Məhkəmə qərarları › İş №2-1(114)-1775/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1775/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1775/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-55/2- M-43-073/224 nömrəli imtinasının əsassız sayılması və İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb belə əsaslandırılmışdır ki, Qanuni nümayəndə xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. AA seriyalı 455267 nömrəli məcburi köçkün vəsiqəsi ona xx.xx.2020-ci il tarixdə verilmişdir. O, xx.xx.2018-ci ildə X1 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Bu nikahdan onların xx.xx.2019-cu ildə İddiaçı və xx.xx.2023-cü ildə X4 adlı iki övladı doğulmuşdur. xx.xx.2019-cu il təvəllüdlü Muxtarlı X5 rayonu, Otaqlı kəndində qeydiyyatda olsa da, ümumiyyətlə VAM-ın verilməməsi onun konstitusion hüquqlarını pozmuşdur. İddiaçının qanuni nümayəndəsi xx.xx.2024-cü il tarixdə Cavabdehnə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubla vahid aylıq müavinətin ödənişinin verilməsindən imtina edilmişdir. Odur ki, o, konstitision hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.2019-cı il tarixli AZ-İV 327067 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. “Atası” qrafasında Qanuni nümayəndə, “anası” qrafasında X1 göstərilmişdir. xx.xx.2020-ci il tarixli AA seriyalı, 455267 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, Muxtarov X3 rayonundan məcburi köçkündür, Gəncə şəhəri DOS 38 mehmanxanasında məskunlaşmışdır. Cavabdeh Başçısı Aparatı tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024cü il tarixli məktuba əsasən, onun övladının aylıq müavinətinin bərpa olunması ilə bağlı yazmış olduğu ərizə sakini olduğu Dalqılınclı kənd İƏDÜ nümayəndəliyi ilə birlikdə araşdırılmış, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara aylıq müavinətin verilməsinin şamil edilmədiyi, əlavə olaraq 2017-ci ilin yanvar ayından etibarən, hər iki valideyni məcburi köçkün olan ailələrdə doğulan uşaqlara da vahid aylıq müavinət ödənilmədiyi bildirilmişdir. Cavabdeh başçısının Dalqılınclı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən Dalqılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır və hal hazırda Gəncə şəhəri, 38 saylı Hərbi şəhərcikdə məskunlaşmışdır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, Muxtarov X3 rayonundan məcburi köçkündür. İddiaçı qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqdan sonra ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi məsələsinə baxılacaqdır. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara;

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; 2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı tələblə iddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının qanuni nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara, həmçinin 2017-ci ilin yanvar ayından etibarən, hər iki valideyni məcburi köçkün olan ailələrdə doğulan uşaqlara vahid aylıq müavinətin ödənilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.15-ci bəndində əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına aylıq müavinət şamil edilmir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cı il tarixdə doğulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar