Məhkəmə qərarları › İş №2-1(114)-1784/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1784/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1784/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümaynəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X12, X13, X15, X16, X7, X14 və X3 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-185/2007 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X4 Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 28 saylı evdən istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamənin

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-11979/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1968-ci il təvəllüdlü X15, xx.xx.1980-ci il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.1978-ci il təvəllüdlü X1 şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanında qeydiyyatdadırlar.

4. İddiaçı üçüncü şəxslər X12, X13, X15, X16, X7, X14 və X3 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 35179/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X12 xx.xx.2017-ci il tarixdən halhazıradək, X13 xx.xx.2002-ci il tarixdən hal-hazıradək, X15 xx.xx.2021-ci il tarixdən halhazıradək, X16 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X7 xx.xx.2017-ci il tarixdən halhazıradək, X14 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2007-ci il tarixdən halhazıradək Gəncə şəhəri, X28 küçəsi, ev 28 ünvanında qeydiyyatdadırlar. İddiaçı xx.xx.2003-cü il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatdadır. X8 qeydiyyata alınmasına əsas olan sənədlərin kserosurətləri Sizə göndərilir. Adları qeyd olunan digər şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 3 saylıSahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 20 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeydiyyat ünvanları M.C.Paşayev (indiki Mehmandarov) küçəsi, ev 28 ünvanı kimi göstərilən İddiaçı, X15, X7, X12, X14, X5, X13, X16 hal-hazırda həmin ünvanda yaşamırlar. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X12, X13, X15, X16, X7, X14 və X3 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X27 küçəsində yerlən 20 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Hal-hazırda həmin yaşayış evi onun faktiki sahibliyində və istifadəsindədir. Həmin ev ona nənəsi X2 miras qalıb və xx.xx.2007-ci il tarixdən evin 11/12 hissəsi, xx.xx.2011-ci il tarixdən isə bütövlüklə onun mülkiyyətindədir. Evin heç bir təmiri yoxdur, yaşayış üçün heç bir şəraiti yoxdur. Lakin, onun evində onun ailə üzvləri olmayan digər şəxslər də pasport qeydiyyatındadırlar. Bildirmək istəyir ki, həmin şəxslərlə heç vaxt bir evdə yaşamamışlar və ümumi təsərrüfatları olmayıb. Evində qeydiyyatda olan şəxslərdən X9, X13 və X16 əmisi uşaqlarıdırlar. X15 uzaq qohumudur, X7, X12 və X14 isə azyaşlı olduqları üçün onun xəbəri olmadan ataları X13 evinə qeydiyyata salıb. Bildirmək istəyir ki, onun həmin şəxslərlə heç bir ədavəti yoxdur, sadəcə onlar özləri yaşayış yeri üzrə onun evindən çıxmırlar. Həmin şəxslər Rusiya vətəndaşlarıdırlar, lakin Azərbaycan Respublikasının vətəndaşlığı da onlarda vardır. Hamısı böyüyəndən sonra Rusiyaya köçüblər, orada evləri, iş yerləri var, evinə qeydiyyata salınan uşaqları da Rusiyada anadan olublar, Rusiyanın vətəndaşlarıdırlar və orada oxuyurlar, bu evdə heç vaxt yaşamayıblar. X9 isə Dağıstanlı olan Rusiya vətəndaşına ərə gedib və cavan vaxtlarından buraya gəlmir. Digərlərinin Azərbaycana gəlib-getdikləri haqda xəbəri olmur. Əvvəllər sağlığında anaları X6 özü Rusiyaya onların yanına gedib qalırdı. Hər bir halda, münasibət saxlamırlar, onlar da bu evə gəlmirlər. Onun evində üçüncü şəxslərin qeydiyyatda olmaları yaşayış yeri üzrə qeydiyyat haqqında 75920073 №li xx.xx.2024-cü il tarixli Asan-Gəncə xidmətindən aldığı arayışla təsdiq olunur. Hesab edir ki, mövcud vəziyyət evə mülkiyyət hüquqlarını məhdudlaşdırır, qanunla qorunan maraqlarını pozur. O, evinə sərbəst surətdə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

11. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

12. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polisİdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12, X13, X15, X16, X7, X14 və X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdirlər.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

24. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, üçüncü şəxslərdən X12, X13, X16, X7, X14 və X3 istifadə hüquqları olsa belə, uzun müddətdir həmin evdə yaşamadıqlarına görə, artıq istifadə hüquqları itirilmişdir. Ona görə də, hesab edir ki, üçüncü şəxslərin qeydiyyatları formal xarakter daşığından hazırkı işə inzibati qaydada baxılaraq, onların qeydiyyatdan çıxarılması təmin edilməlidir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10760/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlər ; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-47/2- 35179/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 35179/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 3 saylıSahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 20 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1968-ci il təvəllüdlü X15, xx.xx.1980-ci il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.1978-ci il təvəllüdlü X5 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatdadır, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar.

28. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

29. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

31. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

33. Göründüyü kimi, üçüncü şəxs X15 hazırkı mülkiyyətçinin ailə üzvü olmadığından onun iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüququ da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxs hazırda sözügedən ünvanda faktiki olaraq yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Onun iddiaçıya məxsus evdə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.

34. Digər üçüncü şəxslərə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, X9, X13 və X16 hazırki mülkiyyətçinin əmisi uşaqları, X7, X12 və X14 isə əmisi nəvələri olmaqla, onlar, həmin evdə doğulub, boya-başa çatmış, ilk dəfə yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışlar. Üçüncü şəxslərdən X9, X13 və X10 anası olan X4 isə məhkəmə qətnaməsi ilə mübahisəli ünvana istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədə X4 üç yetkinlik yaşına çatmamış uşağı ilə həmin evdə yaşaması halının müəyyən edildiyi qeyd edilmişdir.

35. Ona görə də, X12, X13, X16, X7, X14 və X3 mübahisəli evdən istifadə hüquqlarının mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X12, X13, X16, X7, X14 və X3 mübahisəli evə istifadə hüquqlarının olmadığı və ya itirildiyi müəyyən ediləcəyi halda, həmin qətnamə onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

36. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslər X12, X13, X16, X7, X14 və X3 qeydiyyatdan çıxarılmasından imtinası əsaslı olmuşdur.

37. Ona görə də, iddia X12, X13, X16, X7, X14 və X3 ünvan 6 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməməlidir.

38. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia qismən təmin edilsin. X8 ünvan 6 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia üçüncü şəxslər X12, X13, X16, X7, X14 və X3 Gəncə şəhəri, Kəpəz rayonu, X28 küçəsi, ev 28 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar