Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1763/2022 15.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Goranboy rayonu, Şahməmmədli kənd sakini olmuş mərhum atası X4 da adına 4 saylı təsərrüfatbaşına kitabın 46 vərəqində qeyd edilmiş 0,08 ha torpaq sahəsinə dair ona atasının qanun üzrə vərəsinə çıxarış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum atası X4 adına Goranboy rayonu, Şahməmmədli kəndində 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. Torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün verilmişdir. Torpaq sahəsi ailə başçısı kimi atasına verilmiş, o və anası ailə üzvü kimi qeyd edilmişlər. Torpaq sahəsi onların istifadələrində sahibliklərində olsa da, bu günə kimi onlar torpaq sahəsinə dair çıxarış alıb torpağı adlarına qeyd etdirə bilmirlər. Səbəbi isə cavabdeh 7 saylı Ərazi İdarəsinin bundan imtina etməsidir. Torpaq sahəsi bələdiyyə fonduna aid torpaq sahəsinə aid torpaq da deyildir. Bu da bir daha torpağın onların istifadəsinə verildiyini sübut edir. Sadəcə olaraq müxtəlif bəhanələrlə torpağa dair adlarına çıxarış verilməmişdir. 0,08 ha torpaq sahəsi onların ailəsinə fərdi yaşayış evi tikmək üçün verilmişdir. Həmin torpaq sahəsi üzərində onların gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də torpağa dair adlarına çıxarışın verilməsindən imtina edilməsi onların əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, məhkəmə qaydası ilə cavabdehin üzərinə mərhum atasının adına qeydə alınmış təsərrüfatbaşına kitabın 134 nömrəli şəxsi hesabındakı 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini “Ölüm haqqında” xx.xx.2019-cu il tarixli, AZ-İİ 034621 nömrəli şəhadətnamənin surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, AA 552312 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti, Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1060 nömrəli arayış, Goranboy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 128 nömrəli arayışı, xx.xx.2021-ci il tarixli, 269 nömrəli arayış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubu, Goranboy Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli məktubu, Goranboy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 128/1 nömrəli işin sərlövhəsi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı 4 saylı Təsərrüfatbaşına kitabın 46 saylı vərəqi əsasında mərhum atası X4 adına qeydə alınmış 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin həmin torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 4 saylı Təsərrüfatbaşına kitabın 46 saylı vərəqinə istinad etməklə həmin sənəd üzrə mərhum atası X5 verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən edən sənədlər inzibati orqana təqdim edilməmiş, faktiki iddia etdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aiddir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Bərdə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən də görünür ki, Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X4 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə aid hər hansı hüquqmüəyyənedici sənəd (təhkim aktı ilkin torpaqayırma sənədi – şəhadətnamə, çıxarış və plan ölçü) məhkəmə materiallarına əlavə olunmadığından mübahisləndirilən həyətyanı torpaq sahəsinin mülkiyyət növünü müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən naturada göstərilən həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı tərəfindən naturada göstərilən həyətyanı torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla həyətyanı torpaq sahəsidir. Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X4 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd əlavə olunmadığından, iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini təyin etmək mümkün olmamışdır. Goranboy rayonu, Şəmmədli kənd sakini olmuş mərhum X4 adına 4 saylı təsərrüfatbaşına kitabın 46 saylı vərəqində qeyd edilmiş Goranboy rayonu, Şəmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd əlavə olunmadığından, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini təyin etmək mümkün olmamışdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, iddiaçıya verilmiş torpaq sahəsinin isə koordinatlarını əks etdirən hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1763/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1763/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver