Məhkəmə qərarları › İş №2-1(114)-1772/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1772/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1772/2022 24.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı xx.xx.2021-ci il tarixli 61 s/h nömrəli əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəyə qarşı xx.xx.2021-ci il tarixli 61 s/h nömrəli əmrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1994-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 3200 saylı Hərbi Hissəsində müddətdən artıq hərbi qulluqçu kimi kiçik çavuş rütbəsi ilə xidmət etməyə başlamışdır. 2021-ci ilin may ayında ailə vəziyyəti ilə əlaqədar xidmətinə davam edə bilmədiyindən rəhbərliyə müraciət edərək, onun xidmətdən azad edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 3200 saylı Hərbi Hissəsinin rəhbərliyinin 17 may 2021-ci il tarixli 61 s/h nömrəli əmrinə əsasən iddiaçı ilə olan bağlaşmaya xitam verilmişdir. İddiaçı ailəsində olan problemlərin həllindən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə xidmətə qayıtmaq istəmiş, lakin 3200 saylı Hərbi Hissəsinin rəhbərliyinin 17 may 2021-ci il tarixli 61 s/h nömrəli əmrində onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikaşı Qanununun 41.0.6-cı maddəsinə əsasən guya xidmətə uyğunsuz olduğuma görə bağlaşmanın ləğv edildiyini öyrənmişdir. İddiaçı 3200 saylı Hərbi Hissədə qulluq etdiyi zaman heç bir xidmətə uyğunsuzluğa yol vermədiyini bildirdikdə, ona artıq əmrin verildiyini və həmin əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Bildirir ki, iddiaçı 3200 saylı Hərbi Hissədə xidmət edən zaman xidmətə uyğunsuz olan heç bir hərəkətə yol verməmişdor. Əgər bu cür pozuntu olarsa, onun şəxsi işində qeyd edilmiş olardır. İddiaçı həmin maddə ilə ehtiyata buraxılmağından yalnız sonradan xidmətə qayıtmaq üçün Dövlət Sərhəd Xidmətinə müraciət edən zaman məlumatlı olmuşdur. Ailədə olan problemə görə xidmətdən ehtiyata buraxılan zaman o hansı maddə ilə bağlaşmanın xitam verilməsinə fikir verməmişdir. Hazırda həmin əmr iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olsa da, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, 16/10130 nömrəli etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddiası əsassızdır və təmin olunmamalıdır. Sabiq hərbi qulluqçu İddiaçı Sahil Mühafizəsi rəisinin xx.xx.2021-ci il tarixli 61 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İşə əlavə olunmuş materiallardan görünür, İddiaçı 13 aprel 2021-ci il tarixində "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə könüllü qaydada raportla müraciət etmişdir. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Tovuz rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı yazdığı raportla əlaqədar 22 aprel 2021-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı şəxsi fəaliyyətini digər sahədə davam etdirmək arzusunda olduğunu, hərbçi həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkdiyi üçün hərbi xidmətini davam etdirmək istəmədiyini bildirmişdir. Hərbi hissə rəhbərliyi Dövlət Sərhəd Xidmətinin dinamik inkişafı, zabit və gizirlərin sosial-məişət şəraitinin axşılaşdırılması üçün Sahil Mühafizəsi rəhbərliyinin diqqət və qayğısının gündən-günə artmasını İddiaçı nəzərinə çatdırsa da, sonuncu tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Söhbətin sonunda mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri İddiaçı nəzərinə çatdırılaraq, hərbi xidmətini davam etdirməsi istiqamətində bir daha tövsiyələr verilərək, fikrini dəqiqləşdirmək üçün ona vaxt verildi. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq edilmişdir. 2 may 2021-ci il tarixdə N nömrəli hərbi hissədə İddiaçılə bir daha izahedici söhbət aparılmışdır. Söhbət zamanı o, hərbçi peşəsini səhv seçdiyini, hərbçi həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkdiyini və hərbi sferada gələcəyini görmədiyini bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılması məsələsinə baxılmasını xahiş etmişdir. Söhbətin sonunda yuxarıda qeyd olunanlar və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məsələsinə baxılacağı İddiaçı nəzərinə çatdırılmışdır. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq edilmişdir. Həmçinin bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Təyinat vərəqəsinin arxasında qeyd olunur ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması İddiaçı elan edilmiş, hərbi bileti ona təqdim edilmiş və qeyd olunan hallar sonuncunun imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin maddənin 2-ci bəndinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixində təyinat vərəqəsini alsa da, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunsa da və şəxsi işinin SHXÇDXnın Tovuz rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə ganunvericilikdə nəzərdə tutulmuş müddətdən gec müraciət edərək iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2021-ci il tarixli 61 ş/h nömrəli əmrinin ləğvi məqsədini güdür. Qanunvericliyin mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını müəyyən edilmişdir. Lakin iddiaçının barəsində qəbul edilmiş əmrin mövcudluğundan xx.xx.2021-ci il tarixdə, yəni iddiaçıya xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi və hərbi biletin təqdim olunduğu zaman xəbərdar olduğu qənaətinə gəlmək mümkündür. Belə ki, xx.xx.2021-ci il tarixli, 4/22 nömrəli təyinat vərəqindən görünür ki, iddiaçı hərbi biletini təhvil almışdır. İddiaçıya məxsus hərbi biletin 21-ci səhifəsində isə onun Sahil Mühafizə rəisinin 17 may 2021-ci il tarixli, 61 ş/h nömrəli əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması aşkar şəkildə qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı geci 2021-ci ilin may ayında məlumatlı olduğu əmri xx.xx.2022-ci il tarixdə (iddia ərizəsinin poçta təqdim olunduğu tarix) yəni 8 aydan artıq müddətdən sonra məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddia ərizəsinə əlavə edilmiş ərizəsinə (səh.4) nəzər salındıqda görünür ki, iddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq xidmətdən azad olunması barədə məlumatlı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İPM-nin 38.1-ci maddəsi də yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı xx.xx.2021-ci il tarixli 61 s/h nömrəli əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar