Məhkəmə qərarları › İş №2-1(114)-178/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-178/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-178/2022 14.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X10, X8 və X3) yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 25.10.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum atası X5 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, bina 12, mənzil 5-ə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 09.07.1990-cı ildə Gəncə şəhərində doğulmuşdur. X1 və X2 olmuşdur. Onların iki evləri olmuşdur. Biri Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 29, mənzil 27, digəri isə Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, bina 12, mənzil 5-dir. İddiaçı, qardaşları Rövşən və Elşən, eləcə də anası Nəzakət Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 29, mənzil 27-də pasport qeydiyyatında olmuşdur. İddiaçının 1 yaşı olandan həmin evə köçmüşlər, iddiaçı 2013-cü ilin sentyabr ayında ailə həyatı quraraq həmin evdən köçmüşdür, atası 26.01.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçının atası vəfat etdikdən sonra demək olar ki, bütün günü orada keçməyə başlamışdır və bir neçə ildir ki, həyat yoldaşından ayrı yaşayır. İddiaçı halhazırda heç bir yerdə pasport qeydiyyatında deyil, çünki pasport qeydiyyatında olduğu Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon , ev 29, mənzil 27 alqı-satqı müqaviləsi əsasında satılmışdır, evin yeni mülkiyyətcisi məhkəmə qaydasında onu qeydiyyatdan çıxarmışdır. Hal-hazırda iddiaçının yaşadığı ev Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, bina 12, mənzil 5 mərhum atası X4 adınadır. Atasının yeganə vərəsəsi o, qardaşları və nənəsidir. Onlar isə iddiaçının həmin evə pasport qeydiyyatına düşməsinə etiraz etmirlər. Bu gün iddiaçının sənədinin düz olmaması ona həddindən artıq çətinliklər yaradır. Belə ki, COVİD-19 əleyhinə peyvənd oluna bilmir, himayəsində olan uşağını məktəbə qoya bilmir, bir sözlə şəxsiyyət vəsiqəsinin etibarsız olması üzünə bütün qapıları bağlamışdır. Ona görə də, pasport qeydiyyatına düşməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qeydiyyata düşmək istədiyi evdə qardaşı və nənəsi ilə birgə yaşayır, sözü gedən mənzil atasının adınadır, vərəsəlik qaydasında qəbul edilməmişdir. Üçüncü şəxs X10 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçı bacısıdır və birlikdə həmin mənzildə yaşayırlar, hazırda mənzilin kimin adına qeydə alınmasını bilmir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş 11.11.1987-ci il tarixli, 5249 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, bina 12, mənzil 5 Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 11.11.1987-ci il tarixli qərarına əsasən X4 adına qeydə alınmışdır. İş materiallarına surəti əlavə edilmiş AZ-İ 723936 nömrəli 26.01.2016-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 26.01.2016-ci il tarixdə ölmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin faktiki hallarından da göründüyü kimi sözügedən mənzil X5 məxsus olmuşdur, sonuncu isə 26.01.2016-cı il tarixdə vəfat etmiş və miras əmlak vərəsəlik qaydasında qəbul edilməmişdir. Başqa sözlə, iddiaçının sözügedən mənzil vərəsəlik qaydasında mülkiyyətə verildikdən sonra yeni mülkiyyətçinin razılığı ilə, habelə özü mülkiyyətçi olduğu halda isə maneəsiz qaydada pasport qeydiyyatına düşmək imkanı yaranacaqdır. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının pasport qeydiyyatına alınmasını tələb etdiyi mənzilə dair qeydiyyat vəsiqəsi öz hüquqi qüvvəsini itirdiyindən və mənzilin yeni mülkiyyətçisi bəlli olmadığından, bununla da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində qeyd edildiyi kimi qeydiyyata düşməyə razılıq verə biləcək subyekt mövcud olmadığından iddia mümkün hesab edilə bilməz və bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar