Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1788/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı əlillik vəziyyəti L00203598KİM nömrəli göndərişə əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) keçirilmiş sağ incik incik sinirinin posttravmatik nevropatiyasının sağ pəncənin plegiyası şəkilində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020) hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili- cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və baldır nahiyəsinin orta 1/3 -nin yumşaq toxumasında 4 ədəd metal qəlpə.Posttravmatik stress pozuntusu.Qarışıq dissosiativ [konversion] pozuntular” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı diaqnoz “Partlayış travması (xx.xx.2020), keçirilmiş sağ incik sinirinin posttravmatik neyropatiyasının sağ pəncənin plegiyası şəklində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə, Partlayış travması (xx.xx.2020), hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və orta 1/3-nin baldır nahiyəsinin yad cisimləri (metal qəlpələr). Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu’ “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ;İV (dördüncü) dərəcəli alimentarkonstitusional piylənmə BÇİ-41,6".“Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” ;"lnusilindən asılı olmayan şəkərli diabet, tip-2, yüngül dərəcə, kompensasiya mərhələsində Qastroezofageal reflüks xəstəliyi. Xroniki antral qastrit. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativ-konversion pozuntu anamnezində funksional tutmalarla" “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uqrunda gedən döyüşlərdə “Partlayış travması.Sağ budun cox saylı kor sağ baldırın orta 1\3-nin dəlib keçən qəlpə yaralanması. Yumsaq toxumaların yad cismi. Partlayış travması nəticəsindəsol incik sinirinin postravmatik nevropativası.” xəsarətini almışdır:döyüş tapşırığını yerinə yetirərkən. X4 Nevralogiya şöbəsinin stasionar xəstənin tibbi kartasından çıxarışda tam diaqnoz: Partlayış travması (xx.xx.2020-ci il) nəticəsində keçirilmiş sağ incik sinirinin posttravmatik neyropatiyasıının qalıq əlamətləri funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması ( xx.xx.2020-ci il) Hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları və sağ baldır nahiyyəsinin yad cisimləri (metal qəlpələr) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1 müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1, Dissoxsiativ konversion pozuntu F44.8 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı diaqnozu XBT-10 üzrə kod F 43.1, əsas xəstəlik: Posstravmatik stress pozğunluğu, yanaşı xəstəlik F44.7 Qarışıq dissosiativ (konversion) pozğunluqlar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı diaqnozu XBT-10 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, yanaşı xəstəlik F43.1 Posttravmatik stess pozğunluğu, yanaşı xəstəlik F44.7 Qarışıq dissosiativ (konversion) pozğunluqlar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 3-28-26/2-42/2024 saylı sorğuya cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, intihar cəhdləri ilə F 62.0” diaqnozu ilə PSM-də müayinə olunmuşdur. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin aprel ayında SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 04 may 2020-ci il tarixdən hərbi xidmət keçməyə başlamışdır. Hərbi xidmətini əvvəlcə Ağcabədi rayonu N saylı hərbi hissədə keçib, sonra N saylı hərbi hissəyə keçirilmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə düşmən tərəfin minaatıcılardan açdığı çoxsaylı minaların partlaması nəticəsində yaranalanaraq partlayış travması və qəlpə yaraları almış,əməliyyat olunmuşdur.Ona “Partlayış travması.Sağ budun çoxsaylı kor, sağ baldırın orta 1/3 dəlib keçən qəlpə yaralanmasına görə aparılmış birincili-cərrahi işlənməsi, əməliyyatdan sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların yad cismi. Partlayış travması nəticəsində keçirilmiş sol incik sinirinin posttravmatik neyropatiyasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Qeyd edilən yaralanma ilə bağlı o, 6 aya yaxın müddət müalicələr almışdır. Mülaicələrdən sonra, 18.07. 2021- ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən tərxis olunub evə qayıtdıqdan sonra təxminən 10 gün keçmişdir ki, onun səhhətində ağırlaşmalar baş verdi. Belə ki, onun başında kəskin ağrılar yarandı, ayaqlarını hiss etməyərək yıxılırdım, huşu itirdi, beynində müxtəlif səslər güyültü yaranırdı. Buna görə xx.xx.2021-ci il tarixdə o, X4 Nevralqiya Şöbəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək orada müalicə almışdır. Bundan sonra vəziyyətində yaxşılaşma olmadığından xx.xx.2021-ci il tarixdə X3 müraciət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək həmin xəstəxanada müalicə almışdır. Həmin vaxtdan onu Psixiatriya Xəstəxanasında qeydiyyata aldılarvə hər ay ona psixi dərmanlar verilir. xx.xx.2022-ci il tarixdə o, Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasına göndərilmiş,orada müayinə olunduqdan sonra o, “Psixi Sağlamlıq Mərkəzi”nə göndırilmiş və xx.xx.2022-ci il tarixdə professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Həmin vaxt ona “Posttravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1” diaqnozu qoyulmuşdur. Yenidən tutmaları olduğuna görə xx.xx.2022-ci ildə mən Gəncə Psixo-nevroloji dispanserə müraciət etmiş, orada bildirilmişdir ki, o, xəstəxanada yatmalıdır. Buna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək o, yenidən Gəncə Psixo-Nevroloji dispanserdə müalicə almışdır. Həmin vaxt ona “Posttravmatik stress pozuntusu F43.1, ifadə olunmuş dissosiativ əlamətlərlə F44.8, Teztez baş verən funksional tutmalar anaıunezində F44.5” diaqnozu qoyuldu. xx.xx.2022-ci il tarixdə mən yenidən professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş,orada onun əvvəlki diaqnozu “Posttravmatik stress pozuntusu F43.1. Dissosiativ-konversion pozuntu F44.8” təsdiqlənmişdir.xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Abbas Səhhət adma X2 müalicə almış, bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək yenidən Gəncə Psixiatrik xəstəxanasında müalicə almışdır. xx.xx.2024-cü il tarixdə onun sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, lakin Agentlikdən ona sənədləri tam olmadıöına görə imtina cavabı verilmişdir . Bundan sonraonun sənədləri hazırlanıb yenidən cavabdeh orqana göndərildi. Lakin cavabdeh orqan yenidən ona imtina cavabı verilmişdiri. Cavabdehin imtinası tamamilə əsassızdır və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatında 10-cu baxışında kodu F07.0 və F43.1) müəyyən edilir. Qeyd edilməlidir ki, müayinə zamanı yoxlanılan şəxsdə yuxarıda göstərilən (F07.0) kodlu diaqnozlu psixi pozuntu ilə yanaşı onda həmçinin “Posttravmatik stress pozuntusu” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilir. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərdən aydın olur ki, iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir barədə qərara dair məlumat xx.xx.2024-ci il tarixdə bildirilmişdir.Bununlada iddiaçı tərəfindən qanunla müəyyən olunmuş prosessual müddət ötürülməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edilir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli arayışı, X4 Nevralogiya şöbəsinin stasionar xəstənin tibbi kartasından çıxarışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 3-28-26/2-42/2024 saylı sorğuya cavab məktubu və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti L00203598KİM nömrəli göndərişə əsasən “ “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) keçirilmiş sağ incik incik sinirinin posttravmatik nevropatiyasının sağ pəncənin plegiyası şəkilində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020) hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili- cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və baldır nahiyəsinin orta 1/3 -nin yumşaq toxumasında 4 ədəd metal qəlpə.Posttravmatik stress pozuntusu.Qarışıq dissosiativ [konversion] pozuntular” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Məhkəməyə təqdim edilmiş ekpert rəyi ilə də müəyyən olunmuşdur ki, iddiaçıda Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatında 10-cu baxışında kodu F07.0 və F43.1), həmçinin müayinə zamanı şəxsdə yuxarıda göstərilən (F07.0) kodlu diaqnozlu psixi pozuntu ilə yanaşı onda həmçinin “Posttravmatik stress pozuntusu” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının diaqnozu “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyən olunmuşdur. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1–ci bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona üçüncü dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1788/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1788/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver