Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1779/2023 13.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinə qarşı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ilin iyun ayından 2019-cu ilin fevral ayınadək Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə 25 fevral 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş, lakin dövlət qulluğundan çıxanda qanunvericiliklə müəyyən edilmiş aylıq pensiyamın 6 misli məbləğində birdəfəlik haqq ona ödənilməmişdir. Bununla bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq işdən azad olunması ilə bağlı ərizə vermədiyini bildirmiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Həmin Qanunun 33.2ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı isə dövlət qulluğunda olmasının yaş həddi 15 sentyabr 2017-ci il tarixdə bitməsinə baxmayaraq onun işdən azad olunması ilə bağlı heç bir müraciəti olmamış, əlavə olaraq 17 ay tutduğu vəzifədə işləmiş və Cavabdeh başçısının 25 fevral 2019-cu il tarixli 53 nömrəli sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddi bitməsinə görə tutduğu vəzifədən azad olunmuşdur. Bu səbəbdən Cavabdeh başçısının 25 fevral 2019-cu il tarixli 53 nömrəli sərəncamının 1-ci paraqrafının son cümləsində qeyd olunan axırıncı haqq-hesabın kəsilməsinin açıqlaması ilə bağlı yeni sərəncam verilməsi imkan xaricindədir. Bununla bağlı iddiaçıya rəsmi məlumat verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriya 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamından görünür ki, İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməsi və onun axırıncı haqq hesabının kəsilməsi qərara alınmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısının Aparatının xx.xx.2022-ci il tarixli, H-153/2-062 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində qulluq keçən İddiaçı xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad olunmuş və onunla son haqq-hesab aparılmışdır. Hazırda iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərinə uyğun olaraq aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, həmin Qanunun “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmı aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi qanunvericilik bu halda iki əsas şərti irəli sürür: Birinci dövlət qulluqçusunun pensiya yaşına çatması; İkinci öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 2017-ci il iyulun 1-nə qədərki redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yəni iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixində yaranmışdır. İkinci şərtlə bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarından, həmçinin iddiaçının izahatından görünür ki, sonuncu tutduğu vəzifədən öz arzusu ilə azad olunmamışdır. Belə olan halda iddiaçının tələbinin qanuni əsası kimi göstərdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin dispozisiya şərtləri yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinə qarşı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1779/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1779/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver