Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1784/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı 1991-ci ildən 2003-cü ilədək qanunla nəzərdə tutulmuş, lakin ödənilməmiş məzuniyyət pullarının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 oktyabr 1991-ci il tarixdən başlayaraq zabit kimi Daxili İşlər Nazirliyinin X4 Hissəsində (indiki Ağstafa Rayon Şöbəsi) müxtəlif vəzifələrdə işləmişdir. Yaş həddi ilə əlaqədar olaraq 04 avqust 2020-ci il tarixdə rəis müavini vəzifəsindən təqaüdə çıxmışdır. Həmin vaxtı 1991-ci ildən 2005-ci ilə kimi X4 X6 Nazirliyinin tərkibində olan zaman, o, 1991-ci ildən 2003-cü ilə kimi məzuniyyətə çıxmamışdır və ona həmin məzuniyyət pulları ödənilməmişdir. Hesab edir ki, həmin ödənilməmiş vəsaitlər təqaüdə çıxarkən son haqq-hesab ödənilən zaman ödəniləcəkdir. Çünki bu məsələ ilə əlaqədar rəhbərliyə dəfələrlə şifahi müraciət etmişdir və ona bildirilmişdir ki, son haqq-hesab ödənilən zaman mütləq şəkildə qalıq vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Lakin təəssüflər olsun ki, o, yaş həddi ilə əlaqədar təqaüdə çıxan zaman da həmin vəsaitlər ona ödənməmişdir. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Cavabdehnə rəsmi müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Katibliyindən ona poçt vasitəsi ilə göndərilmiş 10 mart 2022-ci il tarixli, 001-1 7463A-3222 nömrəli məktubda müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinə əsasən baxılması üçün Azərbaycan Respublikası Cavabdehnə göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 tərəfindən isə ona poçt vasitəsi ilə göndərilmiş 28 aprel 2022-ci il tarixli, 37/A- 02074 nömrəli məktubda Cavabdeh 2005-ci ildə yaradıldığı və əvvəlki dövrlərə aid pul təminatı ilə əlaqəli tələblərə Dövlət X3ndə baxılmaması qeyd olunmuşdur. Bildirmək istəyir ki, hazırki vəzivyətdə onun hüquqları və qanunla qorunan maraqları kobud şəkildə pozulmuşdur. Ona görə də yuxarıda qeyd olunan iddia tələbinə öhdəliyin icrası qaydasında məhkəmədə baxılması zəruridir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı xidmət keçdiyi Ağstafa rayon X4 Hissəsinə sorğu verilmiş və daxil olmuş məlumata görə iddiaçının 1996, 1999, 2002 və 2003-cü illər istisna olmaqla digər illər ərzində məzuniyyətdə olmadığı və həmin illər üçün ona məzuniyyətlə əlaqəli ödəniş edilmədiyi bildirilmişdir. Digər 4 təqvim ili ərzində isə, İddiaçı məzuniyyət hüququndan istifadə etdiyi məlum olmuşdur. İddiada tələb olunan illərin (1991-2003) məzuniyyət hüququ İddiaçı FHN-nin deyil, DİN-nin əməkdaşı olduğu dövrdə yaranmışdır. Belə ki, FHN Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli Sərəncamı əsasında yaradılmışdır və FHN ilə DİN arasında əməkdaşlara ödənilməli olan vəsaitlər də daxil olmaqla maliyyə borclarının təhvil-təslimi aparılmadığı üçün əvvəlki dövrlərə dair pul tələblərinin FHN tərəfindən ödənilməsi mümkün deyildir. Həmin dövrdə DİN əməkdaşlarına məzuniyyət verilməsini və ödənilməsini tənzimləyən normativ sənədlərdə məzuniyyətə görə əmək haqqı məbləğindən başqa hər hansı əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, məzuniyyətə görə müavinət verilməsi məsələsi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsində nəzərdə tutulmuşdur və həmin qanun 2010-cu ildə qüvvəyə minmişdir. Bu isə o deməkdir ki, məbləğ baxımından iddiaçıya ödəniləsi heç bir faktiki fərq yoxdur. İddiaçı məzuniyyətə çıxaraq alacağı əmək haqqı həcmində məbləği, məzuniyyətdən istifadə etmədən işə çıxmaqla almışdır. İddiaçının tələbinin mahiyyətini təşkil edən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilmiş işçilərə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) verilməsi Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələri ilə tənzimlənərək sonuncu iş günü işçiyə verilməlidir. Bu halla bağlı hər hansı bir mübahisə yarandığı təqdirdə Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işçinin öz hüquqlarının bərpa edilməsi üçün 1 il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, həmin maddənin tələblərinə görə, fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən göstərilən müddət ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının xidmətkeçməsinə 4 avqust 2020-ci ildə xitam verilmişdir və sözügedən müddətin axını da həmin vaxtdan başlamışdır. Belə ki, 296.3-cü maddəyə görə hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür və hazırki tələb üzrə iddia müddətinin axımı qeyd olunan maddədə təsbit olunmuş qaydada, yəni əməkdaşa son haqq-hesabın verildiyi tarixdən başlayır və həmin müddət iddiaçı tərəfindən ötürülmüşdür. İşin şifahi məhkəmə baxışı iclası 08 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçıya və cavabdehə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı öhdəliyin icrası iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 37.1-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (əməkdaşlar) şamil edilir. Həmin Qanunun 23.5-ci maddəsinə əsasən illik və əsas məzuniyyətlərdən hər hansı səbəbdən istifadə etməmiş fövqəladə hallar orqanlarının əməkdaşlarına istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsi qanunvericiliyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Cavabdeh yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi Azərbaycan Respublikası Cavabdeh tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 394 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdeh haqqında» Əsasnamənin 8.73cü bəndinə görə tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək Nazirliyin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 73-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, əməkdaş müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmətlərinə görə haqq, nəhayət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, xx.xx.2012-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Azərbaycan Respublikası Cavabdeh, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası»nın 1.3-cü bəndinə görə fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır. Göründüyü kimi, qanunvericiliyə əsasən işəgötürən qismində hazırkı cavabdeh işçi kimi hazırkı iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərə görə pul əvəzini ödəməli olduğu halda, bunu etməmiş, iddiaçı istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin ödənilməsinə dair ona müraciət etdikdə, məsələnin həllindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Lakin həmin qərarın məzmunundan məlum olur ki, bu qərar 1994-cü ildə qəbul olunmuş və 1997-ci ildə Əmək Məcəlləsinə əlavə edilmiş «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun əmək müqaviləsinə xitam verilərkən sosial məzuniyyətlər və uşaqlı analara verilən məzuniyyətlər istisna olmaqla, qalan hallarda istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməsini nəzərdə tutan 32-ci maddəsi ilə hazırda qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsindən fərqli olaraq əmək müqaviləsinə xitam verilərkən işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin yalnız əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutan maddəsinin müqayisəsi nəticəsində qəbul olunmuşdur və həmin qərarın özündə də müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsi tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və Əmək Məcəlləsinin 317-ci maddəsinin ikinci hissəsi nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikası Qanununun (bu Qanun xx.xx.1999-cu il tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) 32-ci maddəsi, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi işçinin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almaq hüququnu tanıyır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında kompensasiyanın yalnız hərbi xidmətdə olanlara verilməsi və ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara verilməməsinin Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin pozulmasına gətirib çıxarması barədə hüquqi mövqeyi, həmçinin Oktay Çərəkmərkəzlinin şikayəti üzrə çıxarılmış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilməsi və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququnun pozulmasına səbəb olması barədə hüquqi mövqeyi nəzərə alınarsa, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilənədək işdən çıxmış şəxslərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsindən imtina onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququnun pozulmasına səbəb olur. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində 1991-ci ildən 2003-cü ilədək qanunla nəzərdə tutulmuş, lakin ödənilməmiş məzuniyyət pullarının hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh X4 Xidməti Ağstafa Rayon Dövlət X1 xx.xx.2022-ci il tarixli, xx/xx-0214 nömrəli arayışından görünür ki, İddiaçı 1991-1995, 1997-1998 və 2000-2001-ci il xidmət dövrlərində məzuniyyət hüququndan istifadə etməmiş və ona həmin illər üçün heç bir məzuniyyət ödənişləri ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağstafa 62-ci Müstəqil Hərbiləşdirilmiş Yanğın Hissəsinin xx.xx.1996-cı il tarixli, 06/ş nömrəli, xx.xx.1999-cu il tarixli, 06/ş nömrəli, xx.xx.2002-ci il tarixli, 45/ş nömrəli və xx.xx.2003-cü il tarixli, 23/ş nömrəli əmrlərindən çıxarışlardan görünür ki, İddiaçı 1991,1996, 1999, 2002 və 2003-cü illərdə məzuniyyət hüququndan istifadə etmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçının qeyd olunan məsələ ilə bağlı iddia tələbinə cavabdeh tərəfindən edilən etirazın mahiyyətini həmçinin, iddiaçının 1991-2003-cü illərdə işlədiyi qurumun Cavabdeh deyil, Daxili İşlər Nazirliyinin tabeliyində olması təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, fövqəladə hallar orqanlarının əməkdaşlarının sosial müdafiəsinin həyata keçirilməsi Cavabdeh vəzifələri sırasına aid olduğundan, ona istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya da Cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, cavabdehin etirazı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı 1991- 1995, 1997-1998 və 2000-2001-ci illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1991-1995, 1997-1998 və 2000-2001-ci illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1784/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1784/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver