Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1769/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon rayon 5 nömrəli təmir tikinti idarəsində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuşdur. İş materiallarına əlavə olunan ******* nömrəli əmək kitabçasından da göründüyü kimi 1980-ci ilin yanvar ayından əmək fəaliyyətinə başlamışdır. xx.xx.1977xx.xx.1979-cu illərdə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. xx.xx.1992-xx.xx.1995-ci illərdə isə İ Qarabağ Müharibəsində iştirak edərək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə yollananadək xx.xx.1977-xx.xx.1977-ci ildə təxminən 2 ay 1 nömrəli Kolxozlararası SMDdə 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. İşə qəbul edildiyi dövrdən çıxdığı vaxtadək olan dövr əmək kitabçasında qeyd olunmasına baxmayaraq cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(114)-1769/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-296118/2024 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1959-cu təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ veran yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək İddiaçı hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 14 il 2 ay 25 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı isə xx.xx.1989cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan əmək fəaliyyəti dövrüdür. Belə ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən R.Hesenovun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, qeyd olunan hal iddiaçının əmək kitabçasında Tovuz rayon təmir- tikinti idarəsində işlədiyi qeyd edilən illərdə iddiaçının həmin müəssisədə işləməsinin real olmadığına dəlalət edir. Belə olan halda qeyd edilən dövrün mötəbərliyi şübhə altında qaldığı üçün iddiaçının sığorta stajına daxil edilməsi qanunveriliyin tələblərinə ziddir. İddiaçı 01:01.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş sənədlərin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınınaqla sığorta stajınız 14 il 2 ay 25 gün təşkil etdiyini, ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğunu qeyd edərək, ona yaşa görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək İddiaçı hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cəmi 14 il 2 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı isə xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan əmək fəaliyyəti dövrüdür. İddiaçının həmin dövrü mübahisəli dövr kimi qiymətləndirməsi səbəbi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitbaçasının surətindən görünür ki, sonuncu xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işləmişdir. Cavabdeh əmək kitabçasının mötəbərliyini həmin hissədə mübahisələndirməmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan əmək fəaliyyəti dövrü mübahisələndirilən sığorta stajı təşkil etdiyi bildirilmişdir. Səbəb isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasl qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmaması onun təqsiri ilə bağlı olmayan hal olduğundan, həmçinin həmin dövrdə qanununvericiliyində sözügedən tələb nəzərdə tutulmadığından, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Buda o deməkdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illər iddiaçının mübahisələndirilməyən sığorta stajına daxil edilməlidir. Bundan başqa, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 14 il 2 ay 25 gün olması qeyd edilmişdir. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının pensiya huququ yaradan sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2024cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov