Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1779/2021 10.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 10.09.2021-ci il tarixli **********829200 saylı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) 08.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra mətndə cavabdeh) tərəfindən barəsində qəbul edilmiş tələbin icraya yönəldilməsi haqqında 08.02.2021-ci il tarixli qərarın və həmin qərarın aid olduğu 09.07.2021-ci il tarixli **********096600 nömrəli qərarın ləğv edilməsi, mükəlləfiyyətinin qanuna uyğun əvvəlki sadələşdirilmiş vergi ödəyicisi vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. 04.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil dəqiqləşmə barədə ərizə verərək, 09.07.2021-ci il tarixli **********096600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-1(104)-536/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş mümkünlük məsələsinə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 24.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. 27.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil təkrar dəqiqləşmə barədə ərizə verərək, 10.09.2021-ci il tarixli **********829200 saylı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olaraq onun tərəfindən 4846.37 manat əsas, 1711.81 manat faiz, 0.00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 6558.18 manat məbləğin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin 09.07.2020-ci il tarixli **********096600 nömrəli qərarına əsasən tələbin 08.02.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan göründüyü kimi icraya yönəldilməsi qeyd olunan vergi, ona hesablanmış faizlər və maliyyə sanksiyası cavabdeh tərəfindən 09.07.2020-ci il tarixli **********096600 nömrəli qərardan irəli gəlmiş, lakin adı çəkilən qərardan onun xəbəri olmamış, ona göndərilmiş icraya yönəlmə ilə bağlı 08.02.2021-ci il tarixli **********530900 nömrəli qərarı 31.03.2021-ci il tarixdə alandan sonra həmin qərardan məlumatı olmuşdur. Həmçinin 09.07.2020-ci il tarixli **********096600 nömrəli qərarla ona qanunsuz olaraq əlavə vergi öhdəlikləri, faizlər və maliyyə sanksiyaları tətbiq edilərək ödənilməsi tələb olunmuşdur. Mübahisələndirilən qərarların qəbul edilməsi qanunsuz həyata keçirildiyindən ləğvinə əsaslı dəlillər və hüquqi əsaslar göstərilməklə qərarın ləğv edilməsi, yol verilmiş aşkar pozuntuların aradan qaldırılması barədə cavabdehə müraciət olunmuş, lakin cavabdeh vergi ödəyicisinin gətirdiyi dəlillərdə haqlı olduğunu bildiyi təqdirdə, vəzifəsini yerinə yetirməmiş, hərəkətsizlikdə davam etmişdir. Fərdi sahibkar olmaqla, fəaliyyəti şeben, qırma-daş kimi məhsullar istehsal edib satmaqdan ibarətdir. Vergi Məcəlləsinin tələblərinə əsasən sadələşdirilmiş verginin ödəyicisidir və fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergini hesablayıb, vaxtında dövlət büdcəsinə ödəmişdir. Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin 10 nəfərdən çox işçisi varsa sadələşdirilmiş vergi ödəyicisi almaq hüququ yoxdur. Onun isə heç vaxtı 10 nəfər işçisi olmamış, lakin cavabdeh əsassız olaraq onun mükəlləfiyyətini 2 faiz sadələşdirilmiş vergi ödəyicisindən, gəlir vergisinin ödəyicisi kimi dəyişdirmişdir. Cavabdeh qeyd olunan qərarları qəbul edərkən Vergi Məcəlləsinin 218.5.9-cu maddəsini əsas gətirmişdir. Həmin maddəyə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Məlumdur ki, istehsalçılarda istehsal etdiyi malları topdansatış qaydasında sata bilir, istehsalçının istehsal etdiyi malları elektron qaimə ilə satması şəxsin fəaliyyətinin dəyişməsinə səbəb ola bilməz və sahibkarın topdansatış fəaliyyəti ilə məşğul olması kimi əsas götürülə bilməz. Topdansatış ticarət sahibkarın istehsalçıdan və ya digər topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisindən malları alıb satması deməkdir. O, digər vergi ödəyicisindən mal almamış, yalnız şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar yolların yenidən qurulması işləri aparılarkən qazıntı nəticəsində tullantı kimi atılmış şeben və qumları təkrar emaldan keçirərək satır. Bu istehsal fəaliyyətini həyata keçirmək üçün şeben və qum istehsalı avadanlıqları olan vergi ödəyiciləri ilə müqavilə bağlayır və malları həmin avadanlıqlarla istehsal edir. Cavabdehin fəaliyyətinə aid olmayan hallara istinadən mükəlləfiyyətini dəyişməkdə haqlı olmadığından məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı 2019-cu il üzrə gəlir vergisi bəyannaməsini təqdim etmədiyi üçün cavabdeh tərəfindən 2019-cu il üzrə gəlir vergisi hesablamış və 09.07.2020-ci il tarixli **********096600 nömrəli qərar qəbul edilmişdir. 16.05.2021-ci il tarixdə 2019-cu il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, lakin cavabdeh zəruri sənədlər təqdim olunmadığını əsas gətirərək 08.06.2021-ci il tarixli **********238600 nömrəli qərarı ilə yenidən əsassız vergi hesablamışdır. Bundan sonra iddiaçı tərəfindən 31.07.2021-ci il tarixdə yenidən 2019-cu il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi cavabdehə təqdim edilmişdir. Ona görədə hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş 10.09.2021-ci il tarixli **********829200 nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarını ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi 2018-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində 144770 manat (rübün 1-ci ayı üzrə 15935 manat, 2-ci ayı üzrə 102395 manat, 3-cü ayı üzrə 26440 manat), 3-cü rübü üzrə 60638.88 manat (rübün 1-ci ayı üzrə 29098 manat, 24024 manat, 7516 manat) dövriyyəsinin olduğunu göstərmiş, iddiaçının dövriyyəsi ardıcıl 12 aylıq dövrün 6-cı ayında 200 000 manatı (205408,88 manat) keçmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 (iki yüz min) manatdan artıq olan fiziki şəxslərin Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olması və ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi və eyni zamanda, müəyyən olunmuş müddətdə vergi ödəyicisi tərəfindən ərizə verilməzsə, vergi orqanınının təşəbbüsü ilə Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınacağı barədə 22.10.2018-ci il tarixli **********397200 saylı kameral vergi yoxlaması üçün zəruri olan olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, lakin vergi ödəyicisindən vergi orqanına heç bir məlumat daxil olmamışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanının təşəbüsü ilə əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata (qeydiyyat tarixi: 19.11.2018, qeydiyyatın qüvvəyə minmə tarixi: 01.10.2018) alınmış, ƏDV-nin qeydiyyat bildirişi elektron formada vergi ödəyicisinin “e-qutu”suna göndərilmişdir. Vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətini sadələşdirilmiş vergidən gəlir vergisinə dəyişərkən ödəyicinin istehsal fəaliyyəti ilə məşğul olub-olmadığını əsas tutmamışdır. Çünki Vergi Məcəllənin 218.1.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmamış şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Vergi ödəyicisi İddiaçı 01.10.2018-ci il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirdiyindən onun istehsal fəaliyyəti ilə məşğul olduğu üçün sadələşdirilmiş verginin ödəyicisi olması barədə dəlili əsaslı hesab edilməməlidir. İddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.09.2021-ci il tarixli **********829200 nömrəli qərarla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 31.07.2021-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin kameral qaydada yoxlanması həyata keçirilərkən bir sıra kənarlaşmalar aşkar olunmuş və bununla bağlı vergi ödəyicisinə **********799800 nömrəli 05 avqust 2021 -ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi, eyni zamanda 5 iş günü müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən həmin məktubda tələb olunan sənədlər və dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergilərin düzgün hesablanmaması aşkar edildiyi üçün vergi ödəyicisinə vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilmişdir. Vergi ödəyicisi bəyannaməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarını tətbiq edərək rəsmi sənədlərlə təsdiqlənməyən 75000 manat məbləğində xərc bəyan etmişdir. Sonradan həmin arqumentini iddia ərizəsində də qeyd edərək vergi orqanı tərəfindən hesablanmanın həmin qaydada aparılmalı olmasını müdafiə etmişdir. İddiaçının qeyd olunan dəlili əsaslı deyildir. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsindən istifadə edilməsi hüququ yalnız vergi orqanına verilmişdir. Vergi ödəyicisinin Vergi Məcəlləsinin həmin normasına istinad edərək vergilərini o qaydada hesablamaq hüququ yoxdur. Vergi ödəyicisi yalnız özünün rəsmi sənədlərlə (rəsmi qaydada uçotunu apardığı mühasibatlıq sənədləri ilə) təsdiq edə bildiyi gəlir və xərclərə istinad edərək öz vergilərini hesablamaq hüququ vardır. Gəlir vergisinin hesablanması üçün ilk olaraq vergiyə cəlb edilməli olan gəliri müəyyən edilməlidir. Vergiyə cəlb edilməli gəlir isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, gəlir vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır. Lakin vergi orqanı tərəfindən iddiaçıdan bəyan etdiyi xərclərini təsdiq edən sənədlər tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Belə olan halda vergi orqanı iddiaçı tərəfindən xərcləri təsdiq edəcək hər hansı rəsmi sənəd təqdim edilmədiyi üçün iddiaçının gəlirin əldə edilməsi ilə bağlı hər hansı xərc çəkmədiyi qənaətinə gələrək vergitutma bazasını iddiaçı tərəfindən elektron qaimə-faktura ilə təqdim edilmiş malların dəyəri kimi götürərək, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinin vergidən azad olunan gəlir olmasını nəzərə alaraq 4500 manat gəlir vergisi hesablamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi 2-1(102)-1767/2020 saylı 13.10.2020-ci il tarixli qərarının 43-cü hissəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan hallar vergi orqanlarının hüquqi imkanlarıdır. Xərc sənədləri tam olmadıqda və ya xərcləri birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəət vergisinin Nazirlər Kabinetinin adıçəkilən Qərarı əsasında hesablanmalı olması vergi orqanlarının vəzifəsi deyil. Yəni, xərc sənədləri tam olmadıqda yuxarıda qeyd olunan qərar əsasında vergilərin hesablanması qanunvericilikdə tmperativ qaydada göstərilmədiyinə görə cavabdeh hər hansı bir qanun pozuntusuna yol verməmişdir. İddiaçının ərizəsində qeyd etdikləri, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan hallar vergi orqanının vəzifəsi deyil hüquqi imkanlarıdır. Vergi orqanı iddiaçının vergi öhdəliyini müəyyən edərkən iddiaçının ərizəsində göstərdiklərinin əksinə olaraq hər hansı pozuntuya yol verməmiş, hesablamanı qanunvericiliyinin tələblərinə əsasən həyata keçirmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçının təqdim etdiyi 2019-cu il dövrü üzrə bəyannamə, 08.06.2021-ci il tarixli 09.07.2020-ci il tarixli **********096600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, 08.02.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb ediləsi haqqında 08.05.2021-ci il tarixli **********179700 nömrəli məktub, 08.06.2021-ci il tarixli **********238600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, 10.09.2021-ci il tarixli **********830600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb ediləsi haqqında 05.08.2021-ci il tarixli **********799800 nömrəli məktub və cavabdehin 07.10.2021-ci il tarixli **********552200 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, İddiaçı əsas fəaliyyət növü çınqıl və qumun hasilatı olan, ********** X1 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş 750.0 manat gəlir vergisi bəyannaməsi təqdim edilmiş, cavabdeh yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 3750.00 manat əlavə gəlir vergisi məbləği hesablayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.09.2021-ci il tarixli **********830600 nömrəli Qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsində əsassız vergi borcunun 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən xərclərə görə cavabdeh tərəfindən mükəlləfiyyətinin 2 faiz sadələşdirilmiş vergi ödəyicisindən, gəlir vergisinin ödəyicisi kimi dəyişdirilməsi nəticəsində yarandığını bildirmişdir. İddiaçı tərəfindən 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş gəlir vergisinin bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 15.000.00 manat vergiyə cəlb olunan gəlir məbləği, 11.205.00 manat vergiyə cəlb olunan gəlir üzrə azadolmalar və güzəştlər, 3750.00 manat vergiyə cəlb olunan gəlir üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirin məbləği, 750 manat ödənilmli gəlir vergisi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır; 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir; 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. İşdə olan 2018-ci ilin 2-ci və 3-cü rübləri üzrə vergi dövriyyəsi barədə sadələşdirilmiş verginin bəyannamələrində 144770 manat (rübün 1-ci ayı üzrə 15935 manat, 2-ci ayı üzrə 102395 manat, 3-cü ayı üzrə 26440 manat), 3-cü rübü üzrə 60638.88 manat (rübün 1-ci ayı üzrə 29098 manat, 24024 manat, 7516 manat) dövriyyəsinin olduğu, həmçinin iddiaçının dövriyyəsinin ardıcıl 12 aylıq dövrün 6-cı ayında 200.000 manatı (205408,88 manat) keçdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, vergi ödəyicisi tərəfindən gəlir vergisinə dair sənədlər tam şəkildə yoxlamaya təqdim edilmədiyi üçün cavabdeh orqan tərəfindən şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına müvafiq olaraq vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik vergi mənfəəti hesablanması əsaslı olmuşdur. Göstərilən maddi hüquq normalarına istinadən məhkəmə qeyd edir ki, iddiaçının barəsində «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 10.09.2021-ci il tarixli **********830600 nömrəli qərarı haqlı olaraq tətbiq edilmişdir. İşin faktiki hallarına və maddi hüquq normalarına nəzərən məhkəmə qeyd edir ki, cavabdeh orqan qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək borclu vergi ödəyicisinin-iddiaçının vergi öhdəliyinin icrası üçün tədbirlər görmüşdür. İddiaçı isə hazırki tələblə məhkəməyə müraciət etməklə özü tərəfindən bəyan edilmiş dövriyyələr əsasında özünün hesabladığı vergiləri və Vergi Məcəlləsinin tələbləri çərçivəsində ödənilməmiş vergiləri dövlət büdcəsinə ödənilməsindən yayınmaq məqsədini güdmüşdür. Göründüyü kimi cavabdehin qərarı əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 10.09.2021-ci il tarixli **********829200 saylı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1779/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1779/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver