Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1788/2021 06.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində X9 İcrayyə Komitəsinin 28 fevral 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2019-cu ildə həmin torpağı öz adına rəsmiləşdirmək istəsədə həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarına əsasən JN-610A KOD 50400018 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası vətəndaşı olmayan, Dəllər qəsəbəsində heç bir zaman qeydiyyatda olmayan X2 adına verilmişdir. O, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 nömrəli şəhadətnamənin ləğv olunması barədə hüquqi varis olaraq cavabdehə rəsmi müraciət etmiş və ona həmin orqandan rəsmi imtina məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin torpaq sahəsi qanuni sənədlə uzun illərdir ki, onun istifadəsindədir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(114)-1016/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı tərəfindən verilən apelyasiya şikayəti əsasında iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli 2-1(104)-556/2021 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(114)-1016/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaya qarşı münasibət bildirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. İddiaçı tələbinin əsası kimi mübahisələndirilən torpaq sahəsinin Şəmkir rayon Dəllər qəsəbəsi X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə ona verilməsinə istinad etmiş və bildirmişdir ki, verilmiş torpaq sahəsini alan zaman ona Şəmkir rayon Dəllər qəsəbəsi X9 İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli, 5 nömrəli iclas protokolundan başqa heç bir sənəd verilməmiş, həmin torpaq sahəsi 2007-ci il tarixdə Bakı şəhərinə köçənədək onun istifadəsində olmuş, həmin torpaq sahəsində ağac əkmiş və küçə tərəfdən hasar çəkdirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 1971-ci ildən – 01 aprel 1992-ci il tarixə kimi qüvvədə olmuş 07 iyul 1970-ci il redaksiyalı Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən X10 Vilayəti X5 İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (Respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddələrinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd X9nə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verilir. - 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin şərtləri göstərilmişdir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 25-ci maddəsinə əsasən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X9 icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. - 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır... Məhkəmənin 11 avqust 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti 31 avqust 2021-ci il tarixli **********18 nömrəli məktubla bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin arxivindən Şəmkir rayonu, Dəllər qəsəbəsi üzrə həyətyanı torpaq sahəsi verilən subyektlərin siyahısından X7 və ailə üzvlərinin adları qeyd edilmiş, lakin İddiaçı adı siyahıda aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən (1 saylı əlavədən) görünür ki, X4 451 saylı şəhadətnamə ilə 0.075 ha, 610 saylı şəhadətnamə ilə isə 0.06 ha torpaq sahəsinin verildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş JN-610A KOD 50400018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəmkir rayon, Dəllər qəsəbə sakini X4 ailə üzvləri ilə bilikdə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 52 saylı qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün 0.07 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, onlarda hüquqmüəyyənedici sənəd kimi Şəmkir rayon Dəllər qəsəbəsi X9 İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 5 nömrəli protokolun surətindən başqa sənəd yoxdur. Qeyd olunan protokolun surətindən görünür ki, həmin protokola əlavə edilmiş torpaq sahəsi almış şəxslərin siyahısının 111-ci sırasında İddiaçı adı qeyd edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X3 23.09.2021-ci il tarixli 06 nömrəli məktubuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş 28.09.2021-ci il tarixli k-3-130 nömrəli məktubdan və məktuba əlavə olunmuş Şəmkir rayon Dəllər qəsəbəsi X9 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 nömrəli iclas protokolunun təsdiqlənmiş surətindən görünür ki, protokola əlavə edilmiş torpaq sahəsi almış şəxslərin siyahısında 111-ci sırada İddiaçı torpaq sahəsi almış şəxs kimi siyahıya əlavə edilmişdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən qeyd edir ki, Şəmkir rayonu Dəllər qəsəbəsi X9 İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə iddiaçıya verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yerquruluşu orqanları tərəfindən müəyyən edilmədiyindən və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli (JN-610A KOD ********) qərarı ilə üçüncü şəxs X2 adına qeydə alınmış 0.07 ha torpaq sahəsinin ona ayrılmasını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarınınpozulmasınıəsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığından, beləliklə də hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlaravə Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1788/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1788/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver