Məhkəmə qərarları › İş №2-1(114)-1785/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1785/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1785/2021 02.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı Firudin oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Firudin oğlu (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-ci il tarixdən 1994-cü il tarixədək Azərbaycan Respublikasında gedən döyüşlərdə iştirak etməyimi nəzərə alıb ona “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə ərizə göndərərək iddia ərizəsinə baxılmadan iş materiallarına əlavə etdiyi sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının 30.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə göndərdiyi ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının (və yaxud nümayəndəsinin) ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun hazırki iddia tələbi ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Məhkəmə həmçinin hesab edir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311,00 (üç yüz on bir) manat xərc iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Firudin oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar