Məhkəmə qərarları › İş №2-1(114)-1760/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1760/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1760/2025 11.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər şəhəri, X3 küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı Tərtər şəhərində yerləşən 0.05 ha torpaq sahəsi həyətyanı məqsədilə ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN- 2092A KOD 61101004 nömrəli şəhadətnamə tərtib edilmişdir.

2. İddiaçı cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək ona 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3989/2024 nömrəli məktubu ilə iddia tələbi imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən mülkiyyətçilər ilə DBF faylında və qeydiyyat kitabında olan mülkiyyətçilər arasında fərq var.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-14558/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində "xxxx" MMC-nin arxivində Tərtər şəhərində həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 1002/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən JN-2092A nömrəli KOD 61101004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0.05 ha həyətyanı torpaq sahəsi Tərtər rayonu AİK-nın xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə Tərtər şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. O cümlədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında JN-2092A nömrəli KOD 61101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni Məmmədova Qərənfil təhvil alan şəxs kim adı qeyd edilmişdir.

5. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Elektron məlumat bazasına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.05 ha torpaq sahəsinin mülkiyyət forması xüsusi, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, həyətyanı torpaq sahəsidir. Üzərində bir ədəd dəmirdən tikili (qeyri-yaşayış) var. Faktiki istifadə edilən 0.05 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilir. 2) İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadə üzrə koordinatlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə üzrə kompleks yerquruluşu layihəsində əka olunmuş koordinatları ilə qismən uyğunsuzluq təşkil edir (sxem rəyə əlavə edilir). 3) İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin koordinatları ilə qismən uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətdən artıq qalan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 40 kv.m hissəsi üstüstə düşür (sxem rəyə əlavə edilir). 4) İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi Tərtər rayonunun ərazisində aparılmış ilkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına nəzərən digər şəxslərin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 40 kv.m hissəsi mülkiyyətdən artıq qalan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür (sxem rəyə əlavə edilir).

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturadakı istifadəçilik arasında qismən uyğunsuzluq olduğundan (koordinat sürüşməsi) olduğundan 266 kv.m hissəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturadakı istifadəçilik arasında qismən uyğunsuzluq olduğundan (koordinat sürüşməsi) olduğundan 266 kv.m hissəsi X1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər şəhəri, X3 küçəsində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-2092A KOD 61101004 saylı şəhadətnamədə göstərilən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci ildə Tərtər rayonunda anadan olmuşdur. Qarabağ müharibəsi qazisidir. Tərtər rayon X2 xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə 0.05 ha "Fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi ona verilmişdir. 18 yanvar 2006-cı il tarixdə Torpağın mülkiyyətə verilməsinə dair JN-2092A KOD 61101004 saylı şəhadətnamə də verilmişdir. Torpaq sahəsinin dörd bir tərəfdən mişar daşı ilə hasara alınmaqla bu günə kimi həmin torpaq sahəsi onun istifadəsindədir. Məlum erməni hadisələri ilə əlaqədar və Qarabağ müharibəsində iştirakı ilə bağlı torpaq sahəsində tikinti apara bilməmiş və torpaq sahəsinə çıxarış ala bilməmişdir. Onunla qonşu torpaq sahəsinin sahiblərinin hamısının torpaq sahələrinə çıxarış verilmişdir. Torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı, 2024-cü il avqust ayında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-3989/2024 saylı cavab məktubu ilə JN-2092A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi olmadığı üçün çıxarış verilməsi mümkün olmadığı barədə cavab məktubu verilmişdir. Məktubun surətini ərizəsinə əlavə edir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Tərtər şəhər X3 küçəsində istifadəsində olan 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3989/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-14558/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 1002/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2511/24 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı Tərtər şəhərində yerləşən 0.05 ha torpaq sahəsi həyətyanı məqsədilə ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək ona 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3989/2024 nömrəli məktubu ilə iddia tələbi imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən mülkiyyətçilər ilə DBF faylında və qeydiyyat kitabında olan mülkiyyətçilər arasında fərq var.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

26. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, təqdim olunmuş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən mülkiyyətçilər ilə DBF faylında və qeydiyyat kitabında olan mülkiyyətçilər arasında fərq var.

27. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

28. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamənin qeydiyyat kitabında digər şəxsin adına işlənməsi iddiaçının məsuliyyət sferasına aid məsələ deyil və bu hal iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas sayıla bilməz. Belə ki, sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə-İnstitutunun vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir.

29. Digər tərəfdən, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.05 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, Elektron məlumat bazasına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.05 ha torpaq sahəsinin mülkiyyət forması xüsusi, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, həyətyanı torpaq sahəsidir. Üzərində bir ədəd dəmirdən tikili (qeyri-yaşayış) var. Faktiki istifadə edilən 0,05 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadə üzrə koordinatlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə üzrə kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatları ilə qismən uyğunsuzluq təşkil edir (sxem rəyə əlavə edilir). İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 2092A KOD 61101004 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin koordinatları ilə qismən uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətdən artıq qalan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 40 kv.m hissəsi üst-üstə düşür (sxem rəyə əlavə edilir). İddiaçının iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi Tərtər rayonunun ərazisində aparılmış ilkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2092A KOD 61101004 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına nəzərən digər şəxslərin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 40 kv.m hissəsi mülkiyyətdən artıq qalan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür (sxem rəyə əlavə edilir).

30. Yəni, iddiaçının faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsinin 40 kv.m hissəsi mülkiyyətdən artıq qalan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2092A KOD 61101004 nömrəli şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsinin hər hansı torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir.

31. İddiaçı da hazırkı tələbində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2092A KOD 61101004 nömrəli şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir.

32. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Tərtər şəhəri, X3 küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar