Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1763/2021 02.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Samux Bələdiyyəsi) qarşı torpaq sahəsinə dair tərtib edilmiş JN-833A saylı şəhadətnamədə əks olunan 0,08 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan Samux rayon Kolayır kəndində yerləşən torpaq sahəsinə dair şəhadətnamədə əks olunan 0,08 ha torpaq sahəsi və onun üzərində tikilmiş tikinti ilə bağlı mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Samux rayonu Kolayır kəndi ərazisindən 0,08 ha torpaq sahəsi JN-833A KOD 50708018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi onun mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində yaşayış evi inşa etdirmiş, qeyd edilən yaşayış evinə dövlət tərəfindən elektrik enerjisi və qaz xətti çəkilmişdir. Həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etmək üçün cavabdehə müraciət etmiş, lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-833A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edildiyindən cavabdeh tərəfindən imtina edilmişdir. O, mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun bütün ünsürlərinə malikdir və həmin torpaq sahəsi və üzərində tikilmiş tikinti ilə bağlı bu günə qədər kiminsə tərəfindən hər hansı bir tələblə qarşılaşmamışdır. Odur ki, cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 01.10.2021-ci il tarixdə iddiaçı «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, torpaq sahəsinə dair tərtib edilmiş JN-833A saylı şəhadətnamədə əks olunan 0,08 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.10.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-833A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında (DBF və DWJ) öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş üzrə Gəncə İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə Samux bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinə münasibət bildirərək göstərdi ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi sahibsiz torpaq sahəsi kimi bələdiyyənin mülkiyyətinə verilmişdir. Lakin iddiaçının torpaq sahəsinin ona aid olması barədə sənədləri olduğu halda iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə araşdırmasının predmetini X8, Monitorinqi və İnformasiya Mərkəzinin 05.11.2002-ci il tarixli Samux rayonu ərazisində torpaq sahəsi ayrılmış sakinlərin siyahısı, Samux rayon İcra Hakimiyyəti başçısının 15.01.1998-ci il tarixli 09 nömrəli sərəncamı, 18.11.2002-ci il tarixli JN-833A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, elektrik enerjisindən istifadə ilə bağlı 28.09.2010-cu il tarixli **********00123 nömrəli abunə haqqında məlumat, qazdan istifadə ilə bağlı 10.10.2012-ci il tarixli **********00000 nömrəli abonentin saldosu, 18.06.2019-cu il tarixli AZ-İ 321006 nömrəli nikahın pozulması haqqında şəhadətnamə, Samux rayon Kolayır kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısı, elektron baza (DWG və DBF) siyahısından çıxarış, Samux rayon Dövlət Arxivinin 02.11.2021-ci il tarixli 193 nömrəli Arxiv Arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2021-ci il tarixli **********26 nömrəli məktubu, cavabdehin 15.07.2021-ci il tarixli **********33 nömrəli imtina məktubu və 08.09.2021-ci il tarixli **********29 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş X8, Monitorinqi və İnformasiya Mərkəzinin 05.11.2002ci il tarixli Samux rayonu ərazisində torpaq sahəsi ayrılmış sakinlərin kadastr siyahısından görünür ki, həmin siyahının 833-cü sırasında İddiaçı faktiki olaraq istifadəsində bələdiyyənin ehtiyat fonduna aid 0.0836 ha torpaq sahəsi var. Samux rayon İcra Hakimiyyəti başçısının 15.01.1998-ci il tarixli 09 nömrəli sərəncamından görünür ki, rayonun S.Ağayev adına üzüm istehsalı və emalı müəssisəsinin X6 11.07.1997-ci il tarixli 10 nömrəli protokolu, Kolayır kənd icra nümayəndəsinin 12.07.1997-ci il tarixli 07 saylı vəsatətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 saylı qərarına müvafiq olaraq Kolayır və Alıncalı kəndlərində kəskin ehtiyacı olan kənd əhalisinə həyətyanı torpaq sahəsi verilməsini xahiş etdiklərindən, S.Ağayev adına üzüm istehsalı və emalı müəssisəsinin X6 və Kolayır kənd icra nümayəndəliyinin vəsatətini və kənd əhalisinin ciddi ehtiyaclarını nəzərə alaraq, rayonun Kolayır kəndi üzrə nümayəndəliyinin ərazisindən 4 ha ayırıb 008 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. 18.11.2002-ci il tarixli JN-833A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı Samux rayonu Kolayır kəndi ərazisindən 0.08 ha torpaq sahəsi verilmişdir. 18.06.2019-cu il tarixli AZ-İ 321006 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X1 arasında olan 18.06.2019-cu il tarixdə ləğv edilmiş və ona-qadına Məmmədova soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2021-ci il tarixli **********26 nömrəli məktubunda göstərilmişdir ki, Samux rayon Kolayır kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında və elektron baza (DWG və DBF) siyahısından çıxarışda «Torpağın mülkiyyətə verilməsinə dair» JN-833a saylı şəhadətnamənin şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adı göstərilsə də, torpaq sahəsi barədə qeydiyyat aparılmamışdır. Elektron baza (DWJ) məlumatlarında həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından görünür ki, hal-hazırda sözügedən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və o, mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək, həmin evdə yaşamaqla 28.09.2010-cu il tarixdən elektrik enerjisinə və 10.10.2012-ci il tarixdən qazdan istifadə etdiyinə görə ödənişlər etmişdir. Beləliklə ki, məhkəmədə tədqiq edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, Samux rayonu Kolayır kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli, 01 nömrəli qərarı əsasında İddiaçı verilmiş və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Digər tərəfdən, iddiaçı Samux rayonu Kolayır kəndində rəsmi qeydiyyatdadır və onun daimi yaşayış yeri Samux rayonu Kolayır kəndinin ərazisidir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan Samux rayonu ərazisində torpaq sahəsi ayrılmış sakinlərin siyahısı, Samux rayon İcra Hakimiyyəti başçısının 15.01.1998-ci il tarixli 09 nömrəli sərəncamı və 18.11.2002-ci il tarixli JN-833A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə də təsdiq edilir. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-833A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında (DBF və DWJ) öz əksini tapmamışdır. Məhkəmə cavabdehin bu arqumentini əsassız hesab edir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüququnu əmələ gəlməsinin, başqasına keçməsinin... Dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə iş materiallarında olan sənədlərlə iddiaçının qanuni əsaslarla sözügedən torpaq sahəsinə sahiblik etdiyi müəyyən olunduğundan JN-833A (KOD ********) nömrəli şəhadətnamə ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində onun hüquqlarının qeydiyyata alınmasından imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı JN-833A (KOD ********) nömrəli şəhadətnamə ilə ona verilmiş 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Samux rayonu Kolayır kəndi ərazisindən 0,08 ha torpaq sahəsi JN-833A KOD 50708018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi onun İddia təmin edilsin. Torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmiş JN-833A saylı şəhadətnamədə əks olunan 0,08 ha torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1763/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1763/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver