Məhkəmə qərarları › İş №2-1(114)-1765/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1765/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1765/2021 27.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 10.06.2021-ci il tarixli 145 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqdan ibarət yaşayış sahəsi 30.50 kv.m, köməkçi sahəsi 29.50 kv.m, ümumi sahəsi 60.00 kv.m olan 6 saylı mənzil onunla sosial kirayə müqaviləsi bağlandığından və həmin mənzilə istifadəçi hüququ tanınmaqla dövlət reyestri xidmətindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqdan ibarət yaşayış sahəsi 30.50 kv.m, köməkçi sahəsi 29.50 kv.m, ümumi sahəsi 60.00 kv.m olan 6 saylı mənzildə yaşayır, həmin mənzil xüsusi yaşayış sahəsinin olduğundan, sonuncu dəfə Şəmkir rayon Hakimiyyəti başçısı yanında Mənzil Komissiyasının 07 iyun 2021-ci il tarixli 02 saylı protokoluna əsasən, Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısı 10 iyun 2021-ci il tarixli, 145 nömrəli sərəncamı ilə onunla sosial kirayə müqaviləsi bağlanmış və həmin mənzilin qeydiyyatına icazə verilmiş, sərəncamın icrası cavabdehə həvalə edilmişdir. Bundan başqa, Şəmkir şəhər Mənzil İstismar Kontorunun Xüsusi Təyinatlı Yaşayış sahəsi ilə 16 iyun 2021-ci il tarixdə 74 nömrəli kirayə müqaviləsi bağlamışlar. Həmin sərəncam əsasında o iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh 30 iyul 2021-ci il tarixli **********002 nömrəli imtinasında bildirmişdir ki, istifadəsində olan fərdi yaşayış evi üzərində hüquqların Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi barədə təqdim etdiyi Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının Sərəncamından çıxarışda və Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində həmin mənzil üzərində hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat olmamış və bu barədə qanunvericilikdə Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında həmin mənzilə dair hüquqların Dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən də ərizənizin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının 10.06.2021-ci il tarixli 145 nömrəli sərəncamından çıxarış, 16.06.2021-ci il tarixli 74 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 30.06.2021-ci il tarixli **********002 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının 10.06.2021-ci il tarixli 145 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəmkir rayonu ərazisində yerləşən xüsusi təyinatlı yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında vətəndaşların istifadəsinə verilməsi barədə müraciətləri və Şəmkir rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil Komissiyasının 07.06.2021-ci il tarixli 02 saylı protokolu nəzərə alınaraq İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması və həmin mənzillərin qeydiyyatına icazə verilməsi qərara alınmışdır. İşdə olan 16.06.2021-ci il tarixli 74 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi X1 ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.00 kv.m-dən ibarət olan mənzilə dair sosial kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh 30.06.2021-ci il tarixli **********002 nömrəli imtina bildirişində göstərmişdir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi üzərində hüquqların Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi barədə təqdim etdiyi Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının Sərəncamından çıxarışda və Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində həmin mənzil üzərində hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat olmamış və bu barədə qanunvericilikdə Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında həmin mənzilə dair hüquqların Dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Bununla yanaşı, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.4-cü maddəsi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. - 98.1-ci maddəsinə əsasən Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. - 99.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarından göründüyü kimi qanunvericilikdə Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında həmin mənzilə dair hüquqların Dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində göstərilənlərə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon İcra Hakimiyyəti başçısının 10.06.2021-ci il tarixli 145 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqdan ibarət yaşayış sahəsi 30.50 kv.m, köməkçi sahəsi 29.50 kv.m, ümumi sahəsi 60.00 kv.m olan 6 saylı mənzil onunla sosial kirayə müqaviləsi bağlandığından və həmin mənzilə istifadəçi hüququ tanınmaqla dövlət reyestri xidmətindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar