Məhkəmə qərarları › İş №2-1(114)-1764/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1764/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1764/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı ünvan 1 ünvanında yerləşən faktiki bölünmüş mülklərin bölünmüş vəziyyətinə uyğun bölgü planı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən faktiki bölünmüş mülklərin bölünmüş vəziyyətinə uyğun bölgü planı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 08.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ona və üçüncü şəxs X2 məxsus fərdi yaşayış evi ½ hissə payla, ümumi paylı mülkiyyətçi kimi adlarına qeydə alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 214.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.0549 ha göstərilmişdir. Həmin sənədə əsasən tikililərin və torpaq sahəsinin ölçüləri ümumi göstərilsədə faktiki olaraq 30 ilə yaxındır ki, ümumi mülkü qarşılıqlı razılaşmaya əsasən öz aralarında bölmüşlər, yəni onların hər birinin yaşayış və qeyri yaşayış sahələri, o cümlədən yardımçı tikililər və həyətyanı torpaq sahəsi bir-birindən ayrılmış və hər birinin ayrıca giriş-çıxış yolları var. Onların mülkləri tam ayrı və təcrid vəziyyətində olsa da, mülkiyyətə dair çıxarışın ümumi olması onların mülkiyyətləri ilə bağlı hüquqlarının sərbəst həyata keçirməsinə imkan vermir. Qarşılıqlı razılıq əsasında notariusa müraciət edərək, bölgü müqaviləsi bağlamaqla artıq çoxdan bölünmüş olan mülklərinin bölgüsünü rəsmiləşdirmək qərarına gəlmişlər, lakin notariusun imtina məktubundan sonra cavabdehə müraciət etmiş, cavabdeh 29.01.2021-ci il tarixli **********07 nömrəli məktubla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «A» literli və «B» literli iki yaşayış evlərindən, «C» literli əl damından və «D» literli mətbəx-hamamdan ibarət olduğunu, «A» və «B» literli tikililərin ayrıca tikili olduğu üçün onların bölünməsi üçün ayrıca bölgü planı hazırlana biləcəyini, lakin «A» literli yaşayış evi vahid tikili olduğundan, yəni eyni bünövrəsi, ortaq divarları və dam örtükləri ümumi birgə olduğundan həmin literli yaşayış evinin iki və daha çox yerə bölünə bilməyəcəyini və «A» literli yaşayış evinə dair bölgü planının hazırlanmasının mümkün olmadığını bildirmişdir. Cavabdeh tərəfindən mübahisəli olmayan və bölünmüş mülklərin olduğu vəziyyətinə dair bölgü planın hazırlaması heç bir normativ hüquqi akta zidd deyildir, əksinə imtina edilməsi onların mülkiyyət hüquqlarının pozulmasıdır. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin «A» literli və «B» literli iki yaşayış evindən, «C» literli əl damından və «D» literli mətbəx-hamamdan ibarət olduğu, «A» və «B» literli tikililər ayrıca tikili olduğu üçün onların bölünməsi üçün bölgü planının hazırlanmasının mümkün olduğu, lakin «A» literli yaşayış evi vahid tikili olduğundan, eyni binövrəsi, ortaq divarları, dam örtüyü olduğundan, konstruktiv cəhətdən bölünməsi mümkün olmadığından həmin literli yaşayış evinin iki və daha çox hissəyə bölünərək bölgü planının işlənilməsi mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxs X3 iddia tələbini qəbul edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 08.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 02.12.2020-ci il tarixdə tərtib edilmiş 44824 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu, cavabdehin 29.01.2021-ci il tarixli **********07 nömrəli imtina məktubu və 01.09.2021-ci il tarixli **********57 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 08.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 214.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 02.12.2020-ci il tarixdə tərtib edilmiş 44824 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq X1 və İddiaçı adına texniki pasport verilmişdir. Cavabdeh etirazının dəlilini «A» literli yaşayış evinin vahid tikili olub, eyni bünövrəsi, ortaq divarları, dam örtüyü olduğundan, konstruktiv cəhətdən bölünməsi mümkün olmadığından həmin literli yaşayış evinin iki və daha çox hissəyə bölünərək bölgü planının işlənilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın «İnzibati icraat haqqında» Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılmasını yoxlamağa yönəlməlidir. Bu mənada, «İnzibatı icraat haqqında» Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqanın öz təşəbbüsü ilə əlavə sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Buraya digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq, inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı bölgü planının hazırlanması) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Buna görə də, işə baxılarkən cavabdehin imtina, etirazının dəlillərinə münasibət bildirilməli olunsa da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı sənədin verilməsinə imkan verən bütün zəruri faktiki halların mövcudluğu müəyyən edilməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verilməlidir. Nəticə etibarilə, qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada, eləcə də daha sonra məhkəmə icraatının gedişində verdiyi etirazda hər hansı bir normativ hüquqi akta, habelə ekspert və yaxud mütəxəssis rəyinə istinad olunmamış, formal şəkildə imtina verməklə kifayətlənmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Əsasnamə»sinin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - 3.0.24-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək; - 3.0.68-ci maddəsinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq xidmətin vəzifələrindəndir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Əsasnamə»sinin yuxarıda sadalanan müddəalarının mənasından göründüyü kimi cavabdeh İnzibati icraat zamanı işin bütün hallarının araşdırılmasını təmin etməmiş, xidməti vəzifəsindən irəli gələn araşdırmaları aparmadan iddiaçının tələbindən imtina etmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılması əsassız olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının arzuladığı bölgü planının verilməsinə imkan verən halların mövcudluğuna gəlincə, məhkəmə qeyd edir ki, iş materiallarında olan fərdi yaşayış evinin Texniki pasportunun torpaq sahəsinin planından görünür ki, sözügedən yaşayış evindən ən azından iki küçəyə sərbəst çıxış var. Evin faktiki bölünməsinin mümkünlüyünə gəlincə isə bunu istisna edən faktiki hallar iş materiallarında mövcud deyildir. Üçüncü şəxs də iddianın təmin olunmasına etiraz etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqanın imtinası inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmadığından, iddiaçı isə sözügedən öhdəliyin icrasını tələb etməkdə haqlı olduğundan iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərd yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərd yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar