Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1781/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə (üçüncü şəxslər X7, X12 və X10) qarşı Tovuz rayonu, Əyyublu ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mərhum atası X8 mülkiyyətinə verilməsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının mərhum X9 münasibətdə ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.26 ha torpaq sahəsi həyətyanı məqsədilə X9 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-1589A, KOD 50300068 saylı şəhadətnamə tərtib edilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 155.8 kv.m fərdi yaşayış evi üzərində X8 DTİ və MHQİ tərəfindən mülkiyyət hüququ qeydiyyata alınaraq 52 nömrəli qeydiyyat vəsiqəsi və inventar nömrəsi 446 olan texniki pasport verilmişdir.
3. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən həmin tikililərin yerləşdiyi 0,26 ha torpaq sahəsinə dair X8 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1589 A nömrəli Şəhadətnamə verilmişdir.
4. 18.09.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə miras əmlak kimi mərhumun qardaşı X5 tərəfindən qəbul edilmişdir.
5. Tovuz rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixində tərtib edilmiş texniki pasporta və Tovuz RİH Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 1598 nömrəli arayışına əsasən ümumi sahəsi 251,6 kv.m olan fərdi yaşayış evi və mərhum qardaşı X6 qalan miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
6. 02.03.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə miras əmlak kimi mərhumun qızı X11 tərəfindən qəbul edilmiş və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində Daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
7. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu, Əyyublu ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mərhum atası X8 mülkiyyətinə verilməsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarının üçüncü şəxslərin mərhum atası X9 münasibətdə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yaşayır. Mərhum həyat yoldaşı X4 məxsus olan və Tovuz rayonun Aşağı-Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə görə Tovuz regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsə tanınmışdır. xx.xx.2024-cü il tarixli 2V-624 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkiyyət hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır və ona xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Lakin çıxarışda onun yalnız evə görə hüquqları qeydə alınıb. Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan və müvafiq çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə üçüncü şəxlərin mülkiyyətinə verilmiş və həmin şəxslərin mərhum atası X8 adına JN 1589A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi üst-üstə düşür. Hesab edir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı üçüncü şəxslərin mərhum atası X9 münasibətdə ləğv olunmalıdır. Belə ki, qeyd etdiyi kimi ona mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mərhum atası X8 mülkiyyətinə verilə bilməzdi. Üçüncü şəxslərin mərhum atası Əli Qədim oğluna qanuni əsaslarla həyətyanı torpaq sahəsi qeydə alına bilməzdi. Belə ki, həmin torpaq sahəsi mərhum ərinin valideynlərinə məxsus olmuşdur. Mərhum əri hər iki valideyninin razılığı ilə həmin torpaq sahəsində hazırkı fərdi yaşayış evini tikmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. III. Prosessual məsələlər
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7, X12 və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
12. İşin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
13. İddiaçının vəkili məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər gəlməmiş, cavabdeh isə nümayənndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
14. İddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Cavabdehin və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
18. İş materiallarından görünür ki, iddiaçı tələbində Tovuz rayonu, Əyyublu ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mərhum atası X8 mülkiyyətinə verilməsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının mərhum X9 münasibətdə ləğv edilməsini xahiş edir.
19. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
20. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
21. “İnzibati icraat haqqında” Qanuna görə : Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
22. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat Komissiyasının) bundan təxminən 28 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.
23. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
24. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
25. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
26. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.
27. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.
28. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).
29. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.
30. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
31. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).
32. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
34. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
36. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddətin buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.
37. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
38. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva