Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-177/2022 22.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı 25.10.2021-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 01.10.1996-cı ildən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS”-də işlədiyi müddətin pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 17.02.2022-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin 18 saylı Regional Ərazi Filialını əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi 17.02.2022-ci il tarixli, 2-1(114)-177/2022 nömrəli qərardad ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ilin iyun ayının 21-də anadan olmuş, 1974-cü ildən əmək fəaliyyətinə başlamışdır. Ona 17.11.2021-ci il tarixdə 2-ci qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən 01.01.2006-cı il tarixədək sosial stajı 18 il 3 ay 8 gün müəyyən edilmişdir. Hazırda yaşa görə pensiyaya çıxmaq üçün cavabdeh orqana müraciət edib 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS”-də işlədiyi müddətin, həmçinin 1971-ci ildən 1974-cü ilədək əyani təhsil aldığı müddətin pensiyaya çıxmaq üçün hüquq verən əmək stajına hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqan imtina edərək işlədiyi müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən sosial siğorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin olunması qeyri-mümkün olduğu bildirilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 22.02.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 01.10.1996-cı ildən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS”-də işlədiyi müddətin pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 11.10.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu; - İddiaçıya məxsus 10.01.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli nömrəli əmək kitabçasının surəti; - Göygöl rayon Dövlət Arxivinin 30.09.2021-ci il tarixli, 278 nömrəli məktubnun surəti; - İddiaçıya məxsus 26.06.1974-cü il tarixli 087508 nömrəli diplomunun surəti; - Göygöl Rayon Statistika İdarəsinin Gəncə İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı 02.11.2021-ci il tarixli 129 nömrəli məktubu; - Göygöl rayon İcra Hakimiyyəti başçısının Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 05.11.2021-ci il tarixli 15/661 nömrəli məktubu; - Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamə; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İş üzrə Mərkəzi Filialına ünvanladığı 13.01.2022-ci il tarixli **********288300 nömrəli məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. İş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialının 11.10.2021-ci il tarixli iddiaçıya ünvanlanmış imtina məktubunda “əmək pensiyaları haqqında” Azərbaycan republikasının qanununun 7-ci maddəsiə əsasən hazırda kişilər 65 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajı və ya minymum pensiya təminatına imkan verən pensiya kapitalı olduğu halda, qanunun 22-1 -ci maddəsinə əsasən isə 01.01.2006-cı ildən 30.07.2018-ci il tarixədək fərdi şəxsi hesabınızda hər hansı bir məbləğ olduğu halda yaşa görə əmək pensiyası hüququnun olduğu, iddiaçıya ilk dəfə 17.11.2013-cü il tarixdə 2-ci qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası təyin olunduğu, pensiya təyin olunarkən 01.01.2006-ci il tarixədək sosial sığorta stajının 18 il 3 ay 8 gün müəyyən edilərək, pensiyanın 142.16 hesablandığı, pensiya təyin olunarkən təqdim olunmuş notarial qaydada təsdiqlənmiş MT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının sonuncu işlədiyi dövrün 21.04.1989-cu ildən 18.09.1996-cı il tarixədək olduğu və əmək kitabçasının 16 və 17-ci vərəqlərində qeyd edildiyi (Kirovabad avtokalonna 2713), lakin 04.10.2021-ci il tarixdə filiala daxil olmuş 30.09.2021-ci il tarixli ərizənizlə birlikdə təqdim etdiyiniz MT-İ ******* nömrəli əmək kitabçasının surətində 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS” də işləməyinin qeyd edildiyi, iddiaçı tərəfindən təqdim edilmiş 278 nömrəli 30.09.2021-ci il tarixli Göygöl rayon dövlət arxivinin arayışında həmin müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi və yeni təqdim olunmuş əmək kitabçasında qeyd olunan 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək olan iş dövrününün sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. - 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4-cü maddəsinə əsasən əmək pensiyasının növləri və tərkibi: - 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: - 4.1.1. yaşa görə əmək pensiyası; - 4.1.2. əlilliyə görə əmək pensiyası; - 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: - 4.2.2. sığorta hissəsindən; - 4.2.3. yığım hissəsindən. - 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: - 4.3.2. sığorta hissəsindən; - 4.3.3. yığım hissəsindən. - 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. - 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 01-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 01-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğu üçün pensiya hüququ 21.06.2021-ci il tarixdən etibarən yaranmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcuddur. İddiaçının sosial sığorta stajı da ona pensiya təyin olunmasına imkan verir. Belə ki, İddiaçı əmək kitabçasına əsasən 25 ildən artıq stajının olması müəyyən edilir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ilə hesablaşması 26.09.2006-cı il tarixədək olduğu üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Həmçinin cavabdeh orqan iddia ərizəsinə etirazda qeyd etmişdir ki, “Xanlar AMS və TM-də 2 saylı TXS”-nin əmr kitabları və əmək haqqı cədvəlləri rayon dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi müvafiq arxiv arayışları ilə də sübut olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək q pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması ücün is staiı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cıı bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 201.7-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1 -dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası;..... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildivi təsbit olunmuşdur. Belə ki, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Baş İdarəsinin 28.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, xanlar "xxxx" Müəssisəsi 20.11.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmış, elektron uçot-məlumat bazasına əsasənmüəssisənin fəaliyyəti hal-hazırda aktivdir. Məhkəmənin sorğusu əsasında alınmış Göygöl rayon Statistika İdarəsinin 03.02.2022-ci tarixli cavab məktubundan görünür ki, 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək olan dövrü və hal-hazıradək "xxxx" müəssisəsi fəaliyyət göstərməsi haqqında heç bir məlumat mövcud deyil. Belə ki, cavabdeh orqan əmək kitabçasında qeyd olunan 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək işlədiyi “Xanlar AMS və TM-də 2 saylı TXS” müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyini əsas gətirərək yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bundan başqa cavabdeh orqan etirazında da qeyd olunan müəssisənin sənədlərinin arxivə təhvil verilmədyini göstərmişdir. Lakin qeyd olunan hal vətəndaşın təqsiri ilə bağlı olmayan haldır və həmin hesablaşma dövlət orqanları arasında olan məsələdir isə vətəndaşın xeyrinə həll olunmalı haldir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmr kitablarının və əməkhaqqı cədvəllərinin aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özözlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məslələrin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsıyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış etiraz məktubunda iddiaçının təqdim etdiyi 278 nömrəli 30.09.2021-ci il tarixli Göygöl rayon Dövlət Arxivinin arayışındakı qeydlərinə əsasən, həmin müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi, təqdim edilmiş əmək kitabçasında qeyd olunan 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək olan iş dövrü sosial siğorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyası təyin olunması mümkün hesab edilmədiyi bildirilsə də, iş materiallarında olan uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamənin surətindən görünür ki, Xanlar "xxxx" Müəssisəsi ********** VÖEN ilə uçota alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 28.02.2022-ci il tarixli **********109200 nömrəli məktubundan müəyyən olunur ki, Xanlar "xxxx" Müəssisəsi 20.11.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** VÖEN ilə uçota alınmış, elektron uçot-məlumat bazasına əsasən müəssisənin fəaliyyəti hal-hazırda mövcuddur. Beləliklə məhkəmə iş materialına əlavə olunmuş subütları məcmu halında qiymətləndirərək hesab edir ki, Göygöl rayon Arxiv İdarəsinə sözügedən sənədlərin verilməməsinə baxmayaraq, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin surətindən və məhkəmə sorğusu nəticəsində əldə edilmiş sənədlərdən belə görünür ki Xanlar "xxxx" Müəssisəsi 20.11.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** VÖEN ilə uçota alınmış və müəssisənin fəaliyyəti hal-hazırda mövcuddur. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına müraciət etmiş, lakin sonuncu iddiaçıya 04.10.2021-ci il tarixdə filiala daxil olmuş 30.09.2021-ci il tarixli ərizəsi ilə birlikdə təqdim ediyi ИТ-l ******* nömrəli əmək kitabçasının surətində 01.10.1996-cı il tarixdən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS” də işləməsinin qeyd edildiyini, lakin təqdim edilən 278 nömrəli 30.09.2021-ci il tarixli Göygöl rayon dövlət arxivinin arayışındakı qeydlərdə əsasən həmin müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyini, bununla da, əmək kitabçasında qeyd olunan 01.10.1996-ci il tarixdən 26.09.2006-cı il tarixədək olan iş dövrünün siğorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasınn təyin olunmasının mümkünsüz hesab etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01.10.1996-cı ildən 26.09.2006-cı il tarixədək “Xanlar AMS və TM-də 2 saylı TXS”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-177/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-177/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver