Məhkəmə qərarları › İş №2-1(114)-1766/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1766/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1766/2021 29.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Rayon Dövlət Arxivi) qarşı torpaq sahəsinin qeydiyyata alınması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 03.11.1997-ci il tarixli 16 saylı qərarı ilə, Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN- 199 A (kod ********) saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Xanlar Rayon Aqrar İslahat Komissiyasınıln 03.11.1997-ci il tarixli 16 saylı qərarı əsasında Göygöl rayonu, Mixayılovka kəndində 0.10 hektar torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair ona keçmiş X3 Komissiyasının qərarı ilə JN-199 A saylı Kod 50802028 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Ayrılmış torpaq sahəsi yerində sərhədləri müəyyən edilərək, naturada ona təhvil verilmiş və hal-hazırda həmin torpaq sahəsi onun mülkiyyətində və istifadəsindədir. Lakin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədikdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu səbəb göstərilərək qanunsuz şəkildə cavabdeh tərəfindən imtina edilmişdir. Həmin ərazinin Kadastr və X1 məlumatlarında və şəhadətnaməni verən orqanın arxiv məlumatlarında onun adı siyahıda olduğundan cavabdehin imtinasının heç bir əsası yoxdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı “torpağın mülkiyyətə verilməsinə dair” JN-199A saylı Şəhadətnamənin ərazi idarəsinə xidməti istifadə üçün verilmiş torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında (DBF), elektron xəritə məlumatlarında (DWJ) və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında” məlumatın olmadığı, həmin şəhadətnamənin nüsxəsinin Ərazi idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda Yeni Zod bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.10 ha torpaq sahəsinin sxemində qeyd olunan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ərazi idarəsinin xəritə materiallarına istinadən dəqiqləşdirilərkən, Mixayılovka kəndinin kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı, örüş torpaqları kimi işlənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, məhkəməyə teleqram göndərərək xəstə olması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi) Məhkəmə araşdırmasının predmetini 03.11.1997-ci il tarixli JN-199A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; həyətyanı torpaq sahələrinin istifadəyə verilməsinə dair Yerli İslahat Komissiyasının 02.10.1997-ci il tarixli siyahısı; Göygöl Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 16.04.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışı; cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.06.2021-ci il tarixli, **********92 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər arasında yer alan Göygöl Rayon Dövlət Arxivininin arayışından görünür ki, Xanlar rayonu M.Ə.Rəsulzadə adına savxozun X4 Komissiyasının 02.10.1997-ci il tarixli iclas protokolunda X4 Komissiyasının qərarının təsdiq edilməsi üçün Xanlar Rayon Aqrar İslahat Komissiyasına müraciət edilməsi barədə göstəriş qeyd olunsa da, sözügedən komissiyanın həmin qərarının rayon aqrar islahat komissiyası tərəfindən təsdiq etməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 4. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X4 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. “Maddə 7. Rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir, islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır. Maddə 8. X4 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Normaların mənasından göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X4 komissiyaları aparmaq səlahiyyətinə malikdirlər. Eləcə də, X4 komissiyasının qərarı rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edildikdən sonra torpaq ayırmanın özü baş tutmuş sayılır və ya əvvəllər aparılmış torpaq ayırmada dəyişiklik baş verir. İşin faktiki halları ilə müəyyən olunur ki, Xanlar rayonu M.Ə.Rəsulzadə adına savxozun X4 Komissiyasının 02.10.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda iddiaçının adı və ona ayrılmış torpaq sahəsi göstərilsə də, həmin qərar Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmədiyindən heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı Xanlar Rayon Aqrar İslahat Komissiyasının sədri və Xanlar rayonu İHB-nin Yeni Zod kənd üzrə nümayəndəsi tərəfindən təsdiq edilən şəxsi həyətyanı təsərrüfatların sahəsi və sakinlərin faktiki qeydiyyatı, pasport vəziyyəti adlı siyahıda iddiaçının adına 0,25 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alındığı məlum olmuşdur. İddiaçı iştirak etdiyi məhkəmə iclaslarında mübahisələndirdiyi torpaq sahəsi olan 0,10 ha torpaq sahəsi ilə 0,25 ha torpaq sahəsinin müxtəlif olduğunu, hazırki iddianın 0,10 ha torpaq sahəsi ilə bağlı olduğunu qeyd etmişdir. Cavabdehin imtinasında yer alan ikinci əsas ondan ibarət olmuşdur ki, Göygöl rayonu Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixayılovka kəndinin komplkeks yerquruluşu xəritəsində dövlət mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları kimi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 28 mart tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır” «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Məhkəmə, yuxarıda qeyd olunanları, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Rayon Dövlət Arxivi) qarşı Xanlar Rayon Aqrar İslahat Komissiyasının 03.11.1997-ci il tarixli 16 nömrəli qərarı ilə, bununla bağlı Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-199A nömrəli şəhadətnamə əsasında Göygöl rayonunun Mixayılovka kəndində verilmiş 0,10 ha torpaq sahəsinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar