Məhkəmə qərarları › İş №2-1(114)-1782/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1782/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1782/2020 05.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialına qarşı vurulmuş maddi ziyanın ödəniləsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmış və həmin vaxt onun 1967-1971-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı müddət əmək stajı kimi nəzərə alınmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1878/2019 nömrəli qərarı ilə əyani təhsil aldığı illərin əmək stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(104)-129/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən ona ödənilməmiş illərin 3 ili ödənilmiş, lakin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla qalan 4 ilin ödənilməsindən imtina edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, «X2» Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə əsasən müraciət edilən tarixdən ən çoxu üç il üçün ödəmə nəzərdə tutlduğundan iddiaçının pensiyası yenidən hesablanaraq ödənilməmiş üç il əvvəlcədən ona ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Belə ki, iddiaçı pulun ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, inzibati orqan tələbin təmin edilməsindən imtina etdiyindən iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə maddi ziyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(104)- 129/2020 nömrəli qərarı cavabdeh orqana daxil olduqdan sonra ona yaşa görə əmək pensiyası təhsil illəri nəzərə alınmaqla yenidən hesablanıb ödənilmişdir. «X2» Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq əmək pensiyasını almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilmişdir. İddiaçı pensiya hüququ yarandığı vaxtdan cavabdeh tərəfindən ona ödənilməmiş 4 ilin ödənilməsini tələb edir. «X2» Azərbaycan Respublikasının Qanununun:- - 32.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 32.1-2-ci bəndinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq pensiya almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş pensiyanın məbləği ona ödənilməlidir. Məhkəmə iddiaçının pensiyaya çıxan vaxt qüvvədə olan «X2» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi barədə dəlillərinə Ali Məhkəmənin İnzibati Kollegiyasının «X2» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli 03 nömrəli Qərardadında əks olunmuş mövqeyindən çıxış edərək bildirir ki, bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi gündən müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minumuma endirmək üçün faktiki imkan və işlək mexanizimlər mövcud olmuşdur. Məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, pensiyanın Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənildiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialına qarşı vurulmuş maddi ziyanın ödəniləsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar