 20 il sığorta stajı və bu müddətin 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə münasibətdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadında “Qazanılmış hüquq” anlayışına belə tərif verilmişdir ki, yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. İş materialları ilə iddiaçının 55 yaşına çatması, 20 ildən artıq ümumi iş stajı, həm də 10 ildən artıq güzəştli iş stajı olması təsdiq olunur. Beləliklə, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ 21.07.2021-ci il tarixindən yarandığından ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 21.07.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar