Məhkəmə qərarları › İş №2-1(114)-1774/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1774/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1774/2025 04.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdehnə qarşı doğum akt qeydlərinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1970-ci il tarixli АЗ 167651 nömrəli şəhadətnaməyə əsasən X17 ilə X18 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə 547 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada “Quliyeva” soyadı verilmişdir.

2. Nikahın bağlanması haqqında xx.xx.1973-cü il tarixli İ-ЖГ nömrəli şəhadətnaməyə əsasən X15 ilə X14 xx.xx.1973-cü il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 937 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada “Nəzərova” soyadı verilmişdir.

3. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin xx.xx.1997-ci il tarixli arayışında göstərilmişdir ki, X7 ürək çatışmazlığı səbəbindən xx.xx.1994-cü ildə Gəncə şəhəri sovetliyində ölmüşdür. Bu barədə xx.xx.1994-cü il tarixli kitabın 457-ci səhifəsində qeydiyyatı aparılmışdır.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-Q-2936/2024 nömrəli arayışına əsasən X18 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.1994-cü il tarixli 457 nömrəli akt qeydi tərtib olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-N- 1154/6/2024 nömrəli məktubunda bildirilmişdir ki, filialda mühafizə olunan Gəncə şəhər Nikah Evi arxiv fondunun 1929-1930-cu illər və Stalin Rayon Vətəndaşlıq X5 Şöbəsi arxiv fondunun 1930-cu il üzrə nikah aktlarının qeydləri yoxlanılmış, X19 ilə X11 nikah aktının qeydi aşkar olunmamışdır. Həmçinin bildirilir ki, Stalin Rayon Vətəndaşlıq X5 Şöbəsinin 1929-cu il üzrə nikah aktının qeydləri X21 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmadı.

6. İddiaçı həyat yoldaşının doğum haqqında akt qeydində ana soyadına düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16- 5/8-15-2049 nömrəli imtina məktubuilə bildirilmişdir ki, doğum haqqında akt qeydi xx.xx.1944-cü ildə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş və təritb olunarkən ananın soyadı “Nəzərova” kimi göstərilmişdir. Belə ki, ananın soyadının həqiqətən “Quliyeva” olmasını təsdiq edəcək sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən soyadının müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.

7. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-11711/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Tamam Quliyevanın doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Həmçinin məlumat verirlər ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddətdən qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar T.Quliyevanın doğumu barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməyi tövsiyyə olunur. Həmin məktuba əlavə edilmiş: - Nikahın bağlanması haqqında xx.xx.1970-ci il tarixli 547 nömrəli şəhadətnaməyə əsasən X17 ilə X18 nikaha daxil olmuşdur. - Doğum haqqında xx.xx.1944-cü il tarixli akt qeydinə əsasən X15 xx.xx.1944-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X20 qeyd edilmişdir. - Ölüm haqqında xx.xx.1994-cü il tarixli 457 nömrəli akt qeydinə əsasən X18 xx.xx.1994-cü il tarixdə ölmüşdür. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1944-cü il tarixli mərhum əri X10 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək onnun qaynanası X1 “Nəzərova” əvəzinə “Quliyeva” olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixində anadan olmuşdur. X15 ilə ailə həyatı quraraq xx.xx.1973-cü il tarixli 937 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Hal-hazırda yaranmış mülkiyyət mübahisəsi ilə əlaqədar mərhum əri X10 doğum şəhadətnaməsi lazım olmuşdur. X2 soyadı mərhum əri X10 doğum haqqında şəhdətnaməsində birgə nikahları olmamasına baxmayaraq səhvən Quliyeva yerinə Nəzərova yazılmışdır. Bu səbəbdən o, Cavabdehnə müraciət etmiş, lakin oradan ona bu barədə məhkəməyə müraciət etməyinin məqsədəuyğun olduğunu bildirdilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “X10 xx.xx.1944-cü il tarixdə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində anasının soyadına düzəliş edilərək “Quliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.1970-ci il tarixli АЗ 167651 nömrəli şəhadətnamə; - Nikahın bağlanması haqqında xx.xx.1973-cü il tarixli İ-ЖГ nömrəli şəhadətnamə; - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin xx.xx.1997-ci il tarixli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-Q-2936/2024 nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-N- 1154/6/2024 nömrəli məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-2049 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-11711/2024 nömrəli cavab məktubu; - Nikahın bağlanması haqqında xx.xx.1970-ci il tarixli 547 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.1944-cü il tarixli akt qeydi; - Ölüm haqqında xx.xx.1994-cü il tarixli 457 nömrəli akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materiallarından müəyyən olur ki, İddiaçı mərhum ərinə məxsus xx.xx.1944cü il tarixdə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində anasının soyadının texniki səhv olaraq “Quliyeva” əvəzinə “Nəzərova” kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində ana soyadına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə imtina məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. İş materialları ilə müəyyən edilir ki, X17 ilə X18 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə 547 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra da arvad “Quliyeva” soyadında qalmışdır. X15 xx.xx.1944-cü il tarixdə anadan olduğu zaman isə onun doğum haqqında xx.xx.1944-cü il tarixli akt qeydində ata qrafasında X17, ana qrafasında X20 qeyd edilmişdir

31. Yəni, iddiaçının mərhum əri X15 xx.xx.1944-cü il tarixdə anadan olduğu zaman valideynlərinin nikahı olmadığı halda, doğum akt qeydində anasının soyadı qızlıq soyadı ilə deyil, atasının soyadı ilə qeyd edilmişdir. O, hətta nikahdan sonra da ər soyadına keçməmiş, Quliyeva soyadı saxlanılmışdır. Buna baxmayaraq, iddiaçının mərhum əri X12 məxsus xx.xx.1944-cü il tarixdə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində anasının soyadı səhvən “Nəzərova” kimi qeyd edilmişdir.

32. Həmçinin, iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının mərhum ərinin anasının soyadı “Quliyeva” kimi qeyd edilmişdir.

33. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının mərhum ərinin doğum akt qeydində səhvə yol verilmiş və onun anasının soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir.

34. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X10 xx.xx.1944-cü il tarixdə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində anasının soyadına düzəliş edilərək “Quliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X10 xx.xx.1944-cü il tarixdə Göygöl rayon Əlibayramlı kənd icra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində anasının soyadına düzəliş edilərək “Quliyeva” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar