Məhkəmə qərarları › İş №2-1(114)-1760/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1760/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1760/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, X1 Gəncə şəhəri Baş Polis İdarəsinə (üçüncü şəxslər X4, X2, X5, X6) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdim: X4 05.08.2021-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X4, X2, X5, X3 mülkiyyətçi X8 ogluna məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 avqust 2021-ci il sərəncamı ilə iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi iddiaçının nümayəndəsi kimi İddiaçı tərəfindən imzalansa da, iddia ərizənə iddiaçı tərəfindən İddiaçı adına verilmiş etibarnamə və həmin şəxsin onunla yaxın qohum olub-olmaması barədə heç bir sənəd əlavə edilmədiyi üçün nümayəndənin adına olan etibarnaməni və onun yaxın qohumu olmasını təsdiq edən sənədin əslinin və yaxud notariat qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması təklif edilmişdir. Bundan əlavə iddiaçının nəzərinə çatdırılmışdır ki, tərəfindən məhkəməyə təqdim edilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, verilmiş ərizənin forma və məzmununa riayət edilməmiş, yəni iddiaçı öz adını da üçüncü şəxs qismində qeyd etmiş və özünün də qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin o, artıq iddiaçı qismində tərəf olduğu üçün üçüncü şəxs kimi prosesdə tərəf ola bilməz. Qeyd olunanlara əsasən iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya 25.08.2021-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini qanunvericiliyin tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu 06.09.2021-ci il tarixli məktubu ilə iddiaçıya təkrar xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı X1 Gəncə şəhəri Baş Polis İdarəsinə (üçüncü şəxslər X4, X2, X5, X6) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar