Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1775/2022 06.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2020-ci il tarixindən təyin olunmasına və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6639/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-сü ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə xx.xx.1980-cı ildən başlamış, müxtəlif işlərdə işləmişdir. xx.xx.1982-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Neft və Kimya institutunun əyani şöbəsinə daxil olmuş xx.xx.1989-сu ildə institutu bitirmiş, xx.xx.1989-cu ildə «Bulla» X4 İdarəsinə işə qəbul edilmiş, qazmaçı köməkçisi, qazma ustası köməkçisi vəzifələrində işləmişdir. xx.xx.1991-сi ildə öz xahişilə işdən azad olunmuşdur. xx.xx.1993cü ildən xx.xx.1997-ci ilə kimi Milli Orduda xidmət etmişdir. xx.xx.1999-сu ildə «Neft Daşları» NQÇİ-nə QƏYTS-nə qazmaçı vəzifəsinə qəbul edilmiş, usta, baş usta, rəis müavini vəzifələrində işləmişdir. Hal-hazırda da usta vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixinə 12 il 06 ay güzəştli əmək stajı, 25 ildən çox isə ümumi əmək stajı vardır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az - 23 il 10 ay 14 gün, güzəştli iş stajı 9 il 2 ay 13 gündür: xx.xx.1980-xx.xx.1980 - 3 ay 28 gün; xx.xx.1980-xx.xx.1981 - 8 ay; xx.xx.1981-xx.xx.1982 – 10 ay 18 gün ; xx.xx.1982-xx.xx.1989 - 6il 9ay 11 gün ; xx.xx.1989-xx.xx.1991 – 2 il 2 ay 17 gün (güzəştli iş stajı); xx.xx.1993-xx.xx.2005 - 13 il (xx.xx.1999-xx.xx.2005 — 6 il 11 ay 26 gün - güzəştli iş stajı). Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmir. Belə ki, bu Qanun qüvvəyə mindiyi günədək ( xx.xx.2006-cı il ) iddiaçının ümumi iş stalı və güzəştli iş stalı ona Qanunun bu maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi ( 25 il ) və güzəştli ( 12 il 6 ay ) iş stajından azdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -SOCAR «Azneft» İstehsalat Birliyi «Neft Daşları» Neft və Qazçıxarma idarəsinin PUX-02/56 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1999xx.xx.2003-cü il tarixlərdə «Neft Daşları» NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində Quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.2003-xx.xx.2005-ci il tarixlərdə Quyuların əsaslı və yeraltı təmiri üzrə usta və həmin tarixdən xx.xx.2005-ci il tarixədək Quyuların əsaslı və yeraltı təmiri sexində mürəkkəb işlər üzrə usta vəzifəsində işləmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş PB 038924 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1982-ci ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna daxil olmuş və 1989-cu ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 709 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə qədər keçmiş SSRİ SQ sıralarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər Azərbaycan Respublikası SQ sıralarında hərbi xidmət keçmişdir. - təsdiq edilmiş surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə «Bulla» X4 İdarəsində qazmaçı köməkçisi, qazma ustası köməkçisi vəzifələrində, xx.xx.1999-xx.xx.2005-ci il tarixlərdə «Neft Daşları» NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində Quyuların əsaslı təmiri üzrə qazmaçı, usta və mürəkkəb işlər üzrə usta vəzifələrində işləmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən və cavabdeh qurum tərəfindən mübahisələndirilməyən ümumi iş stajı xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək - 23 il 10 ay 14 gün təşkil edir. Yəni bu tələb ödənilmir. Həmçinin tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə «Bulla» X4 İdarəsində qazmaçı köməkçisi, qazma ustası köməkçisi vəzifələrində, xx.xx.1999-xx.xx.2005-ci il tarixlərdə «Neft Daşları» NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində Quyuların əsaslı təmiri üzrə qazmaçı, usta və mürəkkəb işlər üzrə usta vəzifələrində işlədiyi illəri əhatə edir və cəmi 9 il 2 ay 13 gün təşkil edir. Göründüyü kimi bu tələb də ödənilmir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay güzəştli sosial sığorta stajı tələbini ödəmədiyinə görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1775/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1775/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver