Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1787/2021 20.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 10.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən daşınmaz əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər toplusunun təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyə uyğun baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, müraciətin təmin edilməsindən imtina edilməsi üçün göstərilmiş səbəblər hüquqi cəhətdən əsaslı deyil və qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, imtinada "xxxx" kooperativinin "xxxx" kiçik müəssisəsinə keçməsi barədə sənədin əlavə edilmədiyi qeyd olunmuşdur. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2004-cü il tarixli, 1017 saylı inventar nömrəli “Qeyri-yaşayış binasının texniki pasportuna əsasən Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində tikilinin "xxxx" MMC-yə məxsus olması göstərilmişdir. Həmin sənədin əsas hissəsində isə Gəncə şəhər XDS İcraiyyə komitəsinin 26.10.1990-cı il tarixli 15 nömrəli qərarı göstərilmişdir. Qeyd olunan qərardan da göründüyü kimi Gəncə şəhərində 4-cü Səyyar mexanikləşdirilmiş dəstənin nəzdində yaradılmış tikintinin aparılması üçün "xxxx" kooperativinə torpaq sahəsi ayrılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə bölgə şöbəsi tərəfindən təsdiq edilmiş 02.12.2004-cü il tarixli “Betonçu kiçik müəssisəsinin möhür və ştampının ləğvi haqqında akt”dan göründüyü kimi "xxxx" MMC "xxxx" kiçik müəssisəsinin bazasında yaradılmışdır. Göründüyü kimi əmlak ilkin olaraq, Betonçu” kooperativinə verilmiş və kooperativdən isə “Betonçu" X1 sahibliyinə keçmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, hazırda daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışın "xxxx" kiçik müəssisəsinə münasibətdə tələb edilmədiyi üçün əmlakın "Betonçu” kooperativindən "xxxx" kiçik müəssisəsinə keçməsi barədə sənədin tələb edilməsinin hüquqi əsası yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, 1999-cu ilə qədər qüvvədə olmuş “Mənzil Məcəlləsinin” və 1991-ci ilədək qüvvədə olmuş digər qanunvericilik aktlarına əsasən dövlət mənzil fondunun və torpaqların idarə edilməsi ilə bağlı əsas funksiyalar yerli xalq deputatları sovetləri tərəfindən həyata keçirilmişdir. Qeyd olunan səbəbdən də xalq deputatları sovetləri tərəfindən müvafiq tikintinin aparılması üçün "xxxx" kooperativinə torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina məktubunda göstərilən “Tikinti obyektinin istismarına icazə sənədinin” olmaması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı jdarəsi tərəfindən tərtib edilmiş 2004-cü il tarixli 1017 saylı inventar nömrəli “Qeyri-yaşayış binasının texniki pasportu”ndan göründüyü kimi tikinti 2004-cü ildə artıq yekunlaşmışdır və bu səbəbdən tikiliyə texniki pasport verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Yalnız bundan sonra tikililərə dair “Tikinti obyektinin istismarına icazə barədə sənəd tələb olunmağa başlanılmışdır. Halbuki aidiyyəti dövlət qurumu tərəfindən 2004-cü ildə tikintiyə dair texniki pasport tərtib edilmiş və həmin vaxt Tikinti obyektinin istismarına icazə barədə sənəd” tələb olunmamışdır. Odur ki cavabdeh orqanın qeyd olunan tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının nümayəndəsi X7 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edilmiş sənədlərin araşdırılması zamanı müraciətə "xxxx" korporativinin "xxxx" kiçik müəssisəsinə keçməsi və “Tikinti obyektinin istismarına icazə” barədə sənədlərin əlavə edilmədiyi məlum olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 26.10.1990-cı il tarixli 15 nömrəli qərarından görünür ki, Gəncə şəhərində 4-cü Səyyar mexanikləşdirilmiş dəstənin nəzdində yaradılmış "xxxx" kooperativi dəstənin öz sahəsində yerləşmədiyinə görə həmin korporativə şəhər icraiyyə komitəsinin xüsusi təmir tikinti trestinin “təmir bazası” zonasında 0.5 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş “Təsərrüfat subyektlərinin dövlət qeydiyyatı haqqında” 15044 nömrəli şəhadətnamədən görünür ki, "xxxx" kiçik müəssisəsi 16.08.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş 21.12.1998-ci il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktından görünür ki, xüsusi təmir-tikinti trestinin təmir bazasında "xxxx" kooperativinə məxsus olan tikintilərin istismarına müvafiq komissiya tərəfindən icazə verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 29.04.2021-ci il tarixli 443(282)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23.02.1999-cu il tarixli 6136 nömrəli sərəncamı ilə 4 nömrəli Səyyar mexanikləşdirilmiş dəstənin nəzdində yaradılmış "xxxx" korporativinə verilmiş Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 26.10.1990-cı il tarixli 15 nömrəli qərarı və "xxxx" korporativinin 05.12.1998-ci il tarixli 03 nömrəli məktubunun nəzərə alınması, tikintisi başa çatdıqdan sonra "xxxx" korporativinin liter “A”-da 3 iş otağı, dəhliz, liter “B”-də ağac emalı sexi, qurutma sexi, liter “B”-də anbar, liter “Q”-də çardaq və liter “D”-də çardaqdan ibarət bazasının istifadəyə verilməsinə dair Dövlət komissiyasının 21.12.1998-ci il tarixli qəbul aktının təsdiq edilməsi və tikililərin "xxxx" korporativinin mülkiyyətinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş "xxxx" kiçik müəssisəsinin möhür və ştampının ləğvi haqqında 01.12.2004-cü il tarixli aktdan görünür ki, "xxxx" kiçik müəssisəsinə məxsus 1 ədəd dairəvi möhür və 1 ədəd künc ştampı məhv edilmişdir. -surəti işə əlavə edilmiş “Dövlət qeydiyyatı haqqında” 15044 nömrəli şəhadətnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 02.12.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş 13.12.2004-cü il tarixli 1017 inventar nömrəli Qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən tikili "xxxx" MMC-yə məxsusdur. -surəti işə əlavə edilmiş DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.10.2021-ci il tarixli, **********70 nömrəli bildirişindən görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən daşınmaz əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi müraciətə "xxxx" korporativinin "xxxx" kiçik müəssisəsinə keçməsi və “Tikinti obyektinin istismarına icazə” barədə sənədlərin əlavə edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilmiş sübutlardan görünür ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 26.10.1990-cı il tarixli 15 nömrəli qərarı ilə Gəncə şəhərində 4-cü Səyyar mexanikləşdirilmiş dəstənin nəzdində yaradılmış "xxxx" kooperativi dəstənin öz sahəsində yerləşmədiyinə görə həmin korporativə şəhər icraiyyə komitəsinin xüsusi təmir tikinti trestinin “təmir bazası” zonasında 0.5 hektar torpaq sahəsi ayrılmışdır. Bundan sonra 21.12.1998-ci il tarixli Qeyri-yaşayış fondunun qəbulu aktı ilə xüsusi təmir-tikinti trestinin təmir bazasında "xxxx" kooperativinə məxsus olan tikintilərin istismarına müvafiq komissiya tərəfindən icazə verilmiş, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23.02.1999-cu il tarixli 6136 nömrəli sərəncamı ilə "xxxx" korporativi tərəfindən inşa edilmiş tikililərin istifadəyə verilməsinə dair Dövlət komissiyasının 21.12.1998-ci il tarixli qəbul aktı təsdiq edilmiş və tikililər "xxxx" korporativinin mülkiyyətinə verilmişdir. "xxxx" kooperativinə Gəncə şəhər XDS İcraiyyə Komitəsinin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsi müvafiq tikintinin aparılması məqsədilə ayrılmışdır və məqsədli təyinatına uyğun olaraq "xxxx" kiçik müəssisəsi tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikilinin istismarına müvafiq komissiyanın 21.12.1998-ci il tarixli aktı ilə icazə verilməsi, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23.02.1999-cu il tarixli 6136 nömrəli sərəncamı ilə həmin aktın təsdiq edilməsi halı artıq həmin orqan tərəfindən tikintiyə icazə verilməsini ehtiva edir. Bundan əlavə imtinanın digər hissəsi (korporativin kiçik müəssisəyə keçməsi ilə bağlı sənədin müraciətə əlavə edilməməsi) ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" kiçik müəssisəsi 16.08.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi "xxxx" kooperativinə ayrılmış və həmin torpaq sahəsində korporativin hüquqi varisi olan "xxxx" kiçik müəssisəsi tərəfindən müvafiq tikililər inşa edilmişdir. Odur ki, hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişməsi ilə bağlı sənədin müraciətə əlavə edilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən daşınmaz əmlak kompleksi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1787/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1787/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver