Məhkəmə qərarları › İş №2-1(114)-177/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-177/2020

07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-177/2020 07.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən ötürüldüyünə görə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-1895/2019 nömrəli qərardadı ilə iş üzrə iddia verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 1992-ci il tarixində raportla N saylı hərbi hissə komandirinə müraciət edərək nizami hissə üzrə verilmiş 92 saylı əmr əsasında 2-ci rota, 2-ci vzvodunun 3-cü bölüyünə xidmətə qəbul edilmiş, şəxsi heyətin siyahısına daxil edilmişdir. Hərbi əməliyyatlarda iştirak edən Tərtər rayon Ərazi Özünümüdafiə Batalyonunda atıcı kimi xidmətə başlamış, xx.xx.1992-ci il tarixinə qədər xidmət edərək hərbi döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci il tarixində xidmətdən azad edilmişdir. Hərbi biletində müvafiq qeydlər aparılmışdır. Ancaq Müdafiə Nazirliyi ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq (daxil olma: xx.xx.2019-cu il) bildirmişdir ki, iddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxx 2019-cu il tarixli, 1/Ə-7905 saylı məktubunda iddiaçıya «Müharibə veteranı» vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq sənədləri (hərbi biletin əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, Hərbi Prokurorluqdan cinayət işinin olub-olmaması barədə arayışı, hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə ətraflı ərizənin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya»ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilməsi qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun; 2.0.5. maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.9. maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. 32.2. maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 71.1. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.3. maddəsinə əsasən yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər: Məhkəmə hesab edir ki, məcburetmə barədə iddia tələbinin mümkün hesab edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 1/Ə-7905 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada ərizə ilə bağlı sənədlərin təqdim edilməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana məktubda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yenidən müraciət etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.1. maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Həmçinin o da qeyd edilməlidir ki, inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində də iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmədiyi, inzibati araşdırma ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinin təklif olunduğu bildirilmiş və bu səbəbdən də hazırkı iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. İddiaçıya yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar