Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1766/2024 05.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i m: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil olunmasına və hesablanmış 1088,33 manat (min səksən səkkiz manat otuz üç qəpik) borcun qanunsuz hesab edilməklə şəxsi hesabından silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2024cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil olunmasına və hesablanmış 1088,33 manat (min səksən səkkiz manat otuz üç qəpik) borcun qanunsuz hesab edilməklə şəxsi hesabından silinməsi vəzifəsinin cavbdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən tələb inzibati məhkəmə icraatının predmeti sayıla bilməz. İddiaçının iddia ərizəsindəki tələbinə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Odur ki, iddiaçıya hal-hazırkı tələb ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1766/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1766/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver