Məhkəmə qərarları › İş №2-1(114)-1790/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1790/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1790/2020 25.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Tərtər rayon filialına qarşı 1982- 1984-cü illər ərzində Bərdə rayonunun sabiq “Şortəpə” kolxozunda (AİM) və 1993-1997-ci illər ərzində Tərtər rayonunun “Narçılıq” adına kolxozunda işlədiyi illərin, eləcə də xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək İ qrup əlil oğlu X8 qulluq etdiyi dövrün onun ümumi iş (sığorta) stajına daxil edilməklə və sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyyə etdiyinə görə 56 yaş tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Tərtər rayon filialının üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Tərtər rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 652 nömrəli arayışında göstərilən 1982-1984-cü illər ərzində Bərdə rayonunun sabiq “Şortəpə” kolxozunda (AİM) və Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 60 nömrəli arayışında göstərilən 1993-1997-ci illər ərzində Tərtər rayonunun sabiq “Narçılıq” adına kolxozunda işlədiyi illərin, eləcə də xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək İ qrup əlil oğlu X8 qulluq etdiyi dövrün onun ümumi iş (sığorta) stajına daxil edilməklə və sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyyə etdiyinə görə 56 yaş tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə doğulmuş, xx.xx.1984-cü ildə X16 ilə birgə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Uşaqlarının hamısını o, cümlədən sağlamlıq imkanları məhdud (sonradan İ dərəcəli əlil) olan xx.xx.1992-ci il təvəllüdlü oğlu X2 yaşınadək tərbiyə edib böyütmüş, eyni zamanda ona İ qrup əlil olduğu üçün xx.xx.1997-ci il tarixdən halhazıradək qulluq etmişdir. Eyni zamanada o 1982-1984-cü illər ərzində Bərdə rayonunun sabiq “Şortəpə” kolxozunda (AİM) və 1993-1997-ci illər ərzində Tərtər rayonunun sabiq “Narçılıq” adına kolxozunda işləmişdir. Arxiv arayışına əsasən o, xx.xx.2006-cı ilədək azı 10 il iş stajına malik olduğundan və xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli qanunun 7.1 və 8.2-ci maddələrinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyyə etdiyinə görə 56 yaş yarım tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə də yaranmış pensiya hüququndan istifadə edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubla onun 1982-1984-cü və 1993-1997-ci illərdə işləməsinə dair əmək kitabçası olmadığı üçün pensiyanın təyin edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X16 məhkəməyə dəqiqləşmə ərizəsi verərək 1982-1984-cü illər ərzində Bərdə rayonunun sabiq “Şortəpə” kolxozunda və 1993-1997-ci illər ərzində Tərtər rayonunun sabiq “Narçılıq” adına kolxozunda işlədiyi illəri əmək normasına uyğun hesablanmaqla və xx.xx.1997-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlıq imkanları məhdud və İ qrup əlil oğlu X8 qulluq etdiyi 23 ilin sosial-sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, iddiaçının 1997-ci il tarixdən 2020-ci il tarixədək olan 23 il stajı (İ qrup əlil uşağa qulluqla əlaqədar olan dövrü) qəbul edirlər, lakin Arxiv Arayışında olan 1982-1984-cü və 1993-1997-ci illərə aid işlədiyi dövrü əmək kitabçası olmadığı üçün sosial sığorta stajına daxil etmirlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Mirbəşir rayonunun Səhləbad kənd XDS icrayyə komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli İİİ-ЖГ nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 və İddiaçı arasında xx.xx.1984-cü il tarixdə nikahlarını bağlamışlar, Mirbəşir rayonunun Səhləbad kənd XDS icrayyə komitəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Muradov», arvada «Muradova» soyadı verilmişdir. - Tərtər rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli XVİ-ЖГ 350427 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1992-ci il tarixdə Tərtər rayonunun Bayandur kəndində doğulmuşdur. - Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd X18 üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 136 nömrəli arayışdan görünür ki, İddiaçı əri-X16, oğlu-X14, qızı-X10, oğlu-X11 və oğlu-X6 ibarət ailə üzvləri ilə birlikdə nümayəndəliyin Bayandur kəndində yaşayır. Ana uşaqları özü doğmuş və 8 (səkkiz) yaşınadək böyütmüşdür. - Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd X18 üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 143 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il təvəllüdlü oğlu sağlamlıq imkanları məhdud olan X8 doğulduğu ildən halhazıra kimi qulluq edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Tərtər rayon filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli arayışından görünür ki, X8 cavabdeh tərəfindən İ (birinci) qrup ümumi xəstəlikdən əlilliyə görə xx.xx.1997-ci il tarixdən hal-hazıra kimi hər ay daimi 150 (bir yüz əlli) manat sosial müavinət və 10 (bir yüz) manat Prezident təqaüdü təyin edilib. - Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 652 nömrəli arayışdan görünür ki, Muradova (Məmmədova-Əsədova) Naibə Hüseyn qızının 1982- 1984-cü illərdə sabiq Şortəpə kolxozunda işləyərək qazandığı əmək haqqı qeyd olunmuşdur. - Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 60 nömrəli arayışdan görünür ki, İddiaçı 1993-1997-ci illərdə sabiq Narçılıq kolxozunda işləyərək qazandığı əmək haqqı qeyd olunmuşdur. - Bərdə rayon İcra Hakimiyyəti başçısının Şatırlı kənd X18 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 545 nömrəli arayışdan görünür ki, X1 (familiyası) eyni zamanda Məmmədova və X3 yazılmışdır. Əslində hər iki soyadı (familiyanı) daşıyan Məmmədova və X15 eyni adamdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən sənədləri araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İddiaçının əlil uşağına qulluq etməsi işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı məhkəmədən 1982-1984 və 1993-1997-ci illərdə işlədiyi illərinin sosial sığorta stajına daxil edilərək pensiya təyin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bununla bağlı iş materiallarında olan Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 60 nömrəli və Bərdə rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 652 nömrəli arayışlarını təqdim etmişdir. Həmin arayışların məzmunundan görünür ki, İddiaçı 1982-1984-cü illərdə Bərdə rayon sabiq “Şortəpə” kolxozunda və 1993-1997-ci illərdə Tərtər rayon sabiq “Narçılıq” kolxozunda işləmişdir. Məhkəmə arxiv idarələri tərəfindən verilmiş arayışları mötəbər sübut kimi qəbul edərək qeyd edir ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1982-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum adam günü normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. İddiaçının təqdim etdiyi arxiv arayışında minimum əmək günü norması (norma günü) 1982-1984-cü illərdə 150, 1993-1997-ci illərdə 160 gün qeyd edilmişdir. İddiaçı 1993-1996-cı illərdə sabiq “Narçılıq” adına kolxozda əmək günü norması yerinə yetirməklə, həmin illər üzrə 04 il, 1997-ci il üzrə isə 09 ay, Şortəpə kolxozu üzrə isə natamam şəkildə yerinə yetirdiyi üçün (64+125+142=331 (faktiki işlədiyi):150 (norma)=2 il 2 ay) 2 il 2 ay, cəmi ümumilikdə kolxozda işlədiyi müddət 06 il 11 ay təşkil etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı 1982-1984, 1993-1997-ci illərdə kolxozlarda işləyib əmək günü normasını yerinə yetirməklə, həmin illər üzrə 06 il 11 ay sosial sığorta stajı qazanmışdır. Bundan başqa iddiaçının 1997-ci ildən 2020-ci ilədək olan 23 il sosial sığorta stajı qazanması cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bu barədə yazılı izahatında qeyd etmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddət 06 il müddət daxil olmaqla, ümumilikdə 29 il sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində təsbit olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 56 yaş 06 ay olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx.xx.1963-cü ildə doğulmuş və o, xx.xx.2020-ci il tarixdə (56 yaş 6 ay) pensiya yaşına çatmışdır. İddiaçının 25 ildən az olmayan sığorta stajı olması məhkəmə baxışında öz təsdiqini tapmışdır. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiatəmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Tərtər rayon filialının üzərinə İddiaçı 1982- 1984-cü illər ərzində Bərdə rayonunun sabiq “Şortəpə” kolxozunda işlədiyi əmək normasına uyğun 02 il 02 ay və 1993-1997-ci illər ərzində Tərtər rayonunun sabiq “Narçılıq” adına kolxozunda işlədiyi 04 il 09 ay sosial sığorta stajı və xx.xx.1997-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlıq imkanları məhdud və İ qrup əlil oğlu X8 qulluq etdiyi 23 ilin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Tel: (022) 255-58-65, (022) 265-11-17, AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 (022) 255-01-25, Faks: (022) 255-58-65 www.ganjaadministrativecourt.gov.az Elektron ünvan № 2-1(114)-1790/2020 xx xxxxxx 2020-ci il İddiaçı Hüseyin qızına X12 ünvan: Tərtər rayonu, Bayandur kəndi surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond X21 Tərtər rayon filialına ünvan: Tərtər şəhəri, Elman Səfərov küçəsi Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(114)-1790/2020 nömrəli qərarın surəti Sizə göndərilir. Qoşma: qərarın surəti « 03 » vərəqə. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar