Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1768/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 26.11.2020-ci il tarixli məktubda təkrar olaraq bildirilmişdir ki, onun sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 11.12.2019-cu il tarixli iclasında baxılmış və 65N nömrəli protokol ilə müsbət qərar qəbul edilməmişdir. İddiaçı 0N.08.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissənin Goranboy rayon özünümüdafiə batalyonunun tərkibində Goranboy, Ağdərə, Tapqaraqoyunlu ərazisində gedən döyüşlərdə erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Goranboy rayon özünümüdafiə Könüllü batalyonunda xidmət etməsinə dair hərbi biletinin 7-ci səhifəsində N saylı hərbi hissə komandirinin möhürü və imzası vardır. O, Goranboy rayon özünümüdafiə Könüllü batalyonun tərkibində döyüşlərdə iştirak etdiyinə görə veteran vəsiqəsinin və dövlət tərəfindən verilən müavinəti almaq üçün cavabdehə müraciət etsə də, müraciəti müsbət həll edilmir. 1N.10.2019-cu il tarixli 9/2-14649 nömrəli arxiv arayışından görünür ki, o həqiqətən 12.08.199N-cü il tarixli 2 nömrəli əmrlə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək pulemyotçu vəzifəsinə təyin edilmiş, hətta ona nümunəvi hərbi xidmətinə görə 12.08.1994-cü il tarixli 148 nömrəli əmrlə pul mükafatı da verilmişdir. Stasionar xəstənin 252 saylı Tibbi kartasından görünür ki, o, 26.01.1994-cü il tarixdə sğ əlin barmaqların çoxlu sayda qəlpə yarasından N1 gün Goranboy rayon X1 şöbəsində müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilmir. Cavabdehin bu hərəkəti onun hüquqlarının pozulması deməkdir. Çünki o, əslində 199N-cü ildən, yəni lap ilk günlərdən 1994-cü ilədək, yəni atəşkəs elan olunanadək döyüşlərdə iştirak etmiş, bu barədə də hərbi biletində döyüşlərdə iştirak etməsinə dair qeydlər vardır. Hesab edir ki, onun hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində olan qeydlər və cavabdehin arxiv arayışı əsasında ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 1992-ci ilin iyul ayında hərbi xidmətə getmiş, 1996-cı ilin sonlarında isə qayıtmışdır. Müharibə qurtardıqdan sonra 1996-cı ildə Bakıdakı komandirdən icazə alaraq evə getmiş, geri qayıdanda isə gecikdiyi üçün onu hərbi hissəyə buraxmamışlar. Hərbi hissənin komandirinin və qərargah rəisinin kim olmasını isə xatırlamır. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. İddaçının barəsində təqdim edilmiş 0N.10.2019-cu il tarixli 9/2-14649 nömrəli arayışa və hərbi biletdə qeydlərə əsasən 2N.06.1992-ci il tarixdən 12.08.199N-cü il tarixədək xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsi). İş materiallarına Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 1N.10.2019-cu il tarixli 9/2-14649 nömrəli arayışının surəti, Goranboy rayon mərkəzi xəstəxanasının 252 nömrəli stasionar xəstənin tibbi kartasının surəti, epikrizin surəti, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 26.11.2020-ci il tarixli 1/Q- 15574 nömrəli imtina məktubu, Goranboy RMX tərəfindən verilmiş ambulator-stasionar xəstənin tibbi kartasından çıxarış, Tərtər Hərbi Prokurorluğunun 2N.08.2021-ci il tarixli 22HP4N19 nömrəli, Şəmkir Hərbi Prokurorluğunun 2N.08.2021-ci il tarixli HP-21/N9N6 nömrəli, Gəncə Hərbi Prokurorluğunun N1.08.2021-ci il tarixli HP17/69N7 nömrəli məktubları, N nömrəli hərbi hissə komandirinin 12.08.199N-cü il tarixli 2 nömrəli, 01.10.199N-cü il tarixli 29 nömrəli, 12.08.1994-cü il tarixli 148 nömrəli, 15.02.1996-cı il tarixli N nömrəli əmrlərindən çıxarışların təsdiqlənmiş surəti, Arxiv çıxarışı, cavabdehin 0N.09.2021-ci il tarixli 11/4214 nömrəli etirazı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin 08.09.2021-ci il tarixli, 1029 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) N4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun N-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtləri onun döyüşən hərbi hissənin tərkibində iştirakı və onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. İş materiallarının araşdırması zamanı müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 12.08.199N-cü il tarixli 2 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək pulemyotçu vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin 01.10.199N-cü il tarixli 29 nömrəli əmrilə atıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı 26.01.1994-cü il tarixdə “sağ əlin barmaqlarının çoxlu sayda qəlpə yarası” alması diaqnozu ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına daxil olmuş və 06.02.1994-cü il tarixədək müalicə almışdır. Hərbi kartasında və hərbi biletdəki qeydlərə əsasən iddiaçı 12.08.199N-cü il tarixdən 12.05.1994-cü il tarixədək Goranboy Tapqaraqoyunlu istiqamətində döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin 12.08.1994-cü il tarixli 148 nömrəli əmrilə nümunəvi hərbi xidmətinə, intizamına görə iddiaçıya pul mükafatı verilmişdir. N nömrəli hərbi hissə üzrə Müdafiə nazirinin N1.01.1996-cı il tarixli ......nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmış hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların Ad siyahında iddiaçı 1974cü il təvəllüdlü İddiaçı adı da qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrin məzmununda qeyd olunmuşdur: “Azərbaycan Respublikası Müdafiə Nazirinin N0.01.1996-cı il tarixli ...nömrəli əmrinə əsasən hərbi hissə komandirinin 14.02.1996-cı il tarixli ...nömrəli əmrində adları göstərilən əsgərlər və çavuşlar şəxsi heyətin ad siyahısından silinsinlər.” Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.N-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun Ncü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli N78-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). 01.01.199N-cü il tarixdən 2012-ci ilədək qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Hazırkı işdə isə iddiaçının adı hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların Ad siyahısında olduğu üçün hərbi hissənin şəxsi heyətin ad siyahısından silinmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması iş materialları ilə sübut olunmur. Buna görə də Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən N0 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1768/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1768/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver