Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1764/2020 30.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı müddətli hərbi xidmətə aparılmasının və hal-hazırda hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi, onun İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 3, 5, 8, 10, 14 və 18-ci maddələrində göstərilən hüquqlarının pozuntusunun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin onu hərbi xidmətə yararsız olduğu halda müddətli hərbi xidmətə aparmasının, hal-hazırda hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun qanunsuz olaraq, xəstə olduğu halda hərbi xidmətə aparılmasına səbəb aktiv ictimai və siyasi fəaliyyəti olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladıqdan sonra iddiaçı Xətai rayon 33 saylı X4 namizədliyini vermiş və onun fəallığı nəticəsində Xətai rayon 33 saylı X3 nəticələri Mərkəzi Seçki Komitəsi tərəfindən ləğv edilmiş və həmin dairədə yenidən seçkilərin keçirilməsinə qərar verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı namizəd olduğu dairənin qarşısında keçirdiyi aksiya zamanı həbs edilmiş, daha sonra buraxılmışdır. İddiaçı həmin ilin mart-aprel ayları ərzində dövlət orqanlarının dialoqa getmək, hökümətlə münasibətləri yaxşılaşdırmaq təklifi ilə bir neçə hökümət nümayəndəsi ilə görüşmüş, lakin hazırki hökümətin tədbirləri ilə onun hədəfəri üst-üstə düşmədiyindən belə uzlaşmalardan imtina etmişdir. Bu görüşlər zamanı iddiaçıdan bir daha namizəd olub olmayacağı barədə soruşulduqda, iddiaçı buna cavab olaraq siyası iddiaları olduğu üçün namizəd olmağa və seçkilərdə iştirak etməyə davam edəcəyini bildirmişdir. İddiaçı bu hadisələrdən sonra ona qarşı edilən təzyiqlərin gücləndiyini bildirib. İddiaçı xx xxx 2007-ci il tarixli Hərbi Həkim Komissiyasının rəyi ilə xəstəliklər cədvəlinin 1-ci qrafasının 71b maddəsinə əsasən hərbi xidmətə dinc dövrdə yararsız, müharibə dövrü üçün isə yararlı şəxsdir. Bu fakt Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx xxx 2007-ci il tarixli hərbi bileti ilə də sübut olunur. İddiaçının hərbi biletinin 16-18-ci səhifələrindəki möhürlə təsdiq edilmiş qeydlərdən görünür ki, o, xx xxx 2010-cu il, xx xxxx 2013-cü il və xx xxxxxx 2019-cu il tarixlərdə müayinələrdən keçmiş, növbəti müayinə isə xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı xx xxxxxx 2022-ci il tarixədək yararsız hesab edilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan xx xxx 2020-ci il tarixdə yenidən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə çağırılaraq müayinələrdən keçirilmiş və xx xxx 2020-ci il tarixli səhətin müayinə edilməsi barədə 7 saylı akt tərtib edilmiş, həmin aktla iddiaçıda sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrolifi müəyyən edilmişdir. Hərbi komissarın təzyiqləri nəticəsində xx xxx 2020-ci il tarixli 6 nömrəli Qoşma Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı əlavə edilib və iddiaçının sağlam və hərbi xidmətə yararlı olması göstərilib. İddiaçı hal-hazırda Ermənsitan Silahlı Qüvvələrinin işğal etdiyi ərazi ilə təmas nöqtəsindədir və şəraitsiz bir hərbi hissədə xidmət edir. İddiaçı bir neçə dəfə ailəsi ilə əlaqə saxlayaraq bildirib ki, böyrəyində və belində kəskin ağrıların olmasına baxmayaraq həkimlə və dərmanlarla təmin olunmur, əksinə belə şiddətli ağrılarla hərbi təlimi icra etməyə məcbur edilir. İddiaçıya ailəsi və qohumları ilə görüşməyə icazə vermirlər. Hərbi xidmətə yarasız hesab edilmə təkcə dövlətin həmin şəxsin xidmətin istifadə etməyəcəyi mənasında deyil, həmçinin bu xidmətdən istifadənin xidmətindən istifadə ediləcək insanın sağlamlığına zərər vurmağının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş bir statusdur. İndiki halda cavadeh qurum iddiaçını hərbi xidmətə aparmaqla iddiaçının sağlamlığını dahada ağırlaşdırır. İddiaçı bir müddət də bu şəkildə xidmət etməyə davam etsə, nəticə sağlamlığında bərpası mükünsüz nəticələr meydana gələcək və əlil arabasına məhkum olacaq. Ona görədə cavabdehlərin onu yararsız olduğu halda müddətli hərbi xidmətə aparmasının, hal-hazırda hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının və onun nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddə). Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı (əvvəlki soyadı Mürsəlov) 2007-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar keçmiş Ağdam rayon Hərbi Komissarlığı tərəfindən tibbi şəhadətləndirilməsi zamanı səhhəti ilə əlaqədar müayinə olunması üçün xx.xx.2007-ci il tarixdə Ağdam rayon Mərkəzi Xəstəxanasına tibbi müayinəyə göndərilmişdir. Tibb müəssisəsinin xx.xx.2007-ci il tarixli 2/165 nömrəli "Səhhətin müayinə edilməsi aktı"na əsasən ona "xroniki piolenefrit hipertonik tip böyrək funksiyanın mülayim dərəcədə pozulması" diaqnozu verilmişdir. Həmin diaqnoza əsasən, keçmiş Ağdam rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən iddiaçı "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvəlinin 1-ci qrafasının 71-ci maddəsinin "c" bəndinə uyğun olaraq dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçının 2019-cu ildə keçirilmiş təkrar tibbi müayinəsi zamanı ona Ağdam rayon Mərkəzi Xəstəxansı tərəfindən verilmiş "xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə, böyrəyin süzmə funksiyasının pozulması " diaqnozu şübhə doğurduğu üçün xidmətin Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar olaraq müayinəyə göndərilmiş və Ağdam rayon Mərkəzi Xəstəxansının xx.xx.2020ci il tarixli 52 nömrəli "Səhhətin müayinə edilməsi aktı"na əsasən ona "praktiki sağlam" diaqnozu verilmişdir. İddiaçı xidmətin Ağdam rayon şöbəsində hərbi-həkim komissiyası tərfindən təkrar şəhadətləndirilmiş və ona "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvələnin İ qrafasının 54-cü maddəsinin "b" bəndinə uyğun olaraq "hərbi ximətə yararlı" qərarı verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.2007-ci il tarixli AO ******* nömrəli hərbi bilet, xx.xx.2020-ci il tarixli 52 nömrəli (06 və 07 nömrəli qoşma) akt və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını tələb edir. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun:- - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. - 13-cü maddəsinə əsasən Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır, komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. - 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. - 15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir. - 15.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; - 15.2.2-ci maddəsinə əsasən sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; - 15.2.3-cü maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; - 15.2.4-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; - 15.2.5-ci maddəsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. - 20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. - 20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. - 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun:- -16-cı maddəsinə əsasən müddətli hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Müddətli hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir, həmin məsələdə-komissiya yalnız bu Qanunu rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin:- - 2.1-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. - 6.3-cü bəndinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 52 nömrəli səhətin müayinə aktından görünür ki, İddiaçı faktiki sağlam diaqnozu qoyulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçını yararlı hesab edilərək həqiqi hərbi xidmətə göndərilməsində haqlı olmuşdur. Odur ki, iddiaçının hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı müddətli hərbi xidmətə aparılmasının və hal-hazırda hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi, onun İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 3, 5, 8, 10, 14 və 18-ci maddələrində göstərilən hüquqlarının pozuntusunun tanınması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1764/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1764/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver